"Azərbaycan" kəliməsi, Odər Əlizadəyə cavab

    Kategori: Bloq Tarih: 13-09-2018, 00:57
    Zaman-zaman ölkəmizin adının yaranma tarixi, mənşəyi haqqında elmi araşdırmalara, müzakirələrə rast gəlirik ki, bunlar da bəzən bir-biri ilə üst-üstə düşür, bəzən isə ziddiyyətli olur. Qədim tarixə malik bu kəlimə ilə bağlı fərqli fikirlərin olması çox normaldır, belə ki, eyni məsələ və müzakirələr başqa qədim tarixə malik ölkələrin adlarl haqqında da mövcuddur.

    MGT Türkiyə başqanı, hörmətli dostumuz Oder bəy də öz yazısında bu məsələyə toxundu. Amma, onun yazısı tarixi qaynaqlara və araşdırmalara yox, bu ada və onun daşıdığı yükə qarşı olan yadlıq hissindən qaynaqlanırdı.

    1. Azərbaycan tarixi
    Azərbaycan tarixi ümumtürk tarixinin bir qolu, hətta əsas sütunudur. Necə ki, Türk tarixi dünya tarixinin əsas qoludur. Bütün dünya ölkələrinin tarixi bir-biri ilə əlaqəli olduğu kimi, Türk dövlətlərinin də tarixi bir-biri ilə əlaqəlidir. Lakin, bütöv deyil. Orta əsrlərdə Şirvanda baş verən bir hadisə nə Tatarıstana, nə də Altaya təsir etməyib. Lakin, Təbrizlə, Ərdəbillə birbaşa bağlı olub. Yeni və ən yeni tarixdə Güneydə və Quzeydə qurulan müstəqil dövlətlər də həmçinin... Bu da onu göstərir ki, Azərbaycan tarixi müstəqildir.
    "Azərbaycan" sözünün siyasi termin olaraq 1918-ci ildə yaranmasını iddia etmək isə tarixdən tamamən bixəbər olmaq deməkdir: əvvəla, "Azərbaycan" siyasi termin yox, siyasi məkan adı kimi təsnif edilməlidir. Siyasi məkan adı kimi isə "Azərbaycan" ən azı 7-ci əsrdən etibarən işlədilir.

    2. Azərbaycan ədəbiyyatı
    Azərbaycan ədəbiyyatı da tariximiz kimi, ümumtürk ədəbiyyatı ilə əlaqəli olsa da, tamamilə müstəqildir. Belə ki, bir xalqın ədəbiyyatı başqa dillərdə danışan xalqların ədəbiyyatı ilə eyni ola bilməz. Nə uyğur qardaşlarımız Mikayıl Müşviqi anlayar, nə də biz Çingiz Aytmatovu...

    3. Azərbaycan bayrağı
    Bayraq dövləti təmsil edən millətin kimliyini yox, məhz dövləti təmsil edir. Dövlət isə onun bütün vətəndaşlarını təmsil edir.

    4. Azərbaycan xalqı
    Xalq sözü müxtəlif versiyalarda işlədilsə də, elmi olaraq tək mənaya sahibdir. Hansı ki, ingiliscə qarşılığı "people" sözüdür. Bu mənada isə ölkənin ümumi əhalisi nəzərdə tutulur. Ona görə də, yalnız "Azərbaycan xalqı" və "Türk xalqları" ifadəsi doğru və əsaslıdır.

    Mən əmin deyiləm ki, erkən orta əsrlərdə bu torpaqlarda çoxluq olaraq Türklər yaşayıb ya yox, amma əminəm ki, bu məmləkətin adı Azərbaycan olub və o dövrdə burada yaşayanlar müasir Azərbaycan xalqının və Türkman millətinin əcdadlarıdırlar.



    Əmrah Cəfərov



© 2017 Milliyyətçi Hərəkat