Qərbə yön verən böyük cəhalət: İslamafobiya

    Kategori: Bloq Tarih: 12-10-2018, 21:26
    İlk öncə fobiya nədir sualına cavab tapaq. Fobiya dayanıqlı şəkildə qorxunun yaranması prosesidir.

    Qərbə yön verən böyük cəhalət: İslamafobiya


    Bu proses insanın beyninə olunan təzyiqlə əlaqədar olaraq formalaşır. Bu təzyiq insanı anormal vəziyyətə salır. Fobiyanın bir çox qəribə növləri vardır. Bunlardan biri də islamafobiyadır.
    İslamafobiyanın formalaşması İspaniyanın Əndəlus bölgəsinin ərəblər tərəfindən işğal edildiyi dövrlərə söykənir. Belə ki, həmin dövrdə kilsə xadimləri Səlib yürüşlərinə əsgər toplamaq məqsədilə islamın xristianlıq üçün çox böyük bir təhdid olduğunu təbliğ etdilər və islamafobiyanın formalaşmasının əsasını qoydular. Yalnız dinlərarası dialoq qurulduqdan sonra bu tendensiya Qərbdə tədricən zəifləməyə başladı və bir neçə əsr ərzində özünü büruzə vermədi. XX əsrin 90-cı illərində islamafobiyanın yenidən gündəmə gəlməsinə bir çox amillər təsir etmişdir. Bunlardan başlıcası məşhur amerikalı sosioloq və politoloq Samuel Hantinqtonun adı ilə bağlıdır. Belə ki, onun məşhur «Mədəniyyətlərin qarşıdurması» məqaləsi Avropada, eləcə də Amerikada islamafobiyanın daha çox danışılmasına səbəb oldu.
    İslamafobiyanın xristian dünyasında ən sürətli artımı isə Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları ilə əlaqədardır.

    Bəs İslamafobiyanın miqyasının genişlənməsinə səbəb olan , İslamı dünyaya terrorçu dini kimi tanıtmağa çalışanlar kimlərdir?
    Burda həm ideolojı, həm də siyasi səbəblər var. Əslində İslam adı altında terroru törədənlərin özləri daha çox elə xristian Qərbdən qaynaqlanan insanlardır. Yəni o təşkilatların dərinliklərinə gedib çıxanda görürük ki,onlara hər cür dəstək verən qurumlar Qərbin özündədir.
    Təəssüflə qəbul etməliyik ki, İslama qarşı olanlar öz istəklərinə çatırlar. Qərb cəmiyyətində irqçi və radikal millətçi dairələrin səyi nəticəsində İslamafobiya hər ötən gün daha da güclənir. Bunun qarşısının alınması islam cəmiyyətinin başlıca məqsədidir.
    İslamafobiyanın qarşısının alınması üçün bu anlayışa zidd olan iki anlayışı: tolerantlıq və multikulturalizm anlayışlarını hər kəsə aşılamaq lazımdır.

    Tolerantlıq - dözümlü olmaq mənasına gəlir. Yəni hər hansı bir qərb dövlətinin əhalisi həmin dövlətin ərazisinə digər dövlətlərin əhalisi gəldiyi zaman bir qədər səbr göstərirsə onlar fəxrlə özlərinə «tolerant xalq» deyirlər. Əslində bu fəxrlə qeyd olunacaq bir amil deyil. Çünki səbr göstərmək, dözmək heç də tolerantlığın əsas şərtlərindən deyil. Vacib olan öz ərazində məskunlaşan köçmə əhalini demək olar ki öz əhalinin vətəndaşlarından ayırmamaqdır.
    Məgər biz, bir azərbaycanlı türkü olaraq, ölkəmizdə yaşayan ruslara, yəhudilərə və s. millətlərə “dözürük”? Xeyr, biz onları heç vaxt özümüzdən ayırmamışıq, özümüzünkü bilmişik. Bu həmişə belə olmuşdur və həmişə də belə olacaqdır. Hətta tarix boyu öz xain qonşularımızı, onların ölkəmizdə yaşayan nümayəndələrini də göz üstündə saxlamışıq.
    Tolerantlıq islamın ümumi prinsip və təlimatları ilə səsləşən metoddur. İslam tarixinin bəzi dövrlərində qeyri-müsəlmanlara münasibətdə məhdud sayda ayrı-seçkilik hallarına rast gəlinib. Təbii ki, bu, islamın tolerant ruhundan uzaq məsələdir. İslam tolerantlığa əsaslanan dəvət fəaliyyətidir. Dəvət isə təhkimçiliyə, məcburiyyətə deyil, qənaətbəxşliyə əsaslanır.
    Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
    Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
    Bu da onu deməyə əsas verir ki, bu gün islamafobiyanı özünün təbliğat ruporuna çevirən bəzi dövlətlərin islam dinindən əsla xəbərləri yoxdur. Çünki onların daxilindən gələn nifrət, heç də islamın əsasları ilə bağlı deyil, bilavasitə islamafobiya ilə bağlıdır.
    Bu baxımdan Azərbaycanda mövcud olan tolerant və multikultural mühit də, islamafobiyanın qurbanı olan bir çox dövlətlər üçün anlaşılan deyil. Buna görə də, dünya dövlətlərinin Azərbaycana olan marağı gündən-günə artır. Azərbaycan isə bütün bu məsələlərdə dünyaya nümunə ola biləcəyini artıq dəfələrlə sübüt edib. Çünki islamafobiya nə islam dünyası, nə də Azərbaycana xas bir xüsusiyyət deyil. İslamafobiyaya tutulanlar da bundan nəticə çıxarmalıdırlar.


    Həmid Həmidli
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tələbəsi


© 2017 Milliyyətçi Hərəkat