AZƏRBAYCANIN BÖHRANDAN ÇIXIŞ VASİTƏLƏRİ

    Kategori: İqtisadiyyat Tarih: 18-07-2017, 16:14
    Zaman-zaman iqtisadiyyatda baş verən böhranlar insanlara ciddi şəkildə mənfi təsir göstərir. Bu zaman insanların maddi durumları və yaşam standartları pisləşdiyindən onlar daha az qazanıb, daha çox qənaət etməyə, o cümlədən, bir çox istək və tələbatlarını təxirə salmağa məcbur olurlar.

    AZƏRBAYCANIN   BÖHRANDAN ÇIXIŞ VASİTƏLƏRİ


    Məsələn, böhrandan əvvəl hər aylıq məvacibdən istirahət üçün ayırma edən şəxs, artıq böhran dövründə istirahət xərclərini ixtisara salaraq, onu digər zəruri istehlak şeylərinə yönəldir. Çünki, insanlar əsas və ilkin olan fizioloji tələbatları təmin olunmadan, digər tələbatlarını nəinki, yerinə yetirə, heç onun haqqında düşünə də bilmir.

    Böhran zamanı gəlirlərimiz azaldığından istehlak üçün daha ucuz və keyfiyyətsiz məhsullardan istifadə etməyə başlayırıq ki, bu da gələcəkdə səhhətimizdə ciddi xəstəliklərin yaranması üçün zəmin hazırlayır.

    Böhranı zamanı gəlirlərin azalması şəraitində rüşvətxorluq və korrupsiya, vergidən yayınma hallarının sayı və qeyri-leqal biznes sahələrinə olan maraq artır ki, bu da ümumilikdə kölgə iqtisadiyyatının həcminin böyüməsinə səbəb olur.

    Böhran zamanı problem və qayğıların, həmçinin iş yerində və ailədaxilində yersiz münaqişələrin sayı çoxalır. İnsanlar xoşbəxtlik və rahatlıqlarını itirir, stress yaşayır, depressiya düşür, habelə müxtəlif əsəb xəstəliklərindən əziyyət çəkməyə başlayır. İnsanlarda işləməyə, yeniliklərə, özünü inkişaf etdirməyə maraq və istək əvvəlki səviyyədə olmur.

    Böhran zamanı toplumda emossional gərginlik, intihar və cinayətlərə meyllənmə artır. Bəzi insanlar xaotik davranışlar sərgiləməyə, ətrafındakılara şiddət və aqressiya səpələməyə başlayır. İnsanlarda bir-birinə qarşı olan inam və etibar azalır, sosial-mənəvi dəyərlər sarsılır və bunlarla yanaşı, digər çoxsaylı mənfi təsirlər ortaya çıxır.

    Hal hazırda ölkəmiz də iqtisadi böhran dönəmini yaşayır və iqtisadi böhranın yuxarıda sadalanan və sadalanmayan çoxsaylı mənfi təsirləri analoji olaraq Azərbaycanda, onun cəmiyyətində də hiss edilməkdədir. Əsəbləri tarıma çəkən, insanlara maddi və mənəvi sıxıntılar yaşadan bu iqtisadi böhranın nə vaxtadək davam edəcəyi isə bu gün Azərbaycan toplumunu ən çox maraqlandıran suallardandır. Bu yazıda bu suala cavab verməyə çalışacağam. Lakin, bu suala cavab vermədən öncə aşağıdakı 2 mühim sualı cavablandırmağımız labüddür:

    1)Azərbaycanda böhran nə zaman və hansı amillərdən dolayı yarandı?
    2)Böhranlı dönəmdən çıxış üçün ölkədə hansı iqtisadi siyasətlər yürüdülür və onların səmərəlilik əmsalı nə qədərdir?

    2014-cü ilin iyul ayından etibarən Dünya Neft bazarında qiymətlər kəskin şəkildə ucuzlaşmağa başladı və artıq həmən dönəmdən böhranın ilk simptonları Azərbaycan iqtisadiyyatında görünməyə başlamışdı. Çünki, "DNB"-də gündən-günə baş verən qiymət ucuzlaşması ilə paralel, həm də iqtisadiyyatı əsasən neftdən asılı olan Azərbaycanın da büdcə daxilolmalarının həcmində azalma baş verirdi. Ölkəyə daxil olan xarici valyuta həcminin azalması isə dövriyyədəki milli valyutanın artmasına-başqa sözlə, tədiyyə balansının pozulmasına səbəb oldu. Bu da öz növbəsində, Mərkəzi Bankı öz xarici valyuta rezervlərindən istifadə edərək, dövriyyəyə əlavə xarici valyuta buraxaraq, milli valyutanın-yəni, manatın məzənnəsini sabit saxlamağa məcbur edirdi. Mərkəzi Bank isə bu çətin situasiya qarşısında cəmi 7 ay tab gətirə bildi. Daha dəqiq ifadə etsək, "MB" 21.02.2015 tarixində devalvasiya qərarı verməli oldu. Əslində "MB"-ın bu qərarı haqlı və yerində atılmış qərar idi. Yoxsa, əksi təqdirdə, "MB"-ın valyuta rezervləri surətlə əriyib bitə bilərdi.
    Beləliklə, Azərbaycanda 2014-cü ilin iyul ayından gizli formada başlayan böhran Mərkəzi Bankın 21.02.2015-ci il tarixli qərarı ilə rəsmiyyətə mindi.

    Ölkədə devalvasiyanın baş verməsindən dərhal sonra bir çoxları təşviş halında bank hesablarındakı pulları geri çəkməyə, əlindəki vəsaitlərindən daha qənaətcil istifadə etməyə başladı. İdxal olunan məhsulların qiyməti təbii olaraq, yerli məhsulların qiymətisə dəllallar tərəfindən suni formada qaldırılıdı ki, bunun da nəticəsi olaraq inflyasiya səviyyəsi artdı. Əhalinin alıcılıq qabilliyyəti aşağı düşdü. Biznes mühiti korlandı və ölkənin investisiya reytinqi endi. Banklara xarici valyuta ilə borcu olanlar onu ödəməkdə çətinliklə üzləşdilər. Bəzi iş yerləri ya tamam qapandı, ya da ixtisarlar etmək məcburiyyətində qaldı və s. və i.

    Devalvasiyanın doğurduğu problemlər və onların idarəedilməsi mexanizminin zəifliyi, o cümlədən "DNB"-də qiymətlərin kritik həddə çatması, Mərkəzi Bankın 21.12.2015 tarixində ölkədə ikinci dəfə devalvasiyaya getmək qərarı ilə nəticələndi. Bütün bunlar isə son nəticədə ölkədəki böhranın daha da dərinləşməsinə və əhalinin rifah səviyyəsinin aşağı enməsinə səbəb oldu.

    Böhranlı dönəmdə olan hər bir ölkə kimi, Azərbaycan da böhran dönəmində öz iqtisadi siyasətini yenidən nəzərdən keçirməli oldu. Bu əsnada Azərbaycan böhrana qədəm qoyduğu ( iyul, 2014 ) tarixdən bir müddət sonra hökumət makroiqtisadi siyasətində-monetar ( pul-kredit ) və fiskal (büdcə-vergi ) siyasətində ciddi dəyişikliklər etdi. Bu barədə "MB"-ın rəhbəri E.Rüstəmov özü 15.02.2015 tarixində "Finance" qəzetinə verdiyi müsahibədə "Fiskal və monetar siyasətə bəzi düzəlişlər edilməsi çox vacibdir..."- demişdir.
    Monetar siyasət qısaca təriflə, ölkənin Mərkəzi Bankın milli valyutanın məzənnəsini idarəetməkdən və dolayısı ilə iqtisadi artıma və inflyasiyaya təsir göstərməkdən ötəri həyata keçirdiyi siyasətlərin məcmusudur. Azərbaycan Mərkəzi Bankı bu böhranlı dönəmdə "sərt monetar siyasət" yürütməyə başlamışdır. Sərt monetar siyasət zamanı "MB" uçot-faiz dərəcələrini yüksəldir ki, bu zaman insanlarda banklardan kredit götürməyə həvəs azalır, əksinə insanlar yığıma həvəslənir və banklara qoyulan əmanətlərin həcmi artır. Bu məcbu tələbi qısır və inflyasiya səviyyəsinin aşağı enməsi üçün münbit şərait yaradır. Sərt pul siyasəti vasitəsilə həmçinin, milli valyutanın dəyərinin yüksəlməsi təmin edilir. Hal-hazırda ölkədə uçot-faiz dərəcəsinin xeyli çox-15% həcmində müəyyənləşdirilməsi də yuxarıdakı məqsədlərə xidmət edir. Bunlarla yanaşı,hal-hazırda "AMB"-ı tərəfindən milli valyutaya olan etimadı və maliyyə-bank sektorunun dayanıqlılığını təmin etmək üçün monetar siyasətin müxtəlif alətlərindən istifadə olunmaqdadır.

    Fiskal siyasətə gəlincə, bu siyasət məzmunca dövlətin iqtisadiyyata təsir göstərmək üçün gəlir və xərclərini tənzimləməsindən ibarətdir. İqtisadiyyatın mövcud vəziyyətinə (sabit, böhranlı) uyğun olaraq, onun başqa-başqa növlərindən istifadə olunur.

    Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadiyyatı əsasən neftdən asılıdır və büdcə gəlirlərinin böyük qismi neftdən gələn gəlirlər hesabına formalaşır. Bu isə o deməkdir ki, neft qiymətlərinin enişi, həm də büdcə daxilolmalarımızın həcminin azalmasıdır. "DNB" də baş verən proseslərdən sonra isə Azərbaycan dövlət büdcəsində çatışmazlıqlar və iri kəsr yaranma təhlükəsi meydana çıxdı ki, hökumət bunu önləmək üçün büdcə daxilolmalarını maksimumlaşdırmağa, xərclərini isə minimumlaşdırmağa başladı. İndiki dönəmdə Azərbaycanda həyata keçirilən fiskal siyasəti mahiyyətcə elə bundan ibarətdir. Bu isə bir çox makroiqtisadi problemlərə (investisiya mühitinə, iqtisadi aktivliyə) yol açmaqdadır.

    Azərbaycanda son illər ərzində həyata keçirilən fiskal siyasətə nümunələr göstərməli olarsaq:

    - Kommunal ödənişlərin miqdarının artırılmasını;
    - Cərimələrin, rüsumların,xüsusən də vergilərin miqdar və həcminin artırılması;
    - Bəzi dövlət orqan və müəssisələrinə "Public hüquqi şəxs" statusunun verilməsi. Qeyd edək ki, "Public hüquqi şəxs" statusu verilən orqan və müəssisələrə ehtiyac yaranmayadək dövlət büdcəsindən ayırmalar edilmir. Onlar öz-özlərini maliyyələşdirməlidir. (nümunə kimi bax: Dövlət İmtahan Mərkəzi) ;
    - Pensiya yaşının artırılması,əmək haqqı və təqaüdlərin stabil qalması;
    - Bəzi sosial layihələrin yarımçıq qalması və ya təxirə salınması və s. göstərə bilərik.

    Böhranlı dönəmdə Azərbaycanda fiskal və monetar siyasətin böhran vəziyyətinə uyğunlaşdırılması ilə yanaşı, ümumi səviyyədə iqtisadi siyasətdə müəyyən dəyişikliklər edilir, anti-böhran tədbirləri həyata keçirilir və bu istiqamətdə digər müvafiq preventiv addımlar atılır. Lakin, birmənalı olaraq deyə bilərik ki, bu səylər Azərbaycanı böhrandan çıxarmaq iqtidarında deyil. Ona görə ki, son illər ərzində Azərbaycanda böhran əleyhinə keçirilən bütün tədbirlər, siyasətlər birbaşa olaraq nəticəyə yönəlmiş, böhranı doğuran səbəblər isə bir kənarda qalmışdır. Səbəbə yox, məhz nəticəyə yönəlinən istənilən fəaliyyətdənsə, ciddi uğur gözləmək olmaz. Bunu nümunə üzərində daha dolğun izah edək:

    Fərz edək ki, bir insan yaşadığı qeyri-sağlam mühitdən (şəraidən) dolayı hər hansı bir xəstəlikdən əziyyət çəkməkdədir. Bu zaman o, həkimə müraciət edib, müalicə almaq istəsə də hər hansı ciddi bir nəticə əldə edə bilmir. Çünki, həkimin müalicəsi xəstəliyi doğuran səbəblərə yox, sırf xəstəliyin özünə(nəticəyə) yönəlib. Bu şəraitdə xəstəlik uzaqbaşı dərmanlar hesabına birmüddətlik səngiyə bilər. Lakin o tamamilə ortadan qalxmayacaq. Çünki, xəstəliyi yaradan və yaxud qızışdıran səbəblər hələ də mövcuddur. Xəstəlikdən birdəfəlik yaxa qurtarmağın tək yolu isə xəstənin yaşadığı mühiti dəyişdirmək, yəni onu doğuran səbəbləri aradan qaldırmaqdır.

    İndiki durumda Azərbaycan iqtisadiyyatı da "xəstə"dir. Xəstəliyin səbəbi isə iqtisadiyyatımızın neftdən asılılığı, qeyri-neft sektorunun, sənayenin zəif inkişafı, idxalatın ixracatı üstələməyi və s.-dır. Böhran məhz bu amillərdən dolayı yaranmış və yaxud belə şiddətli hal almışdır. Bu böhranı yaradan problemləri yox, onun nəticələrini aradan qaldırmağa yönəlik yürüdülən hazırkı iqtisadi siyasət və tədbirlər isə böhranı aradan qaldırmaq üçün səmərəli deyil. Problemdən tək çıxış yolu iqtisadi böhranı yaradan səbəblərlə kompleks mübarizə üsulu seçmək, köklü iqtisadi—siyasi islahatlara başlamaqdadır.

    Hal-hazırda Azərbaycanın yürütdüyü iqtisadi siyasəti böhran vəziyyətində olan hər bir ölkə istifadə etsə də, bu iqtisadi siyasətlər heç bir halda, uzunmüddətli dövr üçün perespektivli ola bilməz. Çünki, onlar strategiya yox, taktika səciyyəsi daşıyır ki, bununla da yalnız qısamüddətli dövrdə qismən makroiqtisadi tarazlığa nail olmaq olar. Bu iqtisadi siyasətlər o zaman uğurlu ola bilər ki, onlarla paralel, böhrandan çıxış üçün yuxarıda qeyd edilən problemlərin də profilaktikası həyata keçirilisin. Yoxsa, bu cür davam etdikcə, ümumiqtisadi vəziyyətdə hər hansı bir irəlləyiş gözlənilmir. Çünki, bu iqtisadi siyasətlər yalnız "Neft qiymətləri yenidən qalxanadək vəziyyəti nəzarətdə saxlamağa" xidmət edir.

    Dediklərimizi ümumiləşdirərsək, əfsuslar olsun ki, "Böhran nə zamanadək davam edəcək? " sualına veriləcək optimist bir cavab tapa bilməyəcəyik.

    Azərbaycanda hazırda hökm sürən böhran yalnız aşağıdakı 2 halda bitə bilər:

    1) Dünya Neft Bazarında qiymətlərin yenidən arzuolunan həddə çatması şəraitində. Belə bir şey baş verərsə, böhrandan nisbətən qurtula bilərik. Lakin, bu bizi növbəti böhranlardan sığortalamış olmayacaq və "DNB"-də nə zamansa baş verə biləcək ucuzlaşmalar yenidən Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsirlər göstərə biləcək.

    2) Neftdən asılılığımızı azaltmaq,qeyri-neft sektorunu və sənayeni, habelə ixracat məhsullarımızı genişləndirmək, biznes və investisiya mühitini yaxşılaşdırmaq-bir sözlə, Azərbaycan iqtisadiyyatının dinamik və şaxələnən inkişafını təmin etməyə başlamaq. Ola bilsin ki, bu proses bir qədər uzun və əziyyətli olacaq, lakin bu bizi gələcək böhranlardan böyük ölçüdə müdafiə edəcək.



    Sakit Mahmudov

    KORPORATİZM

    XVIII-XIX əsr fəlsəfələri bəşər övladının öz yaşamına və dünyanın oturuşmuş quruluşuna müxalif düşüncələrini formalaşdırmış,...

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...



© 2017 Milliyyətçi Hərəkat