Milliyyətçilik nədir? (Milliyyətçilik ideologiya kimi)

    Kategori: teklif / Bloq Tarih: 27-08-2018, 15:37
    Ümumiyyətlə, ideologiya dedikdə cəmiyyət həyatına baxışda bir sistem əmələ gətirən siyasi, iqtisadi, hüquqi, əxlaqi, elmi, fəlsəfi və mədəni düşüncələr bütünü başa düşülür.

    Milliyyətçilik nədir? (Milliyyətçilik ideologiya kimi)



    İxtiyari bir ideologiyanın bu mövzularda toplumsal yaşamı tənzimləyən praktik mexanizmləri olur və bu ideologiyanın daşıyıcıları, ona tərəfdar çıxan ayrı-ayrı fərdlər cəmiyyətin məhz bu mexanizmlər vasitəsilə həyatını sürdürməsini və idarə edilməsini məqsədəuyğun hesab edirlər, sözün hər mənasında daha gözəl yaşamın məhz bu üsullarla təmin edilə biləcəyini düşünürlər.

    Hər bir ideologiyanın yaranış dövründən bu yana daşlaşmış, hazır qəlib halına gəlmiş siyasi, iqtisadi və s. baxışlar sistemi mövcuddur. Bu baxışlar və düşüncələr təbii olaraq zaman və məkan fərqlərindən doğan müxtəlifliklərə görə heç də həmişə adekvat nəticələr vermir, heç də hər yerdə məqsədə müvafiq olmur və cəmiyyəti inkişaf etdirmək əvəzinə bəzən inkişafın önünə çəkilmiş sədd rolunu oynayır, maneəyə çevrilir. Cəmiyyət həyatı dinamikdir və dəyişəndir. Həmin mexanizmlər isə statikdir və köhnəlməyə məhkumdur.

    Milliyyətçiliyin digər ideologiyalardan başlıca fərqi və üstünlüyü ondadır ki, onun vahid siyasi, iqtisadi, hüquqi və s. baxışlar sistemi yoxdur. Milliyyətçilik zamanın tələblərinə, lokal və milli şəraitə uyğunlaşan çox elastik və daim yeniləşməyi, çağdaşlaşmağı bacaran bir ideologiyadır. Daim təkmilləşir, güncəllənir və buna görə də daha rasionaldır. Məhz buna görə milliyyətçilik digər ideologiyalardan üstündür.

    Zaman və məkan fərqi, toplumlar arasındakı intellektual və mədəni fərqlər, yerli tələb və ehtiyaclar gözardı edilərək qurulan cəmiyyətlər heç vaxt inkişafa nail ola bilməzlər. Çünki cəmiyyətlər müxtəlif tarixi inkişaf yolu keçərək bugünə qədəm qoyublar və onların bugünkü problemləri də bir-birindən köklü surətdə fərqlənir. Əvvəlcədən hazırlanmış elə bir vahid resept, konsepsiya, yol xəritəsi yoxdur ki, onu istənilən cəmiyyətə tətbiq etməklə uğura və inkişafa nail olmaq mümkün olsun.

    Bugün heçkim müstəqilliyimizi bizə geri qaytarmış 80-90-cı illərin milliyyətçilərini (II nəsil milliyyətçi hərəkat) iqtisadiyyata baxışlarının öz sələfləri olan 1918-ci il cümhuriyyətini qurmuş babaları ilə (I nəsil milliyyətçi hərəkat) üst-üstə düşmədiyinə görə qınaya bilməz, onları buna görə milliyyətçilik ideologiyasından kənarlaşmaqda ittiham etmək heçkimin ağlına gəlməz, çünki bu tamamilə absurddur. Amma bugün bir liberalın, kommunistin iqtisadi baxışları 100 il öncəki sələfinin iqtisadi baxışlarından fərqlənirsə onları eyni ideologiyanın daşıyıcısı saymaq olmaz. Müxtəlif baxışlardakı bu fərqlər milliyyətçiliyin bir ideologiya kimi zamanın tələblərinə cavab verdiyinin göstəricisidir.

    Azərbaycandakı yeni III nəsil milliyyətçi hərəkatın öhdəsinə də çox məsuliyyətli bir vəzifə düşür, toplumumuzun bütün özəlliklərinə, yerli xüsusiyyətlərə dərindən bələd olmalı, yeni dünya nizamını da göz önündə tutaraq dövrümüzə uyğun bir baxışlar sistemi, konsepsiya ortaya qoymalıyıq.

    Obrazlı ifadə etsək, bir insan geyim dükanından hazır paltar alıb geyinə bilər, bir də dərzidə sırf həmin insanın əyninə biçilmiş, dəqiqliklə onun bədən ölçüləri üçün hazırlanmış paltar tikdirə bilər. Heç şübhəsiz, hazır alınmış paltarla da ötüşmək olar, amma paltarın daha rahat olması üçün onun dərzi tərəfindən məhz həmin insana uyğun tikilməsi lazımdır, ideal variant budur.

    Bax, digər ideologiyalarla milliyyətçiliyin fərqi burdadır. Digər ideologiyalar hazır düşüncələr toplusu, baxışlar sistemi təqdim edir (siyasi, iqtisadi, hüquqi, əxlaqi, elmi, fəlsəfi və mədəni və s). Milliyyətçilik isə konkret olaraq hər bir millət üçün, hər bir toplum üçün xüsusi olaraq, onun bütün spesifikliyini nəzərə alaraq baxışlar sistemi hazırlayıb təqdim edir, konkret ona uyğun "paltar tikir".

    P.S. Bir də var paltarı hazır alıb sonradan ətəyini kəsdirmək, əlini-qolunu yığdırmaq. Nəqədər çalışsan da sonda istədiyin nəticəni əldə etmirsən. Eynilə önünə "neo" hissəciyi artırılmış, mövcud şərtlərə uyğunlaşdırılmağa çalışılan qəlibli ideologiyalar kimi."


    Coşqun Əliyev

    YENİ NƏSİL MİLLİYYƏTÇİ HƏRƏKAT

    Üçüncü nəsil milliyyətçi hərəkat...

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...



© 2017 Milliyyətçi Hərəkat