İntibah dövrü humanisti- Makiavelli və “Hökmdar” əsəri

    Kategori: Araşdırma Tarih: 16-11-2018, 23:51
    Orta əsrlər tarixinin XIV-XVI əsrləri Avropada İntibah dövrü kimi səciyyələnir.

    İntibah dövrü humanisti- Makiavelli və “Hökmdar” əsəri


    İntibah (renessans) sözünün mənası “dirçəliş” deməkdir. İtaliyada təşəkkül tapan intibah dövrü XVI əsrdə Avropanın bir çox ölkəsinə yayıldı. İnsanı vəsf etmək, onun daxili aləmini, arzularını, həyata münasibətini, ideallarını və baxışlarını əks etdirmək dövrün əsas xüsusiyyətlərindən biri idi. İntibah mədəniyyətinin inkişafı ilə İtaliya Avropa humanizminin əsl “məktəbinə” çevrildi. Avropa ölkələrindən qabaqcıl ziyalılar bura axışırdı. Humanizm “insanpərvərlik” deməkdir. Humanizmin nümayəndələri kilsə-sxolastik təliminə qarşı mübarizədə dünyəvi elmə üstünlük verirdilər. İntibah bütün sahələrdə-həm mədəni, həm siyasi, həm də dini sahələrdə özünü büruzə verib. Fəlsəfə sahəsində N.Kuzanski, T.Mor, T.Kompanella, C.Bruno, N.Makiavelli, J.Boden və s. kimi görkəmli filosoflar fəlsəfi-siyasi biliklərin inkişafında mühüm rol oynamışlar.
    Humanizmin ən qabaqcıl nümayəndələrindən biri Nikollo Makiavelli (1469-1527) idi. O, 1469-cu ildə İtaliyanın Florensiya şəhərində, hüquqşünas ailəsində anadan olmuşdur. 1484-cü ildə Makiavelli katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu. Mediçi ailəsinin hakimiyyətinin devrilməsindən sonra o, sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur. Daha sonra o, hərbi və diplomatik işlər üzrə konsul vəzifəsinə təyin edilir. 1512-ci ildə Mediçilərin hakimiyyəti bərpa olunur, Florensiya respublikası ləğv edilir. Yeni hökumətdə Makiavelliyə etimadsızlıq göstərilir və hökumət işlərindən uzaqlaşdırılır. 1527-ci ildə vəfat edir.

    Makiavelli “Florensiya tarixi“, “Tit Liviyanın birinci dekadasının mühakiməsi”, “Hökmdar” əsərlərinin müəllifidir. Makiavellinin təlimi teologiyadan azad idi və dünyəviliyi ilə seçilirdi. Makiavelli dövləti hökumətlə vətəndaş arasında münasibət kimi nəzərdən keçirirdi və qeyd edirdi ki, dövlət allah tərəfindən deyil, adamların fəaliyyəti sayəsində yaranmışdır. Ümumiyyətlə, onun təlimində əxlaq siyasətə tabe etdirilir, məqsədə çatmaq üçün istənilən vasitə, hətta xəyanət yararlı hesab olunur. Lakin bu məqsəd hökmdar və idarə edənlərin şəxsi marağına deyil, daha çox “ümumi rifaha” istiqamətlənməlidir. Ümumi rifahı isə qüdrətli və mərkəzləşmiş dövlət həyata keçirə bilər. O iddia edirdi ki, keçmişin öyrənilməsi gələcəyi görməyə imkan verir və nə baş verəcəyini bilmək üçün keçmişdə olanları kifayət qədər öyrənmək lazımdır. “Bu ondan irəli gəlir ki, bütün bəşəri işləri insanlar özləri etmiş və edəcək də. Bu edilən işlər hökmən eyni nəticəni verməlidir”.
    Makiavelliyə dünya şöhrəti qazandıran onun “Hökmdar” əsəri olmuşdur. Əsər 1513-cü ildə yazılmış, lakin 1532-ci ildə nəşr olunmuşdur. Makiavelli əsəri Florensiyada hakimiyyətdə olan Lorenso Mediçiyə həsr etmişdir və əsərdə hökmdar üçün əhəmiyyətli olan bütün məsələlərdən- hakimiyyəti qazanma və dövləti idarə etmədən bəhs etmişdir. Makiavelliyə görə, hakimiyyətini qorumaq istəyən bir hökmdar yaxşılıq etməkdən qaçmalı və ehtiyac olduqda bundan istifadə etməlidir. Ağıllı hökmdar onu hakimiyyətdən məhrum edə biləcək nöqsanlardan qaçmalıdır. Öz xalqını itaətdə saxlamaq istəyən hökmdar zalımlıqda günahlandırılmaqdan qorxmamalıdır.
    Xüsusi mülkiyyət məsələsinə də diqqət yetirən Makiavelli bildirir ki, hökmdar nifrətdən qaçmaq üçün vətəndaşların və təbəələrin malını qəsb etməkdən mütləq çəkinməlidir, çünki insanlar atalarının ölümünü mallarının itkisindən daha tez unudurlar. Dövlətin məqsədi hər bir şəxsin mülkiyyətdən azad istifadə etməsinə və təhlükəsizliyinə nail olmaqdan ibarətdir.
    “Hökmdarın xalq tərəfindən sevilməsi yaxşıdır yoxsa xalqın ondan qorxması?” sualına Makiavelli belə cavab verir: “İnsanlar öz mülahizələrinə görə hökmdarları sevir, amma hökmdardan onun davranışına görə qorxurlar. Buna görə də yaxşı olar ki, ağıllı hökmdar başqalarından asılı olana deyil, özündən asılı olana güvənsin”.
    Düşmənə qarşı mübarizədə hökmdara 2 üsul təklif edir:

    1) qanunlarla
    2) güc yolu ilə.

    Birincisi insanlara, ikincisi heyvanlara xasdır. Buradan belə nəticə çıxarır ki, hökmdar həm insanın, həm də heyvanın təbiətində olan xüsusiyyətləri mənimsəməlidir. Onun nəzərində bu xüsusiyyətlərdən biri olmasa, digəri kifayət qədər təsirli olmaz. Bunu onunla əsaslandırır ki, antik dövrün yazarlarına görə Axilles və digər qəhrəmanlar tərbiyə almaqdan ötrü kentavr Kirona təslim edilirdi. Yarı insan, yarı heyvan bir mürəbbi tərəfindən tərbiyə edilmək-bir hökmdar üçün bu xüsusiyyətlərin hər ikisinə malik olmanın zəruriliyini göstərir.
    Makiavelli əsərdə göstərir ki, əgər hökmdar heyvani xüsusiyyətlərə əl atmağa məcburdursa, qoy şir və tülkünü seçsin. Çünki şir tələlərdən, tülkü isə canavarlardan qorxar, deməli tələlərdən qaçmaq üçün tülkü kimi olmaq, canavarları qorxutmaq üçün isə şir kimi olmaq lazımdır. Daim şir kimi davrananlar tələləri görməyə bilərlər, tülkü kimi davrananlar isə həmişə uğur qazanmışlar. Buna görə də ağıllı bir hökmdar həmişə vədinə sadiq qalmamalıdır və qala da bilməz. Əgər bütün insanlar öz sözlərinin üstündə dursaydılar, bu məsləhət yaxşı olmazdı, lakin insanlar pis olduqları üçün verdikləri sözə əməl etməzlər, odur ki, sən də onlara verdiyin sözü tutmağa məcbur deyilsən. Vədi pozmaq üçün münasib bəhanəni həmişə tapmaq mümkündür.
    Dövlətin 3 formasını-monarxiya, aristokratiya və xalq hakimiyyətinin mövcudluğunu göstərən Makiavelli respublikanı ideal dövlət forması hesab edirdi. Onun fikrincə, müasiri olduğu dövrdə ən yaxşı qurulmuş və idarə olunan dövlət Fransadır. Burada kralın azadlığını və təhlükəsizliyini təmin edən bir çox faydalı qurumlar vardır. Belə ki, kral əyanları acıqlandırmamaq və xalqı məmnun etməklə özünün və krallığının təhlükəsizliyini təmin edir: “Böyük təşəbbüslər və qeyri-adi hərəkətlər qədər bir hökmdara ehtiram qazandıran heç bir şey yoxdur”.

    Makiavellinin dövründə İtaliya siyasi cəhətdən pərakəndə vəziyyətdə idi və bunun səbəbini o, bəzi hökmdarların tənbəlliyində görürdü və gələcəkdə öz ölkəsinin birləşməsini arzulayırdı: “Sülh dövründə gələcəkdə fəlakətlərin ola biləcəyini düşünməmək insanların ümumi qüsurudur, ağır günlərdə onlar müdafiə olunmağa deyil, qaçmağa üstünlük verdilər.Yalnız sənə və sənin şücaətinlə bağlı olan müdafiə üsulları yaxşı, etibarlı və davamlıdır”.
    Həmçinin hökmdar istedadı dəyərləndirdiyini göstərməli, qabiliyyətli insanları həvəsləndirməlidir.Vətəndaşlara ticarətlə, əkinçiliklə və bütün peşə sahələri ilə sakitcə məşğul ola biləcəklərinə dair zəmanət və cəsarət verməlidir ki, əkinçi torpağının əlindən alınacağından qorxmayıb tarlasını becərsin, tacir isə ağır vergilərlə müflisləşəcəyindən qorxmayıb yeni ticarət yerləri açsın. Bundan əlavə hökmdar ilin müvafiq vaxtlarında xalqı bayram və şənliklərlə əyləndirməlidir.
    İnsanlara aid işlərdə taleyin və iradənin hökmünü araşdıran siyasi xadim belə nəticəyə gəlir ki, işlərimizin ancaq yarısı taleyin hökmü altındadır, digər yarısı isə bizim öz ixtiyarımıza buraxılmışdır. Ona görə də büsbütün taleyə bel bağlayan hökmdar onun zərbələrinə qarşı dayana bilməz. Həmçinin hərəkətlərini zamanın şərtlərinə uyğunlaşdıran xoşbəxt yaşayır, öz dövrünün şərtlərinə zidd hərəkət edən isə bədbəxt olur.

    Makiavelliyə görə hakimiyyətin əsası güclü ordu, yaxşı müttəfiqlər və yaxşı qanunlardır. Bunlara sahib olan bir dövlətin hökmdarının şöhrəti ikiqat artar. Bunula yanaşı o qeyd edir ki, bir hökmdarın ən çox ehtiyat etməli olduğu təhlükə-xalqının gözündən düşüb həqarətə uğramaq və nifrət qazanmaqdır, səxavətlilik isə bunların hər ikisinə gətirib çıxarır. Odur ki, səxavətli olub başqalarını müflis edərək xalqın nifrətini qazanmaqdansa, pis ad çıxarıb xəsis kimi tanınmaq daha ağıllı hərəkətdir.
    Makiavellini başqa böyük mütəfəkkirlər kimi birmənalı qiymətləndirmək mümkün deyil. Onun yaratdığı hökmdar modeli sonralar reallığa çevrildi. Hətta “Hökmdar” əsəri vaxtilə Fransa imperatoru Napoleonun, Rusiya hökmdarı II Yekaterinanın və Stalinin stolüstü kitabı olmuşdur. Onun fikirləri əsasında siyasətdə makiavellizm formalaşdı. Makiavellizm qarşıyaqoyulan məqsədlər naminə əxlaq qanunlarına məhəl qoymamağı və istənilən vasitələrdən istifadə etməyi mümkün sayan, hakimiyyət uğrunda mübarizədə hakimlərin qəddarlığına və xainliyinə bəraət qazandıran siyasətdir. Bu nəzəriyyəyə görə “məqsəd vasitəyə bəraət qazandırır”. Bundan əlavə heç bir milli əlamətə malik olmayan bu nəzəriyyə kosmopolitik təbiəti ilə həm keçmişə, həm bugünə, həm də gələcəyə açıq oldu. Bütün bunlar makiavellizmə qaranlıq çalarlar gətirdi.


    Fidan Ağayeva
    Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi


© 2017 Milliyyətçi Hərəkat