İnsan inkişafı və ətraf mühitin qarşılıqlı əlaqəsi

    Kategori: Araşdırma Tarih: 28-10-2018, 22:41
    Ölkələrin iqtisadi artımında iqtisadi inkişafında insan amili mühüm yer tutur.

     İnsan inkişafı və ətraf mühitin qarşılıqlı əlaqəsi


    Insan maddi və mənəvi nemətlərin yaradıcısı, iqtisadiyyatının inkişafının əsas amilidir. Hər bir ölkənin sərvəti onun insanlarıdır. Müasir dövrdə insan amili, insan kapitalı, insan resursları anlayışlarından geniş istifadə olunur və bu anlayışların əsas məqsədi dövlətin, şirkət, idarə, müəssisə və firmaların istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məsələlərin həllidir. “Biz təbii ehtiyatları insan ehtiyatlarına çevirməliyik” son illərin yeni tendensiyaların biridir. Bu tendensiyanın mahiyyəti dövlətlər daha çox iqtisadiyyatda insanın yaratdığı dəyər və iqtisadiyyatın insana yönəldilmiş investisiyasını daha prioritet sayır. Çünki təbii ehtiyatlar tükənən, insan ehtiyatları isə tükənməz sərvətdir.Təbii ehtiyatlardan istifadə etdikcə onlar tükənir, lakin insan ehtiyatları, insan resursları istifadə olunduqca daha çox dəyər qazanır və qazandırır. Bu iki resurs arasında tərs mütənasibliyin səbəbi də məhz burdan qaynaqlanır.

    Ölkələrin inkişaf səviyyəsi onun sərvətlərinin-insanlarının inkişafı ilə birbaşa olaraq əlaqəlidir.Onu da qeyd etmək lazımdır ki, 1970-ci illərdən başlayaraq 90-cı illərə qədər dünyada inkişaf səviyyəsi deyəndə ölkələrdə adambaşına düşən gəlirin səviyyəsi və rifah göstəriciləri əsas götürülürdüsə, 1990-cı illərdən sora fərqli yanaşmalar ortaya çıxmağa başladı. Həmin vaxtdan İnsan İnkişafı İndeksi 3 indikatora görə hesablanırdı:

    1.əhalinin orta ömür müddəti;
    2.Əhalinin təhsil səviyyəsi;
    3.Əhalinin layiqli yaşam üçün adambaşına düşən gəlir səviyyəsi.

    İqtisadiyyatda insanın necə vacib resurs olması həmin ölkədə insana yönəlik investisiyanın həcmi ilə ölçülməlidir. Çünki dövlətlər daha çox insan kapitalına görə qazanırlar, nəinki təbii resurslar hesabına. Bu bir həqiqətdir ki, cəmiyyəti dövlət zəngin etmir, insanlar varlandırırlar. Ona görə Qərb dünyası dövlətdən çox insanların güclü olmasını prioritet sayırlar. 2005-ci ildə Dünya Bankının statistikasına görə dünya iqtisadi artımının 16%-i fiziki kapital, 20%-i təbii resurslar və 64%-i insan kapitalı hesabına əldə olunmuşdur. Demək insan kapitalına yönəlik xərclərin artması həmin ölkə və dövləti zəngin edər.Bu təhlillərdə əsas məqsədim insan amilinin nə qədər vacib əhəmiyyət daşıdığını göstərməkdir Bu gün insan inkişafı konsepsiyası ən mühüm, çoxşaxəli inkişaf modeli sayılır. Konsepsiyaya görə iqtisadi artım ümumi inkişaf üçün vacib olsa da, lakin həqiqi tərəqqi üçün kifayət deyil. Artan iqtisadi sərvət heç də avtomatik olaraq insanların həyat şəraitinin yaxşılaşmasına, cəmiyyətdə bərabərliyin və təhlükəsizliyin təminatına zəmanət vermir. Buradan belə bir nəticə çıxarmaq olar ki, bəzi ölkə və dövlətlərdə sərvət artsa da, lakin insan resurslarının inkişafı heç bir irəliləyiş əldə etmir. İnsan resurslarının inkişafı üçün insanların təhsil səviyyəsi artırılmalı, insanların dəyər verdiyi sahələrdə-sağlamlıq,təmiz ətraf mühit,münaqişələrsiz ictimai həyat və s seçimləri, hüquq və azadlıqları təmin olunmalı,əhalinin həyat səviyyəsi, rifah göstəriciləri yüksəldilməlidir. Onu da qeyd edim ki, təhsil insanı təkmilləşdirən, ölkəni isə iqtisadi inkişafa aparan əsas amildir. Məhz təhsil insanı sadə işçidən yaradıcı işçiyə çevirir,istehsal problemlərinin ən optimal həlli yollarını tapmağa vadar edir.

    İnsan kapitalı hesabına hətta təbii sərvətləri yox dərəcəsində olan Yaponiya dövlətini misal gətirə bilərik ki, hal-hazırda Yaponiya dünyada İnkişaf Etmiş Ölkələrdən biridir və elmi-texniki tərəqqinin nailiyyətlərinə görə bir çox ölkələrdən öndədir. İndi isə məqaləmin ikinci və əsas hissəsi ətraf mühit və onun insan inkişafına təsiridir. Bildiyimiz kimi insan hər zaman təbii mühitdən asılı olmuşdur. Təbiət, ətraf mühit bütün dövrlərdə insan inkişafında mühüm rol oynamışdır və oynamaqdadır.Ətraf mühitin insanların sağlamlığına və uzunömürlülüyünə təsiri danılmazdır. Əvvəllər insanlar təbiətdə olan hazır məhsulları mənimsəmiş, öz tələbatlarını bu cür ödəmişlər. Lakin zaman keçdikcə insanların sayının və tələbatının artması onların təbiətə təsirini daha da gücləndirdi və getdikcə ətraf mühitə olan təzyiq onun çirklənməsinə, tarazlığın pozulmazına gətirib çıxartdı. Bizi əhatə edən təbiət, o cümlədən atmosfer havası insanların yaşamasına, fəaliyyət göstərməsinə xidmət edir, lakin eyni zamanda insanlar öz fəaliyyəti ilə, öz ehtiyaclarını ödəmək məqsədi ilə gördüyü işlərlə bilavasitə ətraf mühiti, ekologiyanı pisləşdirən yeganə varlıqdır. Ekoloji vəziyyətin pisləşməsi ilk növbədə atmosfer havasının çirklənməsində özünü göstərir. Havanın çirklənməsi dedikdə atmosferin insan həyatına və ya sağlığına təhlükə törədən, heyvanların və bitkilərin sağlığına və ya təbii həyat fəaliyyətinə ziyan vuran, metalları korroziyaya uğradan, görünməni məhdudlaşdıran, arzu olunmayan iy və qoxu yaradan qazaoxşar, maye və ya bərk maddələrlə çirklənməsi başa düşülür. İnsanların fəaliyyəti nəticəsində havanın ümumi çirklənməsinin 51 faizi nəqliyyatın payına düşür. Təbii ki, istifadə edilən avtomobillər, avtobuslar və digər qaz və neft məhsulları ilə işləyən texniki və nəqliyyat vasitələri atmosferə müəyyən miqdar zəhərli qazlar buraxmalıdır, bunsuz mümkün deyil. Amma dövlətin, cəmiyyətin marağı ondadır ki, bu qazlar qoyulmuş normativ hədləri aşmasın. Bu normativləri beynəlxalq səviyyədə müəyyənləşdirən standartlara görə atmosferə avtomobillər tərəfindən buraxılan işlənmiş qazların tərkibində ən təhlükəli və ziyanlı sayılan CO - karbon oksidi və CH - karbohidrogenlər təşkil edir. Bundan başqa avtomobillərin buraxdığı dəm qazı (CO) smoqun tərkibində olan ən zəhərlisi hesab olunur. Smoq nəticəsində havada zərərli maddələrin şiddətli konsentrasiyası bəzən ölüm hallarına səbəb olur. Məsələn, 1952-ci ildə Londonda baş vermiş smoq nəticəsində 4000 nəfər, 1984-cü ildə Hindistanın Bxopol şəhərində 2500 nəfər ölmüşdür. Smoq həmçinin minlərlə insanın ağır xəstələnməsinə səbəb olmuşdur. Smoqun bütün növləri görməni azaldır və nəfəsalma sistemini qıcıqlandırır. Bu araşdırmalardan atmosferin necə çirklənməsi və onun insan səhhətinə nə qədər ziyanlı olması məlumdur. Onu da qeyd etməliyəm ki, mən sadəcə burda atmosferin çirklənməsinin bəzi mənbələrini göstərmişəm, əlavə olaraq litosferin,hidrosferin çirklənməsi əlbəttə bioloji aləmin, o cümlədən insanların həyat səviyyəsinin aşağı düşməsinə, xəstəliklərin yaranması və yayılmasına gətirib çıxarır. Bunun üçün də ətraf mühitin mühafizəsinə diqqət yetirilməli, bu sahəyə ayrılan maliyyə vəsaiti təkmilləşdirilməli, əsaslı addımlar atılmalıdır.
    Ümumilikdə onu qeyd etmək istəyirəm ki, ekoloji problemlərin həlli yolları üçün bir neçə yoldan istifadə olunur, bu yollardan istifadə etməklə ətraf mühiti, insan sağlamlığını qoruya bilərik:

     Birinci qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və emalı, torpaqların rekultivasiyası aiddir.
     İkinci qrupa təbiəti qoruyan, prinsipcə yeni texnologiyanın işlənib hazırlanması və tədbiq edilməsi, az tullantılı istehsal sahələrinə keçmək, alınan tullantıları emal etmək, dövriyəli su təchizatı sisteminə keçmək aiddir, avrosistemlərinə keçmək lazımdır.
     İnsanların yaşadığı təbii mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çox çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi lazımdır. Onların iri şəhərlərdən köçürülməsi, əhalinin çox cəmləşdiyi rayonlardan uzaqlaşdırılması zəruridir. Təsərrüfatın ən çirkli sahələrinə kimya, neft-kimya sənayesi, qara və əlvan metallurgiya, İESlər, tikinti materialları aiddir.

    Göründüyü kimi insan kapitalı hər bir ölkə üçün vacib resursdur və bu resursu qorumaq hər bir ölkənin başlıca vəzifəsi olmalıdır. Şübhəsiz ki, ətraf mühitin zənginliyi və insan rifahının yüksəlməsinə yönəldilmiş siyasətin aparılması insan inkişafına müsbət təsir göstərən amillərdir.


    Musayeva Türkanə
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


© 2017 Milliyyətçi Hərəkat