İqtisadi böhrana doğru addım-addım...

    Kategori: Araşdırma Tarih: 28-10-2018, 22:09
    Tarix göstərir ki, iqtisadiyyatın inkişafı düzxətli-bərabər deyil, dövri xarakterlidir.

    İqtisadi böhrana doğru addım-addım...


    İqtisadiyyat periodik olaraq geriləmə, depressiya, canlanma və artım yaşayır. Uyğun olaraq, iqtisadi artımda müəyyən ardıcıllıq var. Dövrün aşağı fazasında - böhranda olan iqtisadiyyata məhsul istehsalının artıqlığı, qiymətlərin və gəlirlərin düşməsi, sahibkarların kütləvi müflisləşməsi, sərmayələrin azalması, istehsal həcmlərinin və ehtiyatın azalması, əməyə ehtiyacın azalması, əhalinin böyük hissəsinin işsizliyi, səhmlərin məzənnəsinin düşməsi xasdır. İqtisadi böhrana səbəb olan bir çox səbəblər var.
    Məsələn qərbdə formalaşmış istehlak cəmiyyəti uyğun qiymətlər və dəyərlər sistemi ilə səciyyələnir. "Ye, iç, geyin, dinlə"- indi hər yerdə eşitdiyimiz reklamlar belə səslənir. Reklam təklif edir: "Al məni - xoşbəxt ol". Reklam aqressiv və lazımsız şəkildə insanların psixikasına təsir göstərir: istehlak krediti təklif edir, endirimlər edir və s. Reklam mütəxəssisləri yeni reklam texnologiyaları tətbiq etməklə insanın şüuraltına təsir edirlər: Reklam vaxtı səsin gücləndirilməsi, filmin və ya idman yarışının ən maraqlı yerində reklamın göstərilməsi.

    Daha sonra -Şoppinq çağdaş dünyanın xəstəliyinə çevrilib - hətta Yeni il bayramı kimi bayramlar belə başdan-ayağa şoppinqə çevrilib. Bu şoppinqdə insanlar öz hisslərini, qoxularını və sosial həyəcanlarını boğurlar. Bu cəmiyyətdə sadə insana yer yoxdur. Həmin cəmiyyətdə mütləq qəhrəman və varlı, gözəl və uğurlu olmalısan, əgər işlər elə getməsə də, ətrafdakıların gözündə elə görünməlisən. Özü də heç bir dəxli yoxdur ki, sən tələbəsən, ofisiant və ya dizaynersən.
    Qərb həyat standartlarına görə, sən istehlak etməlisən və sənin istehlakın dərin həzz və qürur gətirməlidir. Çünki bizim ətrafımızı tamamilə başqa ölçülərlə yaşayan uğur qazanmış insanlar əhatə edir. Onlar okeanlarda istirahət edir, "Rols Roys"larda gəzir, qollarına "roleks"lər taxırlar və reklam bu cür həyati dəyərləri bütün insanlığa qəbul elətdirməyə çalışır.
    Reklam "Gözəlliyə toxun" adı altında qeyri-adi attraksion təklif edir. Yəni sən yalnız elitanın imkanı çatan əşyaları əldə edə bilərsən. "GUCCİ" köynəkləri, "DOLCA&GABBANA" paltosu, "NİKE" corabları, "Luis Vyutton" çantası və s.Hər şey mütləq adlı olmalıdır. Əgər sən özünə belə xərcləri rəva görmürsənsə, "Sisley", "Benneton" və ya "Lakosta" kimi daha demokratik brendlərlə kifayətlənə bilərəsən, vəssalam.
    İstehlak prosesi bizə görünməmiş həzz verməlidir və bu cür xərclərin artıq həzz vermədiyi yuxarı sinif insanlara yaxınlaşdırmalıdır, axı onlar butiklərdən əşyaları biz supermarketdən ərzaq aldığımız kimi ala bilirlər. O zaman isə az qala mənzil qiymətinə satılan saatlar və ya qəsrlər, yaxtalar, adalarda yerləşən villalar işə düşür. İstehlak cəmiyyətində hər bir fərd bütün düynaya sübut etməlidir ki, nəyə qadirdir, əgər işi və nailiyyətləri buna yetmirsə, onda adlı brend əşyalara malik olması ilə öyünməlidir..

    Və beləliklə biz tez-tez alimlərin və ekspertlərin müxtəlif müzakirələrində yaxın zamanda bizi energetika böhranı gözlədiyini, əlimizdə olan resursların tezliklə tükənəcəyini eşidirik. Bu qayğı ciddidir və tam əsaslıdır, ancaq bununla belə, əlimizdə olanları yırtıcı kimi istifadə edirik. Əgər dəb sənin hələ on il də sürə biləcəyin avtomobili üç ildən sonra dəyişməyi tələb edirsə, deməli, həmin müddətdə sən bir yox, dörd avtomobil almalısan.
    Düşünmək lazım deyil ki, həmin avtomobilin istehsalı üçün istifadə edilən hər şey təkrar istehsala yönəldilir. İstehsala sərf edilən materialların böyük hissəsi, o cümlədən enerji resursları, yəni metalın əriməsindən tutmuş utilizəyə qədər sərf edilən enerji atmosferə uçaraq dünya məkanının istiləşməsinə səbəb olur. Və lazım olandan dörd dəfə artıq enerji sərf edilir ki, bunu baza tələbatının ödənməsi baxımından heç cür məntiqli saymaq mümkün deyil. Əgər biz resurslarımızın məhdud olduğunu anlayırıqsa, niyə məntiqli və layiqli yaşamağa lazım olandan artıq xərcləməliyik?..
    Bir çox alimlər hesab edirlər ki, istehlak iqtisadiyyatı şəraitində doğulmuş və böyümüş insanlara özləri ilə bağlı nələrisə dəyişməyin vacibliyini izah etmək mümkünsüzdür. İstehlak iqtisadiyyatı və onun maraqları baxımından yaradılmış informasiya məkanının quruluşu insanları öz yaşamlarında köklü dəyişikliklər etməyin gərəkliliyi barədə düşünməkdən uzaqlaşdırır.
    Ancaq silahlanma, ölkələrin nəhəng və istehsala yararsız hərbi xərcləri, insanlığın aclıq, yoxsulluq, savadsızlıq, xəstəliklər, təbii fəlakətlər, ekoloji və iqlim kataklizmləri kimi qlobal problemləri ilə yanaşı, dünya iqtisadi böhranları da bəşəriyyət qarşısında yaranmış problemlərin həlli üçün səyləri birləşdirməyi tələb edir. Əks halda təkrarlanan və dərinləşən dünya iqtisadi böhranları bütün insan sivilizasiyası üçün öncədən düşünülməyən nəticələrə gətirə bilər.


    Tunay Rzayev
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi


© 2017 Milliyyətçi Hərəkat