Qeyri səmimi siyasət

    Kategori: Bloq Tarih: 3-09-2018, 01:24
    Bilənlər bilir, bəzi dini cərəyanlar var, Qurandan başqa bütün kitabları haram, onları oxumağı da günah elan ediblər.

    Qeyri səmimi siyasət


    Bizdə də Beynəlxalq Hüququ mütləq həqiqət, toxunulmaz doqma bəlləyiblər. Yenə Qurana belə münasibət bəsləyənlər onun ilahi qüvvə tərəfindən göndərilən kitab olduğuna səmimi şəkildə inanırlar deyə yanaşmalarında subyektiv məntiq tapmaq olur.

    Bu birilər isə bu doqma bəllədiklərinin (Beynəlxalq Hüquq) insanlar tərəfindən yazıldığını, dəyişilə bilən olduğunu (zatən bəzi hissələri də zamanla dəyişib, yenilənib, əlavələr olunub) unudublar deyəsən.

    İdeoloji görüşlərindən, siyasi baxışlarından asılı olmayaraq siyasətçinin məqsədi çalışdığı toplumun problemlərini həll etmək, sözün hər mənasında daha gözəl yaşam sunmaqdır.

    Əgər bugün uluslararası camiədə bu hüququn prinsipləri ali dəyər kimi qəbul edilsəydi, dövlətlərarası siyasət ədalətli nizam üzərində qurulsaydı, bütün münaqişə və problemlər sivil şəkildə həll oluna bilsəydi, sülh göyərçinləri, firavan, mehriban dünya olsaydı... Nə gözəl olardı!

    Ancaq belə deyil. Bizdən asılı olmayan səbəblərdən belə deyil. Dünya praktikasında görürük ki, nə ölkələrin ərazi bütövlüyü toxunulmazdır, nə millətlər sərbəst şəkildə öz müqəddəratını təyin edə bilir, nə də BMT-nin qətnamələri, beynəlxalq konvensiyalar, beynəlxalq hüquq ikili standartlar və selektiv yanaşmalar dünyasında kağız parçasından başqa bir şey deyil. Nə etməli?

    Səhər yeməyində Atlantik okeanın sahilində gözəl dəniz mənzərəsi, Günəşin şəfəq saçdığı pəncərədən görünən bir masada əyləşib qəzet oxuya-oxuya isti kofenin yudumlandığı bir bölgədə xoşbəxt həyat sürmürük. Burada siyasi rəqabət də, münaqişə də, müharibə də, diplomatik krizis də çox vulqar, məhəllə "razborka"sından da aşağı səviyyədə gerçəkləşir. Bəyənsək də, bəyənməsək də mövcud şəraitə, böyük güclərin bölgəmizə münasibətinə, düşdüyümüz duruma uyğun yanaşma ortaya qoymaqdan başqa bir çarəmiz yoxdur.

    Bu yanaşma beynəlxalq hüquqa uyğun oldu, ya olmadı, burası bizi maraqlandırmamalıdır. Çünki bu hüquq işləsəydi, heç münaqişələr də yaranmazdı, həlli bu qədər uzanmazdı. Bizi maraqlandıran sərgilədiyimiz yanaşmanın, qəbul etdiyimiz strategiyanın qoyduğumuz hədəf və məqsədlərə maksimum sürətli və operativ şəkildə yetməyimizi təmin etməsidir. Bunun üçün də əlverişli siyasi məqamda böyük güclərlə hesablaşaraq həmlələrin edilməsi gərəkdir. Başqa məsələlər bizi qayğılandırmamalıdır.

    Hər şey toplumun problemlərinin həll edilməsinə, daha yaxşı yaşam sunmağa səfərbər edilməlidir. Yoxsa kütlə üçün populizm, rusdilli kütlə üçün ayrı populizm, Avropa üçün ayrı bəyanat, Rusiya üçün ayrı ritorika irəli sürmək səmimiyyətsizlikdən ziyadə birşey deyil və bununla çox irəli getmək mümkün deyil. Əli aşından da, Vəli aşından da olmaq istəməyənlər anlamalıdırlar ki, Azərbaycan cəmiyyəti kobud dildə desək "lox" deyil. Siyasətlə maraqlanmayanı, qəti başı çıxmayanı belə aldatmaq qeyri-mümkündür ("sandık demokrasisi" bərqərar olanda hamımız bunun şahidi olacağıq). Avropa və Rusiya haqqında da bəllidir, danışmağa dəyməz.


    Coşqun Əliyev


© 2017 Milliyyətçi Hərəkat