Yusif Akçura nəzərində Azərbaycanda türkçülər

    Kategori: teklif / Bloq Tarih: 26-08-2018, 18:21
    Türkçülük nədir? Türkçülük Türk milliyyətçiliyinin adıdır. Bu səbəbdən Türkçülük sözünün Milliyyətçilik kəliməsi ilə də ifadə edə bilərik. Sadəcə olaraq Milliyyətçilik kəliməsi ümumi bir adlandırma olduğu üçün, yəni hər millətin milliyyətçisini bu adla adlandırmaq mümkün olduğundan, bizlər zamana və məkana görə yalnız Türk Millətinin Milliyyətçiliyini ifadə etmək üçün “Türkçülük” kəliməsini işlədirik.

    Biz bu yazımızda Yusif Akçuranın həyat və yaradıcılığı haqqında bilgi verməyəcəyik. Bugün insanlarımız onun həyatı haqqında az-çox fikir sahibidirlər. Bizim bu yazıda əsas məqsədimiz siyasi elmlər üzrə alim, böyük mütəfəkkir və Türkçülüyün fikir atalarından Y.Akçuranın 1928-ci ildə “Türk Yılı” dərgisində yayınlanmış olan “Türkçülüyün Tarixi” adlı məqaləsində Azərbaycanda yaşayan Türk aydınları haqqında fikirləri, özəlliklə də onları “Türkçü” olaraq tanımlamasını sizlərə xatırlatmaqdır. Maraqlıdır ki, “Türkçülüyün Tarixi” üzərinə yazılan bir məqalədə Azərbaycanda olan Türk aydınlarından ayrıca başlıq ayrılaraq danışılır. Y.Akçuranın haqqında danışdığı aydınları nədən yola çıxaraq və nə baxımından Türkçü adlandırdığını sizlərə sunmağa çalışacam.
    Y.Akçura, “Azeri Türklerinde Türkçülük: Ahund-zade Mirza Feth-Ali” başlıqlı yazısında M.F.Axundzadənin 1863-cü ildə İstanbula gələrək əlifba islahatı haqqında yazdığı əsəri sədrəzəm Keçəçizadə Fuad paşaya təqdim etməyindən və onun yazdığı əsərlərdən söhbət açır. Y.Akçura, M.F.Axundzadənin əlifba islahatı fikrini Türk dili üçün görülmüş yüksək bir əməl olaraq qiymətləndirir. O, Axundzadənin Türk dilində yazdığı komediyaları da Türk fikir və ədəbiyyat həyatında böyük bir hadisə olaraq dəyərləndirir. Y.Akçura, M.F.Axundzadə haqqında; “M.F.Axundzadə açıq bir şəkildə Türk milliyətçiliyi fikrini ortaya qoymamışdır, ancaq yazdığı komediyalarla və əlifba islahatı ideyası ilə bu qayəyə doğru addımlamışdır”sözlərini yazır. Yazılanlardan aydın olur ki, Y.Akçura, Axundzadənin özünü Türkçü olaraq tanımlamasına baxmayaraq onun fəaliyyətini ədəbi-elmi baxımdan Türkçülük olaraq dəyərləndirir. Axundzadənin özü də heç bir zaman özünü Türkçü olaraq tanımlamayıb. Bizim üçün önəmli olan Y.Akçuranın onun fəaliyyətinə baxışıdır. O dövr üçün, əlifba islahatı, Türkçə komdiayalar yazmaq sıradan bir cəhd olmadığı üçün Axundzadənin fəaliyyətinin elmi-ədəbi açıdan Türkçülük olaraq dəyərləndirilməsi məntiqli görünür.
    ​Y.Akçuranın Türkçülük axımının içərisində gördüğü və bu yöndə dəyərləndirdiyi ikinci bir şəxsiyyət Həsən bəy Zərdabidir.O, “Rusiyada ilk Türkçü gazete Hasan Beğ Zerdabi`nin Ekincisi” başlıklı məqaləsində H.Zərdabinin həyat və fəaliyyətindən, onun qurduğu “Əkinçi” qəzetindən söhbət açır. Y.Akuçara, H.Zərdabinin “Əkinçi” qəzetinin 26 sentyabr 1876-cı ildə yayınlanan 14-cü sayısında Türk dillərinin birləşdirilməsini vurğuladığından və Türk dilində təhsilin önəmi ilə bağlı davamlı yazılar yazmasından yola çıxaraq “Əkinçi” qazetini “Rusiyada ilk Türkçü qazet” olaraq tanımlamışdır. Y.Akçuranın M.F.Axundzadə və Həsən bəy Zərdabi yaradıcılığını Türkçülük olarak dəyərləndirməsi boşuna deyildir. Belə ki, Y.Akçura, bir qövmün və bu qəbildən bir şəxsin öz milliyəti ilə bağlı kültürəl olay və olqulara böyük önəm verməyə başlamasını Milliyət fikrinin o qövmdə və ya şəxsdə ortaya çıxması olaraq görür. Dil ən önəmli kültür örnəyi olduğu üçün Y.Akçura da bu məsələyə toxunanlarda milliyət hissinin artıq fikir olaraq yaşadığı sonucuna gəlmişdir. Buna görə də M.F.Axundzadə, H.Zərdabi Türk dilinin sadələşdirilməsi, Türklərin işlətdikləri əlifbanın islahı, Türk dilinin təhsil dili olması məsələlərinə toxunduqları üçün Yusif Akçura onları Türk milliyyəti hissinin şuurlu şəkildə daşıyıcıları olan Türkçülər (Türk milliyətçiləri) olaraq görmüşdür.
    ​Y.Akçura, “Siyasi Türkçülük” yarımbaşlığı altında siyasi Türkçülüyün ən önəmli fikir adamları içərsində Əli bəy Hüseyinzadəni dəyərləndirir. Y.Akçura, Ə.Hüseyinzadə fəaliyyətini dəyərləndirməyə onun 1904-cü ildə Misirdə yayınlanan “Türk” qəzetinin 56-cı sayında “A.Turani” imzasıyla yazdığı “Məktub-I Mahsus” (Özəl məktub) başlıqlı yazısından yola çıxaraq başlayır. Yazar, Ə.Hüseyinzadənin məqaləsindən yola çıxaraq onun Türk xalqlarının birliyi üçün çalışdığıqənaətinə gəlir və onun Macar Türkologu A.Vamberiyə yazdığı şeiri xatırladır:
    “Sizlərsiniz ey qömi-Macar bizlərə ixvan,
    Əcdadımızın müştərəkan mənşəyi Turan.”

    Y.Akçura, Ə.Hüseyinzadənin fikirlərindən yola çıxaraq onu müsəlman Türklər arasında “İlk Turani”, “Panturanist” olaraq tanımlayır və ondakı ədəbi Turancılığın, 1908-ci ildən sonraİstanbulda digər Turancıları, özəlliklə də Ziya Gökalpı yaratdığını irəli sürür. Y.Akçura yazısında Ə.Hüseyinzadənin “Mektebi- Tıbbiye”də (Hərbi Tibb Məktəbi) təhsil almasından, hərbi həkim olaraq minbaşı rütbəsi ilə Osmanlı-Yunan savaşlarında iştirak etməsindən, daha sonra “Devr-i Hamidi” (II Əbdülhəmid rejimi polisləri) tərəfindən izlənildiyi üçün Azərbaycana dönməsindən və 1905-ci ildə Bakıda “Həyat” qazetini çıxarmasından da bəhs edir. O, “Həyat” qəzetində yazdığı “Türklər kimdir və kimlərdən ibarətdir” başlıqlı yazısında Ə.Hüseyinzadənin məqsədinin “Türklərin bir bütünlük, bir birlik təşkil etdiklərini göstərmək” olduğunu bildirir və onun digər yazılarında keçən “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” düsturunu Türklərin bugünü üçün bulunmuş ən doğru yol olduğunu ifadə edir.

    Akçuranın “Türkçülüyün Tarixi”ndə haqqında danışdığı bir diğər aydınımız Əhməd bəy Ağaoğludur. Y.Akçura, ilk cümlədən Ə.Ağaoğluna Türkçülük cəryanında xüsusi bir yer ayırmaq lazım olduğunu vurğulayır. O, Ə.Ağaoğlunun Türk milliyyə tçiliyi fikrinə Şeyx Cəmaləddin Əfqani kimi bütün müsəlmanların, hətta bütün şərqlilərin istiqlalı qayğısı kimi bir neçə fikirlərdən arınaraq gəldiyini bildirir.
    Y.Akçura, Ə.Ağaoğlunun Şuşadakı uşaqlıq həyatından başlayaraq, onun Parisdəki təhsil aldığı illərdəki fəaliyyəti, Azərbaycan və Türkiyədəki fəaliyyəti ilə bağlı müxtəsər məlumat verir. Y.Akçura, Ağaoğlunun 1892-ci ildə Londonda toplanan Oryantalistlər (Şərqi öyrənən axım) konqresində iştirak edərək konqrensə “Şiyə məzhəbinin qaynaqları” başlıqlı monoqrafiya təqdim etməsindən və konqresinin qərarı ilə bu elmi əsərin çap olunmasından danışır və ondakı İslamın islahı, onun əslinə enilməsi cəhdlərini o dövrün Türkçülərinin ən çox üzərində durduğu məsələ olaraq təqdim edir. Ağaoğlunun, dini xurafat, toplumda qadın məsələsi üzərinə yazıları Y.Akçura üçün ətrafa saçılan ziya işığı idi. Ağaoğlunda “İrşad” qəzetini yayınlamaq məqsədi özünün də yazdığı kimi; Rus hökumətinə qarşı mücadələ edərək bütün siyasi və ümumi haqqlardan məhrum olmuş Türk millətinə bu hüquqi təmin etmək, digər tərəfdən Türk millətinin içərisində birlik yaratmaq üçün məzhəb ixtilaflarını və xüsusilə də sünni-şiə düşmənçiliyini aradan qaldırmaqdan ibarət idi. Y.Akçura, “İrşad” qəzetinin bu şəkildə fəaliyyətindən və Ağaoğlunun erməni qətliamlarına qarşı millətini qorumaq üçün yaratdığı “Difai” təşkilatının fəaliyyətindən yola çıxaraq ona Türkçülük cəryanında xüsusi bir yer ayırmaq lazım olduğunu irəli sürür.


    Türkçülüyün ən önəmli fikir adamlarından olan, Yusif Akçura H.Zərdabi “Əkinçi”sini “İlk Türkçü qazet”, Axundzadə komediyalarını “Türkçülük qayəsinə xidmət edən ilk mədəni hadisə”, Ə.Hüseyinzadəni “İlk Turançı”, “Turançılığın fikir atası” olaraq tanımlaması bizlərə deməyə əsas verir ki; Türkçülük-Turançılıq siyasi-idealoji fikrinin çıxış nöqtəsi Azərbaycan və bu fikirin öncülləri Azərbaycan aydınları olmuşlar. Bu aydınlar dövrünün ilklərinə imza atmış, millətinin imzasını millətlər içində tanıtmışlar. Nə məsləyi həkim olan Hüseyinzadə, nə Jurnalist olan Zərdabi, nə yazar olan Axundzadə, nə də Hüquq təhsil almış Ağaoğlu sadəcə məsləklərini icra edən, dövrünün siyasi-idealoji dəyişikliklərinə diqqət etməyən, sadəcə özü üçün yaşayan insanlar olmadılar. Onlar istəsəydilər əllərində olan məsləkləri ilə təqiblərə, sürgünlərə və həpslərə məruz qalmadan çox rahat həyat sürərdilər. Ancaq, onlardakı vicdan, onlardakı Türkçülük hissi onları vətən və millət qarşısında üzərilərinə sorumluluqlar almaya sövq etdi və onlar millət qarşısında üzərinə götürdükləri sorumluluqların öhdəsindən uğurlu bir şəkildə gəldilər.

    Yusif Akçuranın Türkçü olaraq tanımladığı şəxsiyyətlər öz dövrünün elit, mədəni və ciddi akademik biliyə malik insanları idi. Türkçülük onları nə məsləklərindən, nə də mədəni və elit yaşamdan ayrı salmadı. Türkçülük bu aydınlarımızın məsləklərinə amal, fikirlərinə məfkurə qatdı. Onlar Türkçülük yolunu tutmasaydılar nə məsləklərinin nə də şəxsiyyətlərinin bir önəmi qalmayacaq, istibdadın, bolşevizmin köləsi olacaqlardı.Türkçülük onlara məsləklərini və şəxsiyyətlərini ortaya qoymaq üçün meydan açaraq, onları yüksəltdi. Onların Türkçülüyü yüksəltdiyi kimi…


    MGT IH sədri
    Iskəndər Osmanlı


© 2017 Milliyyətçi Hərəkat