Əsl siyasətçi həm də bir ideoloq olmalıdır

    Kategori: Bloq Tarih: 6-02-2018, 14:36
    Siyasətçilik sadəcə bir peşə, fəaliyyət sahəsi deyildir. Həkim, mühəndis, bənna, tornaçı, sürücü və s.-dən fərqlənməlidir.

    Əsl siyasətçi həm də bir ideoloq olmalıdır


    Siyasətçinin məramı seçkilərdə uğur qazanmaq, seçkili orqanlarda maksimum səviyyədə təmsil olunmaqdan ibarət olmamalıdır. Çünki bu zaman insanlar, ölkə vətəndaşları onun gözündə bir səs kimi görünür. Eynilə avtobus sürücüsü sərnişinləri 20 qəpik gözündə gördüyü kimi. Sürücü bu 20 qəpiyi əldə etmək üçün dayanacaqda dayanmış adamı başqa bir dayanacağadək aparmalıdır, onun işi burda bitmiş sayılır. Normal olaraq, sərnişinin sonrakı taleyi onu maraqlandırmır. Siyasətçi isə insanları, cəmiyyətin gələcəyini düşünməlidir, bunun üçün isə o xidmət etdiyi insanları sevməlidir. Əgər siyasətçi də avtobus sürücüsü kimi bütün fəaliyyətini seçkilərdə insanların səsini almaq üstündə qursa onun etməli olduğu şey seçicilərin eşitmək istədiyi fikirləri səsləndirməkdən ibarət olacaqdır. Örnəyi, "qiymətlər aşağı düşəcək", "maaşlar, pensiyalar artacaq". Bir də cəmiyyətdə (hər cəmiyyət üçün fərqli mövzularda) daşlaşmış olan və bütün əhalini maraqlandıran bir neçə ümummilli mövzuda (məsələn Azərbaycan örnəyindəki Qarabağ mövzusu kimi) insanları məmnun edəcək bəyanat. Bü tip siyasətçilərin bir də girməyə cürət etmədikləri mövzular var. Hansı ki, bu mövzular onların səs qazanmasına mane ola bilər (məsələn din, milli kimlik və şüur, tarix və s.). Bu cür siyasətçinin topluma zərrə faydası olmaz. Əsl siyasətçi həm də bir ideoloq olmalıdır, Cəmiyyətdəki əyri-əskikləri görməli və onun aradan qaldırılması uğrunda çalışmalıdır, öz intellektual potensialının məhsulu olan yeni bir toplum modeli təqdim etməlidir. Bu modeldə hər şey onun doğru hesab etdiyi şəkildə olmalıdır (hər nə qədər subyektiv də olsa). Siyasətçi cəmiyyətdə daşlaşmış olan zərərli ənənələrə, oturuşmuş ziyanlı baxışlara, kök salmış köhnə "dəyər"lərə qarşı çıxmaqdan çəkinməməlidir. Çünki siyasətçi üçün toplum xammal rolunu oynamalıdır, onu istədiyi kimi yenidən şəkilləndirməyə çalışmalıdır. Örnəyi, Mustafa Kamal Atatürk kimi. Azərbaycan cəmiyyətinin də ən böyük problemi onun hazırda ideoloq sayıla biləcək siyasətçilərinin olmamasıdır. Ən azından hər bir siyasətçinin bir mövqeyi olmalıdır və baş verən hadisələrə də bu mövqedən, öz prizmasından baxmalıdır. Prinsipsiz, ideologiyasız, məfkurəsiz surətdə bütün dərdi hakimiyyət başına keçmək olan siyasətçilərlə yeni mütərəqqi bir toplum qurulmaz.



    Coşğun Əliyev


© 2017 Milliyyətçi Hərəkat