SOYUQ MÜHARIBƏ

    Kategori: Araşdırma Tarih: 7-11-2018, 00:23
    Soyuq müharibə — Sosialist düşərgəsi ölkələri və Qərb ölkələri arasında 1945-1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyətdir. Bəzən onu "Üçüncü dünya müharibəsi"də adlandırırlar.

    SOYUQ MÜHARIBƏ


    "Soyuq müharibə"nin başlanması

    Müharibədən sonrakı vəziyyət barədə hələ son güllə səslərinin davam etdiyi vaxt düşünülürdü Dünyanın gələcəyi haqqında mülahizələr, qərarlar və öhdəliklər qəbul edilirdi. Bu cəhətdən «böyük üçlüyün» toplandığı Berlin konfransı mühüm rol oynamışdı. Konfrans 1945-ci il iyulun 17-avqustun 2-də Berlin ətrafındakı Potsdam adlanan yerdə olmuşdu. Tarixdə ona Potsdam konfransı da deyilir. Konfransda üç dövlətin — ABŞ, SSRİ və Böyük Britaniyanın başçıları iştirak edirdi. Konfransın başlıca vəzifəsi müttəfiq dövlətlərin Almaniyada siyasətini müəyyən etmək idi. Habelə Avropada sərhədlər məsələsinə baxmaq və müharibədən sonra təhlükəsizlik məsələlərini müzakirə etmək idi.
    Konfrans bütün nasional-sosialist təşkilatların buraxılması, əvvəllər qadağan olunmuş siyasi partiyaların və əsas vətəndaş hüquqlarının bərpa olunması, hərbi sənayeni məhv etmək, nasist Almaniyasının silahlandırılmasına xidmət etmiş bütün kartelləri ləğv etmək barədə qərarlar qəbul etdi.
    Almaniyanın dövlət sərhədləri məsələsi həll edildi. Şərqi Prussiya Polşa və SSRİ-yə verildi. Polşa ilə Almaniya sərhədləri Oder-Neyse çayları xəttinə keçirildi. Ümumən, Almaniyanın ərazisi 1938-ci ilə nisbətən 1/4 qədər azaldı. Almaniyadan 20 milyard dollar təzminat alınacağı müəyyən olundu. Onun da 50%-i SSRİ-yə çatmalı idi. Almaniyada maliyyə çətinliyi törənməməsi üçün onun sənaye avadanlığı ilə ödənilməsi qərarlaşdırıldı. Almaniya, habelə onun paytaxtı Berlin 4 işğal dairəsinə bölündü.

    1946-ci ildə Parisdə çağrılmış sülh konfransı (29 iyul-15 oktyabr) antihitler koalisiyası dövlətləri ilə nasist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri-İtaliya, Bolqarıstan, Macarıstan, Rumıniya və Finlandiya arasında sülh müqavilələri hazırladı. Onlar 1947-ci ilin fevralında imzalandılar.
    Dünya müharibəsi dünyanın inkişafına çox güclü təsir göstərdi, Dünyada əsaslı dəyişikliklər baş verdi. Onun ictimai siyasi mənzərəsi köklü surətdə dəyişdi. 30-cu illərdə mövcud olan 3 ictimai-siyasi sistemdən biri-totalitar faşist sistemi sıradan çıxdı, Beynəlxalq meydanda iki sistem-burjua-demokratik və sosializm sistemləri qaldı. Qalib dövlətlərdən ABŞ müharibədən çox güclü çıxdı. Müharibədən varlanan ABŞ iqtisadi cəhətdən daha da qüvvətləndi. Müharibə onun milli gəlirini artırdı, onu kapitalizm dünyasının maliyyə-iqtisadi və hərbi-siyasi liderinə çevirdi. ABŞ-ın əsas rəqibləri (Almaniya, Yaponiya) sıradan çıxmış, ya da maliyyə-iqtisadi cəhətdən ondan asılı vəziyyətə düşmüşdülər, ABŞ geniş dollar imperiyası yaratmaq imkanı qazandı. Hərbi və ideoloji cəhətdən də hakim mövqeyə keçdi. Güclü dövlət kimi onun dünya «hegemonluğu» iddiaları gücləndi. Bu iddia hələ 1945-ci ildə ABŞ prezidenti Trümenin Konqresə məktubunda açıqca bəyan edilmişdi. Məktubda göstərilmişdi ki, müharibədə qələbə Amerika xalqını dünyanı idarə etmək zəruriyyəti qarşısında qoymuşdur.
    Müharibədə ən çox maddi və insan qüvvəsi itirmiş SSRİ siyasi və ideoloji cəhətdən çox böyük nüfuz qazandı. O, dünyanın ikinci güclü dövlətinə çevrildi. O, dünya inqilabı, kommunizmin dünyada qələbəsi ideologiyasını həyata keçirməyə başladı. Bu da sovet orduları tərəfindən alman və yapon işğalçılarından azad edilmiş, onun güclü təsiri altına keçmiş ərazilərdə sovetpərəst hökümətlərin formalaşmasında, nəticədə sosialist ölkələri cəbhəsinin və sosialist istiqamətli dövlətlərin yaradılmasında özünü büruzə verirdi. Beləliklə, SSRİ-nin də dünya kommunizm inqilabı iddiaları gücləndi.

    İkinci dünya müharibəsindən sonra baş verən dəyişikliklərdən biri də dövlətlərarası münasibətlər və siyasət çərçivəsinin genişlənməsi idi. Əgər 1945-ci ilədək dünya məsələləri Avropa qitəsində həll edilirdisə, indi Asiya (Çin, Hindistan, Yaponiya), Afrika və Latın Amerikasının iri dövlətləri də burada fəal iştirak etməyə başladılar.
    Beləliklə, planetdə dünyanın inkişafına güclü təsir göstərən qarşı-qarşıya durmuş iki güclü dövlət, iki ictimai sistem meydana gəldi. Faşizmə qarşı birgə vuruşmuş müxtəlif ictimai-siyasi quruluşlu ölkələrin müharibədən sonra da birgə əməkdaşlıq arzuları və razılaşdırmaları puç oldu, Onlar arasında «soyuq müharibə» başlandı. «Soyuq müharibənin nəzəri əsasını C.F.Dallesin „balanslaşdırma“ ideyası təşkil edirdi.
    Soyuq müharibə ideoloji-siyasi mübarizə və təxribat, sürətlə silahlanma, iqtisadi təzyiq, pozucu kəşfiyyatlar, hərbi-iqtisadi yarış-rəqabət formasında aparılırdı. Tərəflər qlobal miqyasda „dinc“ yolla bir-biri ilə ölüm-dirim müharibəsi aparırdılar. Faktiki olaraq o, XX əsrin üçüncü dünya müharibəsi idi. Birinci və ikinci dünya müharibələrindən fərqli olaraq o, daha çox uzanmışdı.
    Müharibədən sonra dünyada „soyuq müharibənin başlanması üçün ilk çağırış Böyük Britaniyanın Baş naziri U.Çörçillin 1946-cı il martın 5-də Fultondakı (ABŞ) çıxışı oldu. O, kapitalist dünyasını kommunizmə qarşı birləşməyə, “səlib müharibəsi”nə çağırdı. Bununla «Soyuq müharibə» başlandı.


    "Soyuq müharibə"nin mərhələləri

    «Soyuq müharibə» müəyyən inkişaf mərhələlərindən keçmişdir:

    • 1947-1953-cü illər-ilk qarşıdurma dövrü;
    • 1953-1959-cu illər-yumşalmanın başlanması;
    • 1960-1969-cu illər — «Soyuq müharibə»nin yenidən kəskinləşməsi;
    • 1969-1979-cu illər yumşalmanın yeni dalğası;
    • 1979-1985-ci illər-axırıncı tutaşma;
    • 1985-1991-ci illər-«Soyuq müharibə»-nin sona yetməsi dövrüdür.

    «Soyuq müharibə» çağırışına cavab olaraq dünyada sürətlə silahlanma, hərbi-siyasi və iqtisadi qütbləşmə prosesi başladı. Tərəflər hərbi xərcləri artırdılar, zaman-zaman kütləvi qırğın silahları icad etməyə başladılar. Hələ 1945-ci ildə atom bombasını partladan ABŞ, 1952-ci ildə nüvə silahını sınaqdan keçirdi. O, 50ci illərin ortalarında kontinentlərarası strateji bombardmançılar flotu, 50-ci illərin sonlarında isə ilk raketdaşıyıcı sualtı qayıqları yaratdı. 60-cı illərin əvvəllərində ABŞ nüvə partlayıcısı daşımağa qadir, meydançasında təyyarələr olan zərbəvurucu atom avianosları yaratmağı genişləndirdi. «Polaris» «Minitmen» tipli raketlərlə silahlanmağa başladı. O, bu sahədə SSRİ-ni qabaqladı. 60-cı illərin sonlarında amerikanlar ilk dəfə özü nişan alan baş hissələri ayrılan raketlər, 70-ci illərdə Perşinq II raketləri, 80-cı illərin ortalarında uzaq mənzilli uçan raketlər, sonralar isə neytron döyüş vasitələri və kimyəvi binar silahları yaratdılar. 1982-ci ildə ABŞ geniş silahlanma proqramı qəbul etdi. Proqramda güclü kontinentlərarası ballistik MX raketlərinin, çoxlu «Micitmen» tipli kontinentlərarası raketlərin, minlərlə yüksək dəqiqliyi və böyük hərəkət radiusu ilə fərqlənən uçan raketlərin, raketdaşıyıcı sualtı qayıqların genişləndirilməsi nəzərdə tutulmuşdu. Sözügedən proqrama 1983-cü ildə irəli sürülmüş strateji müdafiə təşəbbüsü (SOİ) də daxil idi.
    Bunlara cavab olaraq SSRİ də öz növbəsində hərbi potensialını gücləndirməyə başladı. 1949-cu ildə ilk dəfə atom silahı, 1953-cü ildə nüvə silahı sınaqdan keçirildi. SSRİ-də müxtəlif tipli güclü raket silahları yaradıldı. O, 1957-ci ildə kontinentlərarası raketlər yaradılmasını başa çatdırdı. 1977-ci ildə SS-20 adlanan orta mənzilli raketlər yaratdı. O, ABŞ-m Perşinq II raketindən qat-qat üstün idi. Artıq 1986-cı ildə SSRİ-də 441 belə raket var idi. Bir sıra silahların gücünə və sayına görə SSRİ ABŞ-dan irəlidə idi.
    «Soyuq müharibə» şəraitində hərbi xərclər də son dərəcə artdı. Ümumiləşdirilmiş məlumatlara görə 1975-ci ildə 51 ölkənin hərbi xərcləri 340 milyard dollar olmuşdusa, 1980-cı ildə o, 598 milyard dollara çatmışdı. 1980-cı ildə NATO-nun hərbi xərcləri 240 milyard dollar, Varşava paktının hərbi xərcləri 210 milyard dollar olmuşdu. 1982-ci ildə əhalinin hər adam başına düşən hərbi xərclər isə ümumən dünyada 145 dollar, Şimali Amerika ölkələrində 797 dollar, Avropa ölkələrində 265, Latın Amerikası ölkələrində 34, Asiya ölkələrində 25, Afrika ölkələrində 22 dollar təşkil edirdi.

    SOYUQ MÜHARIBƏ



    İlk qarşıdurma Sovet rejiminin daha da gücləndiyi 1947-1953-cü illər «soyuq müharibənin ən sərt dövrlərindən olmuşdur. Sözügedən illərdə dünyanı nüfuz dairəsinə bölmək uğrunda iki güclü dövlət: ABŞ və SSRİ arasında çox kəskin rəqabət -mübarizə getmişdi. ABŞ Avropada möhkəmlənmək, bütün dünyanı öz nüfuzu altına almaq, SSRİ isə Mərkəzi və Cənub-Şərqi Avropada, Asiyada, xüsusən Çində, Vyetnam və Koreyada möhkəmlənmək uğrunda mübarizə aparmışdılar. Bu illərdə, həmçinin Koreya müharibəsi, Yaxın Şərqdə münaqişə, Hindistan-Pakistan və Hind-Çin münaqişələri olmuşdu. Çində, Vyetnamda, Koreyada və Yunanıstanda vətəndaş müharibələri, Çexoslovakiyada, Polşada, Şərqi Almaniyada sovetlərə qarşı itaətsizliklər baş vermişdi. Bu dövr Avropada Trümen doktrinasının və Marşall planının uğurla həyata keçirildiyi, Mərkəzi və Cənub-Şərqi Avropa, Uzaq Şərqin və Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində (Çində, Koreyada, Vyetnamda) sovet modelli quruluşların oturuşması dövrüdür. SSRİ 1945-1948-ci illərdə Avropada bir milyon kv. km ərazini, 92 milyon əhalini öz nüfuz dairəsinə çevirmişdi.
    Soyuq müharibənin ilk real addımlarından biri Türkiyədə və Yunanıstanda öz nüfuzunu, Bosfor və Dardanel boğazlarına nəzarətini gücləndirməyə çalışan SSRİ-yə qarşı 1947-ci il martın 12-də ABŞ prezidentinin irəli sürdüyü «Trümen doktrinası» (prezident Trümenin adı ilə bağlıdır) oldu. Sözügedən «doktrinaya əsasən ABŞ Türkiyə və Yunanıstana 400 milyon dollar kömək ayırırdı. Bu, həmin ölkələri SSRİ nüfuz dairəsindən uzaqlaşdırmaq məqsədi güdürdü. Onların ABŞ-ın xəttini müdafiə etmələrinə qarantiya verirdi,1947-ci il iyununda müharibədə zərər çəkmiş Avropa ölkələrinə iqtisadi yardım göstərməyi nəzərdə tutan „Marşall planı“ irəli sürüldü. Bu plana görə həmin ölkələrə yardım üçün 12,5 milyard dollar vəsait ayrılırdı. Bu plan üzrə Avropanın 16 ölkəsi 1948-1951-ci illərdə ABŞ-dan 17 milyard dollar kömək almışdılar. SSRİ və onun təkidi ilə Mərkəzi və Cənub-Şərqi Avropanın sovetpərəst ölkələri yardımdan imtina etmişdilər. Yardım qərbi Avropa ölkələrinə verildi. Bunun nəticəsində Avropada paralel iki iqtisadi bazar yarandı.
    Bu dövrdə müxtəlif hərbi, siyasi və iqtisadi qurumlar yaradılmışdı. 1948-ci ilin martında Qərb İttifaqı yaradıldı. İttifaqa Böyük Britaniya, Fransa, Belçika, Niderland və Lüksemburq daxil idi. O, 1955-ci ildə Qərbi Avropa İttifaqına çevrildi. Ona AFR, İtaliya, İspaniya və Portuqaliya daxil idi. 1957-ci ildə Avropa iqtisadi birliyi yaradıldı. SSRİ, Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələri öz növbəsində iqtisadi birliklər yaratmağa başladılar. 1949-cu ildə SSRİ-nin Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələrinin (SSRİ, Çexoslavakiya, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya, Almaniya Demokratik Respublikası (ADR), Albaniya) daxil olduğu Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) təşkil edildi.
    Burjua-demokratik cəbhəsindən olan iri dövlətlər dünyanın müxtəlif regionlarında hərbi-siyasi bloklar yaratdılar. 1949-ci ilin aprelində Şimali Atlantika İttifaqı (NATO) yaradıldı. İttifaqa əvvəl 12 dövlət (ABŞ, İngiltərə, Fransa, Kanada, İtaliya, Belçika, Danimarka, Norveç, İslandiya, Niderland, Lüksemburq) daxil idi. 1952-ci ildə Yunanıstan və Türkiyə, 1954cü ildə Almaniya Federativ Respublikası (AFR) daxil oldu. İndi burada birləşən ölkələrin sayı 20-yə çatmışdır. Buna cavab olaraq SSRİ və Cənub-Şərqi Avropa ölkələri 1955-ci ildə Varşava paktını imzaladılar. Pakta SSRİ, Çexoslovakiya, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya, ADR və Albaniya daxil idi. Sonradan Albaniya oradan çıxdı. 1951-ci ildə ANZYUS (ABŞ, Avstraliya, Yeni Zelandiya); 1954-cü ildə SEATO (Cənub-Şərqi Asiya ölkələri ittifaqı- (bura ABŞ, İngiltərə, Fransa, Yeni Zelandiya, Avstraliya, Filippin, Tailand və Pakistan daxil idi); 1955-ci ildə Bağdad paktı (1959-cu ildən SENTO adlandırıldı) yaradıldı. Bu pakta İngiltərə, Fransa, Türkiyə, İran, Pakistan və Iraq daxil idi. ABŞ, İngiltərə və Fransanın təşkil etdikləri sözügedən hərbi bloklara Avropanın, Yaxın Şərqin və Asiyanın 25 dövləti cəlb olunmuşdu.


    Yumşalmanın başlanması

    1953-cü ildə Stalinin ölümündən sonra „soyuq müharibə“də müəyyən istiləşmə başladı. Dövlətlərarası münasibətlərdə canlanma baş verdi. 1955-ci ilin mayında SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın Avstriya ilə sülh imzalamaları Şərq ilə Qərb arasında gərginliyin yumşaldılmasında mühüm hadisə oldu. Həmin ilin iyulunda Cenevrədə dörd dövlət başçılarının (Xruşşov, Eyzenxayer, İden və Forun) görüşü „soyuq müharibə“ tarixində yüksək dairələrdə danışıqlara yol açan „Cenevrə ruhu“nun təməlini qoydu. Sov.İKP-nin XX qurultayı, xüsusən onun müxtəlif ictimai quruluşlu ölkələrin dinc yanaşı yaşaması barədə elan etdiyi xətt sonralar „soyuq müharibə“nin yumşalmasına yeni zəmin verdi. Tarixdə bu „Xruşşov yumşalması“ da adlandırılır. 50-ci illərin sonlarında „soyuq müharibə“də qarşılıqlı təmkinlik baş verdi.
    1959-cu ildə SSRİ və Böyük Britaniya tərəfindən hamılıqla və tamamilə tərksilah barədə təkliflər irəli sürdülər. Həmin ilin sentyabrında BMT Baş Məclisi tərksilah üzrə «10-lar» komitəsi yaratdı. O, 1961-ci ildə «18-lər» komitəsinə çevrildi. Belə ki, azad olmuş ölkələrdən 8-inin də nümayəndəsi oraya daxil edildi.1961-ci ildə hər iki güclü dövlət insanın kosmosa çıxarılmasına nail oldular. Sovet vətəndaşı Yuri Qaqarin, altı ay ondan sonra amerikalı Con Qlein kosmosa çıxarıldılar.1963-cü ilin avqustunda SSRİ, ABŞ və İngiltərə arasında atmosferdə, kosmik fəzada və su altında nüvə sınaqlarının kəsilməsi barədə saziş imzalandı. Elə həmin ildə orbitə nüvə silahı olan obyektin çıxarılmaması barədə sovet-amerikan razılığı əldə edildi.

    Yeni kəskinləşmə

    1960-cı illərin əvvəllərindən „soyuq müharibə“də yenidən gərginlik başlandı. Bu Berlin böhranı, Karib dənizi hövzəsi və Hind-Çin hadisələri ilə əlaqədar idi.1961-ci ilin avqustunda Berlin böhranı (avqustun 19-da Berlinin qərbi ilə şərqi arasında hasar çəkilmişdi) və 1962-ci ilin oktyabrında Kuba ilə əlaqədar Karib dənizi hövzəsində törədilən fəlakətli münaqişə „soyuq müharibə“ siyasətinin yenidən şərtləşməsinin təzahürləri idi.
    Amerika qitəsində Kubaya özünün strateji müttəfiqi kimi baxan SSRI 1962-ci ilin yayında gizli olaraq orada orta mənzilli raketlər yerləşdirdi. Buna cavab olaraq ABŞ Kuba sahillərinə 200ə qədər hərbi gəmi göndərdi. Kuba dənizdən və havadan blokadaya alındı. SSRİ və Varşava Müqaviləsi Təşkilatına daxil olan digər ölkələr də müvafiq tədbirlər gördülər. Böhran kəskinləşdi. Nəhayət, 1962-ci ilin noyabrında Karib böhranı dinc yolla həll olundu.

    Yumşalmanın yeni dalğası

    1960-cı illərin sonu — 70-ci illərin axırları (1969 1979) soyuq müharibə tarixinə yumşalmağa doğru ciddi addımlar atılması dövrü kimi daxil olmuşdur. 1966-cı ildə SSRİ ilə Fransa arasında Avropanın təhlükəsizliyi probleminə aid bir sıra razılaşmalar əldə edilmiş, SSRİ və Kanada, Yaponiya, İtaliya və b. ölkələr arasında siyasi və iqtisadi əlaqələr inkişaf etdirilmişdi. 1970-ci ilin avqustunda SSRİ ilə AFR və dekabrda Polşa ilə AFR arasında sülh müqavilələri imzalandı. 1968-ci ilin iyununda ABŞ, SSRİ və İngiltərə arasında „Nüvə silahlarının yayılmasının dayandırılması“ barədə saziş imzalandı. 1995-ci ildə ona 178 dövlət qoşulmuşdu.

    »Soyuq müharibə«də yumşalma prosesi

    70-ci illərin əvvəllərindən başlayaraq daha da gücləndi. Bu dövr „soyuq müharibə“ tarixinə əsil yumşalma mərhələsi kimi daxil olmuşdur. 1971-ci ildə SSRİ ilə Fransa arasında əməkdaşlıq prinsipləri barədə saziş imzalandı. 1971-ci ilin fevralında Dənizin dibində, okeanda və okean altında nüvə və digər silahların toplanınasını, atılmasını və s. qurulmasını yasaqlayan saziş imzalandı.
    1972-ci il sovet-amerikan münasibətlərində dönüş ili olmuşdur. 1972-ci ilin aprelində bakterioloji və toksiki silahların qadağan edilməsi barədə saziş imzalandı. Həmin ildə raket əleyhinə müdafiə sisteminin məhdudlaşdırılması haqqında müqavilə bağlandı. 1972-ci ilin mayında ABŞ Prezidenti Niksonun Moskvaya rəsmi görüşə gəlməsindən başlayaraq 1975-ci ilədək dünya Sovet Birliyi və ABŞ arasında gərginliyin „yumşalması“ şəraitində yaşamışdı.Amerika və sovet liderlərinin 1972-ci ilin mayındakı görüşlərində SSRİ ilə ABŞ arasında qarşılıqlı əlaqələrin əsasları sənədi imzalandı. O cümlədən, raketdən müdafiə sistemini, strateji hücum silahlarını məhdudlaşdırmaq sahəsində bəzi tədbirlər haqqında müvəqqəti sazişlər bağlandı. 1973-cü ildə Moskvada və Vaşinqtonda müxtəlif sahələrdə əməkdaşlığa aid 23 saziş imzalanmışdı.
    1971-1976-cı illərdə sovet-amerikan ticarət əlaqələri 8 dəfə artdı. ABŞ iqtisadi əlaqələrdə yumşalma meylini gücləndirməklə SSRİ-də siyasi liberallaşmaya nail olmaq məqsədini güdürdü. Soyuq müharibənin yumşalmasında 1972-ci il mayın 26-da Moskvada beş il müddətinə imzalanmış SSM-1 (strateji silahların məhdudlaşdırılması) müvəqqəti müqavilə mühüm addım olmuşdu. Bu müqaviləyə görə kontinentlərarası və sualtı qayıqlardan buraxılan raketlərin sayı hər iki tərəf üçün məhdudlaşdırılırdı, 1974-cü ilin noyabrında Vladivastokda C.Fordla L.Brejnevin görüşü zamanı SSM-2 barədə də razılığa gəlindi. Lakin SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi sözügedən razılaşmanın imzalanmasına imkan vermədı. Həmin müqavilə 1979-cu ilin iyununda imzalandı.
    1972-1975-ci illərdə „soyuq müharibə“də gedən dərin yumşalma prosesi Helsinkidə (Finlandiya) ABŞ və Kanadanın da qoşulduğu Avropanın 35 dövlət başçılarının Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinin (ATƏM, indi ATƏT) Yekun aktı ilə möhkəmləndirildi.1975-ci il avqustun 1-də qəbul edilmiş yekun aktında Avropada təhlükəsizlik və əməkdaşlıq məsələsinin həllinin əsas istiqamətləri müəyyən olundu. Müzakirə iştirakçısı olan dövlətlər qarşılıqlı münasibətlərində suverenlik, zor işlətməmək və ya zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisəli məsələlərin dinc yolla nizama salınması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və azadlıqlarına hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsiplərini rəhbər tutmaq öhdəliyini götürdülər.
    Axırıncı tutaşma 70-ci illərin ikinci yarısında SSRİ Şərqi Avropada orta mənzilli raketlər yerləşdirdi. Qərb buna çox sərt reaksiya verdi. 1979-cu ilin dekabrında NATO SSRİ-dən həmin raketləri çıxarmağı tələb etdi. Əks halda 1983-cü ildə Qərbi Avropada həmin növdən olan amerikan raketlərinin yerləşdiriləcəyi bildirildi. Bununla əlaqədar kəskin mübarizə başlandı. O biri yandan, elə bu zaman SSRİ-nin Əfqanıstana təcavüzü başladı.

    „Soyuq müharibə“də gərginlik yenidən gücləndi.

    1981-1983-cü illərdə silahların məhdudlaşdırılması, orta mənzilli nüvə silahlarının genişləndirilməsinin dayandırılması barədə danışıqlar aparılsa da, lazımi nəticələr əldə olunmadı. 1983-cü ildə ABŞ „Ulduz müharibəsi“ adlandırılan „strateji müdafiə təşəbbüsü“ proqramını elan etdi. Avropada orta mənzilli amerikan raketləri yerləşdirildi. Buna cavab olaraq SSRİ strateji silahları məhdudlaşdırmaq barədə danışıqları kəsdi. SSRİ və onun müttəfiqləri Los-Anjelosda Olimpiada-84-də iştirak etməkdən imtina etdilər.
    Soyuq müharibənin ən mühüm amillərindən biri də ideoloji-siyasi qarşıdurma idi. Əslində «soyuq müharibə»nin əsasını ideoloji ayrı-seçkilik, ictimai quruluşların müxtəlifliyi təşkil edirdi. Burjua demokratiyası dünyanın indisinin və gələcəyinin ona məxsus olduğunu, marksistlər isə dünyanın sahibinin kommunistlər olacağını iddia edirdilər.
    Buna görə də ideoloji mübarizə «soyuq müharibə»nin zəruriliyini əsaslandıran əsas tutacaq idi.Bunu nəzərə alan hər iki tərəf bir-birinə qarşı ideoloji mübarizəyə, ideoloji təxribata müstəsna əhəmiyyət verirdilər. 1951-ci ildə ABŞ konqresi sosialist ölkələrində, xüsusən SSRİ-də ideoloji-siyasi təxribat üçün 100 milyon dollar vəsait ayırmışdı. «Soyuq müharibə» dövründə tərəflər ideoloji təxribat məqsədilə milyardlarla dollar vəsait sərf etmişdilər.

    "Soyuq müharibə"nin sona yetməsi

    80-cı illərin ortalarından «soyuq müharibə» siyasətinin yumşalması daha da gücləndi. Bu sosializm birliyinin, xüsusən SSRİ-nin böhran vəziyyətinə düşməsi ilə əlaqədar idi. SSRİ-də hələ 10-15 il əvvəl başlamış böhran meylləri daha da güclənmişdi, Artıq «geriləmə» mexanizmi işə düşmüşdü. Milli gəlir və iqtisadi istehsal göstəriciləri 2,5-3 dəfə azalmışdı. Artıq SSRİ hərbi, iqtisadi istehsal və silahlanma üzrə ABŞ-la rəqabət-yarışda tab gətirə bilmirdi, üstəlik inzibati-bürokratik sistemdə baş alıb gedən böhran vəziyyəti də ölkəyə böyük əziyyət verirdi. Ölkəni böhran vəziyyətindən çıxarmaq üçün yollar axtardırdı. 1985-ci ilin martında Sov. İKP MK-nın Baş katibi seçilən M.Qorbaçov əvvəlcə «sürətləndirmə», sonra «yenidənqurma» xəttini irəli sürdü. O, xarici siyasət sahəsində də yeni xətt müəyyən etdi. M.Qorbaçov beynəlxalq münasibətlərdə «yeni təfəkkür» tezisi ilə çıxış etməyə başladı. O, xarici siyasət fəaliyyətində üç başlıca istiqamət müəyyən etmişdi: tərksilah barədə ABŞ-la bilavasitə danışıqlar yolu ilə Şərq və Qərb arasında gərginliyi yumşaltmaq; Əfqanıstan da daxil olmaqla regional münaqişələri nizama salmaq; dünyadakı mövcud qaydaları tanımaq və sosialist ölkələrinə üstünlük verməmək şərti ilə bütün dövlətlərlə iqtisadi əlaqələri genişləndirmək.
    M.Qorbaçovun ABŞ prezidenti R.Reyqanla bir sıra zirvə görüşlərindən sonra (1985-ci ilin noyabrında Cenevrədə, 1986-cı ilin oktyabrında Reykyavikdə, 1987-ci ilin dekabrında Vaşinqtonda) 1987-ci il dekabrın 8-də orta və aşağı mənzilli raketlərin (ABŞ üçün: Perşing-II, VGM-109, Perşinq-IA, Perşinq-IB; SSRİ üçün SS-20, SS-4, SS-5, SSC-X-4, SS-18 və SS-23) ləğv olunması barədə saziş imzalandı. Bununla da SSRİ ilə ABŞ arasında qarşıdurma dövrünə son qoyuldu.
    1988-ci ilin aprelində Cenevrədə Əfqanıstandan sovet qoşunlarının çıxarılması barədə saziş imzalandı. 1989-cu ilin fevralında sovet qoşunları Əfqanıstandan çıxarıldı.
    Prezident C.Buşla M.Qorbaçov arasında 1989-cu ilin dekabrın 2-3-də Malta adasında, dənizdə hərbi gəmilərdə görüşlər qarşıdurmanın ləğv olunmasının dərinləşməsində mühüm rol oynadı. Bu görüşlərdə Avropa məsələlərinin müzakirə edildiyi ehtimal olunurdu. M.Qorbaçov və C.Buş arasında 1990-cı il mayın 31-iyunun 3-də Vaşinqtonda ilk rəsmi zirvə görüşündə Almaniyanın birləşməsi və onun NATO ittifaqında qalıb-qalmaması məsələləri müzakirə olundu. Görüşdən sonra ABŞ sovetlərin təhlükəsizliyinə müdaxilə etməyəcəyi barədə bəyanat verdi. Sovet rəhbərliyi Cənubi Afrikadakı, habelə İran körfəzində, Cənub Şərqi Asiya və Mərkəzi Amerikadakı regional münaqişələrinə yumşaq yanaşma siyasətinə keçdi. 1989-1990-cı illərdə Mərkəzi və Cənub Şərqi Avropa ölkələrində köklü dəyişikliklər baş verdi. Onlar burjua-demokratik inkişaf yoluna keçməyə başladılar.
    Nəticədə, Sovet-Amerika münasibətləri yaxşılaşdı. Onlar artıq bir-birinə düşmən kimi baxmırdılar. SSRİ və ABŞ belə nəticəyə gəldilər ki, aralarında olan ziddiyətləri siyasi yolla, danışıqlar yolu ilə həll edə bilərlər. Özü də, bu ziddiyətlər qlobal problemlərdən heç də çox əhəmiyyətli deyildirlər, Onları əməkdaşlıq, birgə səy və qüvvə ilə həll etmək olar və lazımdır.
    1990-cı ilin may-iyununda Vaşinqton və 1991-ci ilin iyulunda Moskva görüşləri «soyuq müharibə»yə son qoyulmasında çox mühüm addımlar oldu. Tərəflər kimyəvi silahların böyük hissəsinin ləğv olunmasını və onun istehsalından imtina edilməsini nəzərdə tutan müqavilə imzaladılar. Bu görüşlərdə tərəflər ilk dəfə təkcə strateji hücum silahlarının məhdudlaşdırılması barədə deyil, onların ixtisar olunması haqqında da müqavilə (SSM-1) imzaladılar.
    SSRİ-də, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində dəyişikliklər, Almaniyanın birləşməsi, SSRİ və ABŞ arasındakı yeni münasibətlər Avropada ümumi inkişaf prosesinə həlledici təsir göstərdi. 1990-cı ilin 19-20 noyabrında Parisdə Avropada adi silahlar haqqında çoxtərəfli müqavilə imzalandı. Varşava Müqaviləsi Təşkilatının (VMT) və NATO-nun üzvü olan 22 dövlət əməkdaşlıq və dostluq sahəsində yeni münasibətlər qurmaq barədə Birgə Bəyannamə qəbul etdilər.
    ATƏM (Avropanın Təhlükəsizliyi və Əməkdaşlığı Müşavirəsi)-in iştirakçısı olan ölkələrin yüksək səviyyədə görüşündə yeni Avropa üçün Paris xartiyası qəbul olundu. Xartiyada Avropa ölkələrinin çoxtərəfli əməkdaşlığını genişləndirmək proqramı müəyyən olundu. Paris forumu Avropada da parçalanma və qarşıdurmanın bitdiyini və dövlətlərarası münasibətlərdə yeni dövrün başlandığını bir daha təsbit etdi. Beləliklə, 1946-cı ildən etibarən başlanan «soyuq müharibə»yə 45 ildən sonra son qoyuldu. Onun başlıca nəticəsi SSRİ-nin, dünya sosializm sisteminin çökdürülməsidir.
    Buna baxmayaraq XX əsrin sonu — XXI əsrin əvvəllərində gərginlik davam etməkdədir. 2001-ci ilin sentyabrında Nyu-Yorkdakı dəhşətli terror hadisələrindən sonra terrorizm beynəlxalq faktora çevrilmişdir.
    Beynəlxalq terrorizmin mühüm istiqamətlərindən biri də informasiya inqilabına qarşı çevrilmişdir. Siyasi ədəbiyyatda bu «dördüncü dünya müharibəsi» kimi mənalandırılır. Elmi texniki tərəqqinin güclü olan ölkələrdə bu daha çox təhlükə törədir. Onlar xüsusi virus hücumları vasitəsilə istədikləri kompyuterlərin yaddaşlarını silmək, məhv etmək yolu ilə informasiya blokadası, informasiya qıtlığı yaratmaq səyləri göstərirlər. Alimlərin və siyasətçilərin fikrincə, bu, dünyanı məhvə doğru aparan ən təhlükəli «müharibə» formasıdır.


    İstifadə Olunmuş Ədəbiyyat:
    1. https://kayzen.az/blog/son-tarix/12999/soyuq-m%C3%BCharib%C9%99-nin-m%C9%99rh%C9%99l%C9%99l%C9%99ri.html
    2. https://kayzen.az/blog/son-tarix/13001/soyuq-m%C3%BCharib%C9%99-nin-sona-yetm%C9%99si.html
    3. https://www.history.com/topics/cold-war/cold-war-history
    4. https://kayzen.az/blog/son-tarix/12998/soyuq-m%C3%BCharib%C9%99-nin-ba%C5%9Flanmas%C4%B1.html
    5. https://az.wikipedia.org/wiki/Soyuq_m%C3%BCharib%C9%99



    Bədəlova Sevda İlqar qızı
    Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi.


© 2017 Milliyyətçi Hərəkat