AZƏRBAYCANDA MAARİFÇİLİK FƏLSƏFƏSİ

    Kategori: Araşdırma Tarih: 22-11-2018, 20:13
    Xülasə
    Bildiyimiz kimi, maarifçilik - bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə bağlı olan fəaliyyətdir.

    AZƏRBAYCANDA   MAARİFÇİLİK  FƏLSƏFƏSİ



    Maarifçilik XVIII əsrdən başlayaraq geniş vüsət almışdır. Əslində isə maarifçilik ideyaları, fəlsəfi görüşləri ta qədim zamanlardan mövcud olmuşdur. Maarifçilər cəmiyyətdəki avamlığın, savadsızlığın, nöqsanların, ziddiyyətlərin aradan qaldırılması üçün daim çalışmışdılar və buna da nail olmuşdular.
    Maarifçilik ideyaları Azərbaycanda bir çox maarifçilərin gördüyü işlərdə və fəlsəfi ideyalarında özünü göstərirdi. Bu baxımdan maarifçilik ideyalarının Azərbaycan üçün nəticələri çox təsirli olmuşdur.

    Açar sözlər: maarifçilik, fəlsəfə, Azərbaycan, ziddiyyətlər, inkişaf.

    ПРОСВЕТЛЕНИЕ ФИЛОСОФИЯ В АЗЕРБАЙДЖАНЕ
    Ключевые слова:просвещение, философия, Азербайджан, противоречия, развитие.
    Резюме
    Как известно, просвещение - это деятельность, связанная с передачей и распространением знаний и культуры. Просвещение набирало обороты с 18-го века. На самом деле идеи просветления и философские взгляды существовали с древних времен. Педагоги avamlıgın общества, неграмотность, отсутствие противоречия постоянно пытались снять его и смогли добиться этого.
    Идеи просвещения были отражены в работах и философских идеях многих педагогов в Азербайджане. С этой точки зрения, результаты просветительских идей для Азербайджана были очень эффективными.

    ENLIGHTENMENT PHILOSOPHY IN AZERBAIJAN
    Key words: enlightenment, philosophy, Azerbaijan, contradictions, development.

    Summary
    As we know, enlightenment is an activity related to the transmission and dissemination of knowledge and culture. Enlightenment has gained momentum since the 18th century. In fact, the ideas of enlightenment and philosophical views existed from ancient times. The educators have always worked hard to eliminate society's illiteracy, illiteracy, contradictions, and have succeeded.
    The ideas of enlightenment have been reflected in works and philosophical ideas of many educators in Azerbaijan. From this point of view, the results of enlightenment ideas for Azerbaijan have been very effective.



    XIX əsr Azərbaycan fəlsəfəsi qədim və zəngin ictimai-fəlsəfi fikir tariximizdə, mədəniyyətimizdə millilik və müasirlik meyilləri əsasında yaranan, mahiyyətcə köklü bir dönüş, məzmunca yeni bir dövr kimi əvəzsiz yer tutur və mühüm əhəmiyyət kəsb edir.
    Bir həqiqət kimi o da məlumdur ki, XIX əsr Azərbaycan xalqının tarixinə ən faciəli, ziddiyyətli və həm də təzadlı bir dövr kimi daxil olmuşdur. Bu xalqın 1828-ci ildə Rusiya ilə İran arasındakı Türkmənçay müqaviləsi ilə torpaqlarının bölüşdürülməsi və milli-müstəmləkə zülmünə məhkum edilməsi bu günün özündə belə izsiz qalmamış və öz təsirini hələ də göstərməkdədir. Lakin tariximiz, eləcə də mənəvi irsimiz haqqında əsl həqiqətləri üzə çıxarıb geniş ictimaiyyətə tam obyektivliyi ilə çatdırmaq bizə indiki milli müstəqillik dövründə nail ola bilmişdir. Bu baxımdan zəruri elmi araşdırmaların aparılması həmişə mühüm məsələlərdəndir.
    XIX əsrdə Avropada baş qaldıran maarifçi fəlsəfi fikir tədricən Azərbaycana yayılmağa və təsir göstərməyə başlamışdır.XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Azərbaycanda da maarifçilik ideyaları təşəkkül tapmağa başlamışdır. Qərb ölkələrinə və Rusiyaya nisbətən Azərbaycanda maarifçilik ideyalarının bir qədər gec meydana çıxması o zamankı Azərbaycanın konkret siyasi-iqtisadi, sosial-mədəni mühiti ilə əlaqədar olmuşdur.
    Azərbaycan maarifçiliyi Azərbaycan ictimai mühitində yarandığından və təkcə Qərbin və Rusiyanın deyil, həm də Şərqin mütərəqqi ideya-fəlsəfi ənənələrindən istifadə etdiyindən, o, özünəməxsus spesifik xüsusiyyətlər kəsb etmiş, orijinal inkişaf yolu tuta bilmişdir. Məhz buna görə də, Azərbaycan maarifçilik ideyaları Azərbaycan xalqının milli intibahına, mədəni tərəqqisinə güclü təsir göstərmişdir.
    XIX əsr Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir dövrdür. Belə ki, XIX əsrdə ictimai və siyasi həyatda baş verən canlanma sosial ziddiyətlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərdən ibarət idi. XIX əsr Azərbaycanın tarixinə daxil olmuş ən dərin məna kəsb edən dövr olmuşdur. XIX əsrdə taleyüklü məsələlərin həll olunması yeni dövr üçün mühüm rol oynamışdır. XIX əsrin başlanğıcından Azərbaycanda sosial-tarixi tərəqqi müxtəlif ziddiyyətlərdən ibarət bir dövr başlamışdır.
    XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsində azadlıq ideyalarının təşəkkülünün əsasında milli maarifçilik fəlsəfəsində rolu yüksək qiymətləndirilmişdir. Azərbaycan ziyalıları təhsil almaq üçün xarici ölkələrə üz tuturdular. Bu ölkələrdə təhsil alarkən həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnərək vətənə qayıdırdılar. Vətənə qayıdarkən isə bu dəyərləri öz milli dəyərləri ilə sintez edərək Azərbaycan xalqının ideologiyasının, fəlsəfəsinin, dünyagörüşünün təşəkkül tapmasına şərait yaradırdılar.
    Nəticə etibarilə isə Azərbaycanda universallığı ilə seçilən maarifçilik cərəyanı yaranmağa başladı. Azərbaycan maarifçiləri ictimai böhrandan azad olmağın yolunu məhz xalqın maariflənməsində görürdülər. Bu baxımdan da XIX əsrdə Azərbaycan gerçəkliyinin sosial-mədəni inkişafının tələblərinə cavab verən və universallığı ilə səciyyələnən maarifçilik hərəkatının ideologiyası və fəlsəfi görüşləri təşəkkül tapırdı.
    Azərbaycanmaarifçilik fəlsəfəsində mədəni bazanın və ölkənin sosial-siyasi vəziyyətinin Qərb və Rusiya maarifçiliyindən bir sıra fərqli xüsusiyyətləri mövcud idi. İlk növbədə bu dövrün maarifçilərinin dinə münasibəti çox fərqli idi. Bu fərqi yaradan real obyektiv səbəb rus çarizminin Azərbaycan xalqını dinindən, dilindən və milli mədəniyyətindən ayırmaq və onu etnik assimilyasiyaya uğratmaq siyasəti idi. Çünki etnik varlığını qoruyub saxlamaq xalq üçün öz din, dil və mədəniyyəti ilə bağlılığını itirməmək demək idi. Dil və mədəniyyətdən fərqli olaraq, Azərbaycan maarifçiləri dinə münasibətdə müxtəlif mövqelərdə dururdular. Bu münasibət din xadimlərinin Rusiya müstəmləkə sisteminə münasibətindən və maarifçi ideoloqların şəxsi dünyagörüşlərindən asılı idi.
    Yuxarıda qeyd edilən məsələlər, proseslər Azərbaycanın elmi-fəlsəfi görüşlərinin inkişaf edib formalaşmasına da təsirsiz ötüşməmişdir. Bu dövrdə Azərbaycanda maarifçilik ideyalarının, fəlsəfi görüşlərinin yaranmasında maarifçilərin, mütəfəkkirlərin böyük xidmətləri olmuşdur. Bunlardan M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçi mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.
    A.A.Bakıxanov 1794 -cü ildə Əmircan qəsəbəsində anadan olmuşdur. Azərbaycanın maarifçi mütəfəkkiri, alimi, şairi, yazıçısı və tərcüməçisidir. Azərbaycan və onun tarixi üçün önəmli yerə malik olan bir sıra əsərlər qələmə almışdır. Əsərlərini “Qüdsi” təxəllüsü ilə yazmışdır. Əsərlərində vətənpərvər, tarixçi, maarifçi bir ictimai xadim mövqeyindən çıxış etmişdir.
    A.A.Bakıxanov “Əxlaqın İslahı”, “Gülüstani - İrəm”, “Kəşfül - Qəraib”, “ Qanuni - Qüdsi” və s. kimi əsərlər qələmə almışdır. “Əxlaqın İslahı”, “Gülüstani - İrəm” əsərlərində məntiq, əxlaq və fəlsəfədən bəhs etmişdir. Onun fikrincə, fəlsəfənin əsas məqsədi təhsillənməkdən ibarətdir. Bakıxanov ağlı, təhsili, maariflənməyi həyatda hər şeydənyüksəkdə tutmuşdur. Onun fikrincə, Allahın verdiyi bilik, ideya insanın işığı, nurudur.
    XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi olan Abbasqulu Ağa Bakıxanov təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlər qələmə almışdır. Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası” və s. əsərlərində, bununla yanaşı məşhur “Gülüstani-İrəm”, “Qüdsinin bağı”, “Qüdsinin qanunları” əsərlərində ifadə olunmuşdur.
    A.Bakıxanovun fəlsəfi dünyagörüşünün formalaşmasında onun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları onun fəlsəfi fikrinin formalaşmasında mühüm rol oynamışdır. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət formalaşdırmaq, ədalətli cəmiyyət yaratmaq olmuşdur.
    A.A. Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı əql, elm kimi iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə nəzəriyyəsi üçün bünövrə idi.
    O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, nəzəriyyə ilə praktikanın əlaqəliliyinə və mövcudatın rasional dərkinə xüsusi önəmvermişdir. A.Bakıxanovun fəlsəfi və etik fikirləri, əsasən “Əxlaqın islahı” və “Nəsihət kitabı” əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkini onların kamilləşən insan tərəfindən həll edilməsi əsası kimi təsəvvür edən A.Bakıxanov məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünə görə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşmaqdır. İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.
    Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə əlaqədar olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr meydana gələrək, milli şüurun formalaşmasına güclü təkan vermişdir.
    Astonomiyada isə iki nəzəriyyəyə münasibətini bildirərkən Bakıxanov N.Kopernikin heliosentrik sisteminin tərəfdarı olmuşdur. Bakıxanova görə, xeyirxahlıq, yaxşılıq, müsbət əxlaqi keyfiyyətlər insanın ədalət və insafının ölçüsüdür.
    “Təhzibül-əxlaq” əsərində Bakıxanov fəlsəfi görüşlərini irəli sürmüşdür. Əsərdə başlıca məqsəd gəncləri mənfi əməllərdən uzaqlaşdırmaq, onlarda nəcib əxlaqi keyfiyyətləri formalaşdırıb tərbiyə etmək olmuşdur.
    Bakıxanov hər bir insanda, şəxsiyyətdə vicdani saflığa, doğruluq və düsrüstlüyə, mərdliyə, ədalətliliyə önəm vermiş vəonu yüksək qiymətləndirmişdir. Gəncləri şöhrətpərəstlikdən əl çəkməyə, təvazökarlığa meyl etməyə, hər bir insanla xoş rəftar etməyə, ədalətsizliyə yol verməməyə, əməyi sevməyə, əmək adamlarına hörmət bəsləməyə, vətənə məhəbbət dolu olmağa səsləmişdir. Onun əxlaq nəzəriyyəsində insanlığa verilən dəyər, vətənə və xalqa olan məhəbbət, demokratik dünyagörüşü öz əksini tapmışdır.
    Mirzə Fətəli Axundov 1812-ci ildə anadan olmuşdur. Axundovun fəlsəfi görüşləri onun yaradıcılığında mühüm yerə malikdir. Onun fəlsəfi görüşlərinin mənbələrinin əsasında rus, şərq və Azərbaycan fəlsəfəsi mədəniyyəti durur. Axundov qədim Yunan fəlsəfi fikri və mədəniyyəti ilə yaxından tanış olmuşdur. Axundova görə, fəlsəfənin başlıca vəzifəsi bütün kainatda baş verən real faktlara əsasən insan zəkasının rolunu yüksəltməkdən ibarətdir. Onun fəlsəfi təliminə görə, dünya öz təbiəti etibarı ilə maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.
    Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov idrakıətraf aləmin insan şüurunda inikası adlandırmışdır O, təbiəti idrakın predmeti hesab etmişdir. O, dünyanın dərk edilməsində bilavasitə hissi qeyri-müəyyənliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri olmadanidrakı qeyri-mümkün saymışdır. Axundova görə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur.
    M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi təhlili xüsusi yer tutur. O, fəlsəfi görüşlərinə görə ateist olmuşdur. O, dinlə elmin bir yerdə ola bilməyəcəyini, birinin yalan, digərinin doğru olduğunu göstərmiş, dinin struktur vahidlərinin təhlili əsasında onun mahiyyətini ortaya çıxarmışdır. O dinin mahiyyətini maarifçilik mövqeyindən izah edərək göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və məqsədi sadə adamları aldatmaqdan ibarətdir. [2;s.120]
    Azərbaycanda maarifçilik fəlsəfəsinin yüksək mövqedə dayanmasının əsas səbəbkarı olan Axundovun (M.F.Axundzadə) “Kəmalüddövlə məktubları”, “Mollayi Ruminin və onu təsnifinin babında”, “Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” və s. əsərlərində onun yüksək fəlsəfi ideyaları öz əksini tapmışdı.
    Onun fikrincə, zaman ilə məkan vacib atributlardır. Maddi varlıq həmişə hərəkətdədir, qanunauyğunluğa əsaslanır. Bu baxımdan kainat həm yaradılan, həm də yaradandır. Onun fəlsəfi fikirləri rasionalizmə əsaslanırdı.
    Kainatda qarşılıqlı əlaqə, asılılıq, səbəb və nəticə, hissə ilə tamın vəhdətini görən M.F.Axundzadə hərəkəti yerdəyişmə və təkcə kəmiyyət dəyişiklikləri kimi qəbul etmişdir, zaman daxilində kəmiyyət dəyişikliklərinin isə dairəvi hərəkət daxilində baş verdiyini qeyd etmişdir. Başqa sözlə, M.F.Axundzadə yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etmirdi. Onun fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi və müdafiəsi idealizm, teologiya və aqnostisizm prinsiplərinin tənqidi ilə birlikdə verilir. Axundovun maarifçilik ilə bağlı atdığı addım məhz onun əlifba islahatı olmuşdur.
    XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir çox Avropa dillərini bilən, rus şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və Avropanın elmi dairələrində şöhrət qazanmışdı.
    Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir.
    Mirzə Kazım bəy xürafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək qiymətləndirmişdi. Onun “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs olunur.
    Onun “Firdövsiyə görə mifologiya”əsərində müxtəlif bölgə mifləri, “Şamil və müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüşlərinin elmi şərhi verilmişdir.
    XIX əsrdə Azərbaycanda maarifçilik fəlsəfəsinin yaranması və inkişafında özünəməxsus yerləri ilə seçilən şair və mütəfəkkirlərdən olan Mirzə Şəfi Vazeh və Seyid Əzim Şirvanidir. Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi “Divani Hikmət” ədəbi məclisi, Seyid Əzim Şirvaninin maarifçiliyin inkişafı və cəhalətin, avamlığın tənqidi baxımından qələmə aldığı satiraları özünəməxsusluğu ilə seçilir.
    XIX əsrin birinci yarısında ədəbi fəaliyyətlə məşğul olan Azərbaycan şairi Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.
    S.Ə.Şirvani xalqı din arxasına sığınaraq aldadan yalançı mollaları, ruhaniləri satiralarında tənqid etmişdir. Onun “Müctəhidin təhsildən qayıtması” satirası məhz bunun açıq-aydın ifadəsidir.
    S.Ə.Şirvaninin yaradıcılığında ictimai mahiyyət daşıyan satiraları mühüm yer tutur. Şairi öz dövrünün dahi realist şairi kimi məşhurlaşdıran da məhz bu satiralardır. Seyid Əzimin dövrün ictimai eyiblərinə qarşı ifşaedici münasibəti satiralarında aydın bir şəkildə ifadə edilmiş, xalqın qanını soran istismarçı siniflər, bəy və mülkədarlar, çar çinovnikləri, xalqı avamlıq və fanatizm girdabında saxlayan ruhanilər tənqid obyekti kimi götürülərək ifşa edilmişdir. Şairin “Əkinçinin hadisəsi”, “Padşah və əkinçi”, “Şamaxının yeni bəyləri haqqında həcv”, “Köpəyə ehsan”, “Yerdəkilərin göyə şikayəti” və s. kimi əsərləri maraqlı satirik parçalardır.
    XIX əsrdə maariçilik ilə əlaqədar xidməti olmuş növbəti mütəfəkkirimiz Həsən bəy Zərdabi olmuşdur. Azərbaycanda ilk dəfə milli mətbuatın əsasının qoyulması məhz onun adı ilə bağlıdır. Belə ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti fəaliyyət göstərməyə başlamışdır. Xalqın qəzet oxuyaraq maariflənməsini düşünmüş bunun üçün də əlindən gələni əsirgəməmişdir.
    Yuxarıda qeyd olunanlar Azərbaycanda XIX əsrin ortalarından başlayan milli oyanış, milli özünüdərk və mədəni yeniləşmə prosesini, dünyəvi-elmi biliklərin yayılmasını, o cümlədən milli-ictimai və fəlsəfi fikrin yeni məcrada inkişafını və bu inkişafı şərtləndirən başlıca amilləri ilkin mənbələr əsasında izləmək baxımından olduqca dəyərlidir. Buradan da göründüyü kimi, bəhs edilən dövrdə Azərbaycanda mövcud olan bütün çətinliklər, çar üsul-idarəsinin törətdiyi maneələrə baxmayaraq, ictimai inkişafın başlıca meyilləri olan milli oyanış və mədəni yeniləşmə qarşısıalınmaz olub. Bu prosesdə isə başda A.A.Bakıxanov, M.F.Axundov olmaqla milli ziyalı təbəqəsinin aparıcı və hərəkətverici qüvvə kimi həm ideya-nəzəri, həm də əməli cəhətdən müstəsna rolu olmuşdur.
    Mütərəqqi maarifçilik ideyalarının, elmi biliklərin, milli oyanış və qurtuluş məfkurəsinin əsas daşıyıcısı bir çox ilklərin müəllifi və icraçısı olaraq bu ziyalı təbəqə özünün çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi fikir tarixində də yeni dövrün başlanğıcını qoyaraq, əsaslı dönüş yarada bilmişdilər.

    İstifadə olunan ədəbiyyat
    1. Bünyadov Z. Azərbaycan tarixi. I cild. Bakı: Azərnəşr, 2010.
    2. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 2010.
    3. İsayev N., Rüstəmov F. Azərbaycan maarifçiliyinin milli-mədəni yeniləşmə ideyaları və müasirlik. // 2016, №1.
    4. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: İrşad, 1994.
    5. Vəlixanlı N. Abbasqulu ağa Bakıxanov - Azərbaycan xalqının böyük mütəfəkkiri. // Abbasqulu ağa Bakıxanov və azərbaycanşünaslığın inkişafı. Bakı, 2001.




    Natəvan Həsənli
    Mikayıl Cəfərov
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə fakultəsi



© 2017 Milliyyətçi Hərəkat