Humanizmin əks qütbü

    Kategori: Bloq Tarih: 12-10-2018, 00:12
    Humanizm...İnsanlığın mərkəzi hissi...Ruh zənginliyini özündə ehtiva edən, insanlarda maddi dünya üzərində köklənmənin qarşısını alaraq, mənəvi aləmə sövq edən yol...

    Humanizmin əks qütbü


    Nəfsə hakim olmaq, maddi dünyanı sərhədləmək, mənəviyyatı genişləndirməyə atılan müsbət addımlar... Humanizm xeyirxah istəklərin və məqsədlərin məğzini ifadə edir, həmçinin püxtələşmiş insanın dəyərli xarakterini yaradan hislərin məcmusudur. Fikrimcə, humanist baxışlı, humanist qəlbli insanlar cəmiyyətin ən güclü silahıdır.
    Bəs bu gün cəmiyyətimiz nə dərəcədə humanistdir?!
    Müasir dövrdə cərəyan edən bəzi hadisələrə nəzər salsaq, bir çox hallarda humanizm faktorlarının pozulduğunu aşkar edə bilərik. Bir sıra ölkələrdə iqtisadi, siyasi, sosial və digər səbəblərdən dolayı baş verən müharibə,münaqişə,qırğınlar humanistlik prinsiplərinin zədələnməsinə yol açır. Ən bariz nümunələrdən biri olaraq 2011-ci ilin mart ayından bəri davam edən Suriya Vətəndaş Müharibəsini göstərmək istərdim.İllərdir davam edən müharibədən milyonlarla insan zərər çəkmiş və hələ də çəkməkdədir. Müasir cəmiyyətdə bu tip antihumanist hadisələrin ən böyük şahidləri məhz suriyalı əhali, ən böyük sübutu isə hələ humanizmin nə demək olduğunu anlamayan uşaqların göz yaşları, məzlum baxışlarıdır...

    Belə ki,1994-cü ildə Ruandada,1995-ci ildə Bosniyada, 2003-cü ildə Sudanda baş vermiş bu tip hadisələr hal-hazırda yenidən özünü Suriyada göstərir.Artıq 8-ci ilinə daxil olacaq ki, Afrika qitəsinin bəzi ölkələrində baş verən konfliktlər partlayışlar, hücumlarla xarakterizə olunur.Təxminən 3,4 milyon insan ağır şəraitdə yaşayır. Suriya və Qəzzadakı münaqişələr burda yaşayan uşaqların həyatına da dağıdıcı təsir göstərir.1,2 milyondan çox Suriyalı uşaq cinayətin ,cinsi təcavüzün, məktəb və xəstəxanalara olan hücumların, aclıq və səfalətin qurbanıdır.Bu dəhşətli vəziyyətin şahidi olan BBC müxbiri Lyse Doucet Suriyadan olan 6 uşağın həyatını müşahidə edib və müharibələrin qarşıdan gələn onilliklərdə uşaqların gələcəklərini necə formalaşdıra biləcəyi barədə mülahizələrini bölüşərək, münaqişələrin və vəziyyətin ağırlığının real həyatda televiziya ekranlarında olduğu kimi görünmədiyini vurğulayıb. Syed adlı 12 yaşlı qızla söhbəti zamanı qız təcili yardım maşınında qardaşı ilə birlikdə oturarkən onun sağ qalacağını düşündüyünü, özünü yaxşı hiss etdiyini söyləyib. Halbuki, xəstəxanaya çatarkən onun kiçik qardaşı Mohammad artıq keçinibmiş. Eyni gündə Syedin 3 əmi-dayı uşağı həlak olub.Syed bütün bunları müxbirlə söhbəti zamanı ağlayaraq söyləmişdir.
    Eyni zamanda müxbir Safi adlı suriyalı bir uşaqla da görüşüb və Safinin acınacaqlı taleyinin çox cüzi bir hissəsini kəlmələrlə qeyd edib: “Məktəbdə oxuyarkən Suriya rejiminə aid təyyarələr tərəfindən Safinin məktəbinə barel bombası atılıb. Yaşadığı kənd bombalandığından bütün kəndlilər oradan qaçıb. Bu hadisədən bir ay əvvəl isə başqa bir hücumda evinin pəncərələri qırılmış, bombanın ətrafa səpələnən şrapnel hissələrinin bəziləri Safinin üzünü parçalamış, bir qismi hələ də belindədir. Safi üzündəki şrapnel yarasına görə dostları arasında ondan qorxub onunla oynamaq istəməyənlər olduğunu deyir. Safi həkim olmaq istəyir. Bunun səbəbini isə "yaralanan uşaqlara, böyüklərə kömək etmək, həyatlarını xilas etmək" kimi açıqlayır.”...
    Ancaq düşünsək ki, Syed,Safi və onlarla ortaq taleyi paylaşan uşaqların digər dinc ölkələrdəki yaşıdları vaxtlarını dostları ilə oyun oynayaraq, əylənərək keçirirlər...Sizcə də oyun oynamaq, əylənmək, doyunca yemək, gözəl geyinmək o uşaqların da haqqı deyilmi?! Məncə 12 yaşlı Syed, Safi və onlar kimi milyonlarla uşaq da əyləncəli atraksion oturacaqlarında əyləşməyə layiqdir...

    Yalnız Suriyada deyil, İraqda, Əfqanıstanda, Liviyada və başqa yerlərdə uşaqlar və ya onların anaları, ataları ölməyə, müharibədə yetim qalanların sayı getdikcə artmağa davam edir. Milyonlarla uşaq məktəbə gedə bilmir, kifayət qədər qidalanmır, səhiyyə xidmətlərindən məhrumdur. Hər an ölüm qorxusu ilə yaşayırlar.Suriyalı uşaqların içində olduqları vəziyyət xəbərlərdə ayrıca yer alır. İnsanlar hər gün yanıb dağılmış evləri, güllələnmiş uşaqları yuxulu gözlərlə izləyirlər. İnsanların bir çoxu internetdə müharibənin acılarını ortaya qoyan xəbərləri, rəsmləri görsələr də bunlara çox baxmırlar. Baxsalar da tez unudur, unutmaq istəyirlər. Halbuki insanlar öz uşaqlarının üzərinə titrədiyi kimi suriyalı uşaqları da düşünməlidirlər. Bu insanlar oturduqları yerdən qalxıb bir neçə günlüyünə Suriyaya gedib oradakı müharibənin səbəb olduğu dəhşəti və qorxunu yaşamış olsalar eyni laqeydliyi davam etdirə bilərlərmi?! Hər insan eqoistliyi tərk edib, dünyadakı məzlumların problemlərinə məlhəm olmaq üçün cəhd etməlidir. Bütün dünyada sevgini, sülhü, qardaşlığı, ədaləti, mərhəməti, şəfqəti yaymaq üçün ciddi səy göstərməliyik. Belə bir vəziyyətdə bizim,humanizm tərəfdarlarının yeganə şüarı “Bir daha Heç vaxt “ olmalıdır, hərəkət etmək vaxtıdır...Çünki, üzgün və ümidsiz hiss etmək asandır, ancaq heç nə etmədən dayanmaq humanizmə edilmiş ən böyük əzabdır. Bizim ən önəmli missiyamız gülüşümüzdən suriyalı uşaqlara pay vermək, gözümüzü yumub, ruhumuzu dinləyərək onlara əl uzatmaq, onları acınacaqlı həyatlarından xilas etmək olmalıdır. Məhz bu səbəbdən #1Syriaisthemostdangerousplacetobeachild həştəqi yaradılmışdır. Həmçinin Help Children in Syria, Save The Syrian Children başlıqlı saytlar məhz suriyalı uşaqların acınacaqlı vəziyyətini dünyaya nümayiş etdirmək, cəmiyyəti antihumanizm faktlarından xəbərdar etmək məqsədi güdür.Biz də bu məqsədə xidmət edənlərdən olmalıyıq.Hər şeydən əvvəl uşaqları işgəncə edərək öldürəcək qədər vicdanları kütləşdirən ideologiyaların olduğunu dərk etməli, bunları silahla yox etməyə çalışmaq əvəzinə fikri yolla susdurmalıyıq. Şəxsi və ya milli maraqların nə qədər əhəmiyyətli olursa olsun, bir insan həyatından qiymətli olmayacağını izah edərək insanların vicdanlarına xitab etməliyik.
    Çünki vicdanlar danışmazsa, uşaqlar da ölər...


    İlkanə İslamova
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi


© 2017 Milliyyətçi Hərəkat