Türkçülüyü Alman Nasionalizminə bənzədənlərə

    Kategori: Bloq Tarih: 20-09-2018, 00:00
    Türk milliyyətçiliyi fikrinin geri düşüncəli və təhlükəli fikir olduğu, şovinistlik olduğu, ayrımçılıq yaratdığı,

    Türkçülüyü Alman Nasionalizminə bənzədənlərə


    heç bir millətə xeyir gətirməməsi, bədbəxtlik və faciələrə səbəb olması kimi fikirlərlə demək olar hamımız qarşılaşmışıq. Hətta daha irəliyə gedərək Türkçülüyü Alman Nasizminə bənzədənlər və dünya üçün təhlükəli ideologiya olduğunu sübut etməyə çalışanlar da var. Hər halda bu fikirdə olan insanların bəziləri dünyadakı və ölkədəki durumu və mövcud şərtləri göz önünə gətirmədən, tarixdən nəticə çıxarmadan birtərəfli düşünərək bu nəticəyə gəlirlər deyə düşünürəm.
    Bəziləri isə ümumiyyətlə qərəzli şəkildə bu fikri yaymağa və insanları inandırmağa çalışırlar. Bu tipə aid insanların damarlarında axan qan və genetik yaddaşları onlara bunu etməyi vadar edir. Doğruların onlar üçün elə də əhəmiyyəti yoxdur, nə edirsiniz edin, Türk düşmənliyinə var güclərilə davam edəcəklər. Toplumun hər kəsimində belələrini görmək olar. Bunlar tarixən olublar və yəqin ki, olacaqlar.


    Öncə ümumi milliyyətçilik barədə onu deyim ki, milliyyətçilik ən təbii fikirdir. Var olma, həyatda qalma və irəliləmə instinktlərinin nəticəsidir və bu instinktlər son dərəcə məntiqlidir.
    Biz doğulanda ağ vərəq kimi doğulmuruq. Minlərlə ildir babalarımızın gördüyü, eşitdiyi, yaşadığı təcrübələr genlərimiz vasitəsilə bizə keçmişdir. Genlərimiz bizə şüuraltımızda kim olduğumuzu, nə etməli olduğumuzu, haradan gəldiyimizi, nələri bəyənib nələrdən qorxduğumuzu, qısası xarakterimizi əmələ gətirən bir çox özəllikləri pıçıldayır. Həmin doğuşdan gələn özəlliklər çevrənin təsirilə birləşib bizi əmələ gətirir.
    Elm adamlarının genetika sahəsindəki araşdırmalarına görə deyə bilərik ki, genetik yaddaş artıq inkar edilməz faktdır. Bu isə milliyyətçiliyin həm də elmi tərəfdən doğruluğunun isbatıdır.


    Gələk bizim Türk milliyyətçiliyinə. Onun millətə xeyir verib verməməsi haqqında onu deyim ki, Azərbaycanı və Türkiyəni müstəqil dövlət kimi quranlar gerçək Türk milliyyətçiləri idilər. 1918-ci ildə M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Ağaoğlu öndərliyində AXC-ni quranlar, onun himnini yazan Əhməd Cavad, bəstələyən Üzeyir Hacıbəyli də, Anadolu Türklərinin Qurtuluş Mübarizəsini başladıb yekunda düşmənləri qovaraq Türkiyənin müstəqilliyini elan edən M.K.Atatürk də, TBMM üzvlərinin və ordunun komandirlərinin bir çoxu da və nəhayət 80-ci illərdə Ə.Elçibəy öndərliyində Milli Azadlıq Hərəkatını başladıb bağımsızlığımızı yenidən qazananlar da Türk milliyyətçiləri idilər. Hər üçünü hərəkətə gətirən ideologiya Türk milliyyətçiliyi idi. Deməli, milliyyətçilik fikrinin millətə xeyiri də olurmuş.

    Türk milliyyətçiliyinin kökündə Türk törəsi və inancı(Tenqriçilik) durur və Türklərin dünyaya bərabərlik və ədaləti bərqərar etmək üçün gətirildiyinə inanılır. Tenqriçiliyə görə heç bir soy digərindən üstün və ya aşağı deyil. Eləcə də Türk soyu heç bir soydan üstün sayılmır. Yəni, bəzi insanların iddia etdiyi kimi Türkçülər millətimizi digər millətlərdən üstün saymırlar, saymaqları da mümkün deyil.
    Bundan başqa təbiətin tarazlığının qorunması prinsipi də minilliklərin təcrübəsindən süzülüb gələn Törədə yer alır. Daim təbiətlə vəhdətdə yaşayan türklər təbiətdə hər şeyin insan üçün yaradıldığına yox, insanın təbiətin bir parçası olduğuna inanıblar, ondan güc alıblar. Yəni, türk inancı hazırki dövrdə insanları köləyə çevirən dini, siyasi, iqtisadi sistemlərin əksinə insanı özgür görmək istəyir, qul anlayışına tamamilə qarşıdır.
    Dəfələrlə yazılmasına və deyilməsinə baxmayaraq bir daha vurğulamaq istəyirəm ki, Türk milliyyətçiliyi nə Alman nasizmi, nə İtaliyan faşizmi, nə də bir başqa imperialist, şovinist fikirlə qarışdırıla bilməz, qarışdırılmamalıdır. Bu, yox olmaq təhlükəsinə qarşı özünü anlama, özünə dönmə, özünü qoruma, özününkünü qaytarma fikridir. Döyülmüş, təhqir edilmiş, bir neçə yerdən yaralanmış, halsız bir insan düşünün. Həmin insan təbii olaraq özünü düşünməli, yaralarını sağaltmalı, əvvəlki sağlam halını özünə qaytarmalıdır. Millət də onun kimidir. 25 il əvvəl Qarabağda əsir götürülən insanlar bu gün də əsirlikdə əziyyət çəkir, təcavüzlərə məruz qalırsa, soydaşlarımız ana dilində təhsil istədikləri üçün İran hökuməti tərəfindən həbslərə, edamlara məruz qalırsa, İraqın və Suriyanın şimalındakı Türklər neçə illərdi soyqırıma uğrayırsa, Uyğur Türkləri Çin işgəncəsi altında inləyirsə, məncə Türkçülük fikri son dərəcə təbii, normal və məntiqlidir. Hətta müstəqil Türk dövlətlərində belə sosial rifah, təhsil, səhiyyə arzuolunan səviyyədə deyilsə, millət elmi yoxsa cəhaləti seçmək lazım olduğundan belə əmin deyilsə ən təbii fikir yenə milliyyətçilikdir. Düşünürəm ki, Türkçülük fikri millətin məhvolmasına göz yummamaqdır. Bunu nə dərəcədə bacarıb bacarmayacağımız artıq başqa mövzudur.


    Dəyanət Əliyev


© 2017 Milliyyətçi Hərəkat