AZƏRBAYCAN MİLLİ İQTİSADİ MODELİNƏ ÜMUMİ BAXIŞ

    Kategori: Araşdırma Tarih: 25-11-2018, 01:27
    İqtisadi proseslərin təkamülü təbiətdə olduğu kimi spontan formada baş vermir.

    AZƏRBAYCAN MİLLİ İQTİSADİ MODELİNƏ ÜMUMİ BAXIŞ



    Müsbət iqtisadi dəyişikliklər yalnız onu tətikləyən müvafiq ictimai-iqtisadi şərtlərin təmini şəraitində həyata keçir. Əksi təqdirdə isə onu nəzarətsiz buraxılan bir körpənin taleyi gözləmiş olar. Bu anlamda cəmiyyətin yüksəlişi nizamlı və koordinasiya edilmiş rasional bir idarəetmə sisteminə ehtiyac yaradır. Bu növ mütərəqqi idarəçilik mövcud duruma diqtə etməklə bərabər, həm də gələcək üçün sağlam bünövrə yaratmış olur. Çünki, indi istər ölkə daxilində, istərsə də dünyada baş tutan müsbət dəyişikliklər cəmiyyət həyatının sosial-iqtisadi münasibətlər sistemini yeniləyərək, onu irəliyə doğru aparır və bununla yeni dövrə keçid üçün də zəmin hazırlamış olur. Rasional idarəçilik məhz bu keçid dönəmləri arasında məntiqi bağlantını qoruyub, yeni dönəmə surətli və uğurlu adaptasiyaya imkan yaradır. Ona görə ki, o elmi-praqmatikdir və konkret olaraq hansısa zaman kəsimi ilə də sərhədlənmir. Buna görə zamanında özləri üçün bu müvəfəqqiyyət yolunu qurmağı-yəni, idarəçiliyin rasional əsaslar üzərində inşa edilməsini bacarmış xalqlar bu gün yüksək inkişaflarını təmin etməklə,sabahlarını da sığortalamışlar. Rasional idarəetmə ictimai quruluşun elmi əsasa, məntiqi izaha və obyektiv inkişaf qanunauyğunluqlarına əsaslanaraq təşkil və tənzim olunmasını ifadə edir. İqtisadi açıdan bu idarəçilik fəlsəfəsinin təlqin etdiyi ana fikir ondan ibarətdir ki, hər bir ölkənin milli iqtisadiyyatı öz spesifikliyinə və çağın ruhuna uyğun struktura və buna müvafiq milli modelə sahib olmalıdır. Eyni mental şüura, yaxın tarixi köklərə, coğrafi yerləşməyə və s. oxşarlıqlara malik xalqlar üçün bu istisna təşkil edə bilər, lakin əksəriyyət üçün bu bir obyektiv zərurət mahiyyəti daşıyır. Rasional idarəetmə cəmiyyətin inkişafının impulsudur. Onun olmadığı və ya natamam qaldığı yerdə inkişafdan söhbət gedə bilməz. Zaman və məkan konteksindən çıxış edən bu cür idarəetmə forması doğru strategiya və uyğulamalar seçilməsinin dəyişilməz gerçəkliyidir və onun ələ alınması da olduqca böyük əhəmiyyətə malikdir. Rasional idarəetmənin ölkədən-ölkəyə unikallıq nümayiş etdirən xeyli özəllikləri olsa da demək olar ki, bütün ölkələr üçün eyni dərəcədə önəm və mahiyyət daşıyan ümumi, eyni zamanda ana faktor olan bir sıra elementləri də vardır. Burada, biz həmin elementləri daha rahat anlaşılması üçün 3 ayrı qrupa bölürük:

    1. Milli şüur-Bu geniş anlamda bir xalqın ümumi xarakteristikasını əks etdirən anlayışdır. Xalqın adət-ənənələri, milli-mənəvi dəyərləri, düşüncə tərzi, sosiopsioxoloji
    xüsusiyyətləri və s. milli şüurun tərkibində cəmlənir. Keçmişdən yadigar qalan xalq yaradıcılığı və mədəniyyət nümunələri, tarixi dövlətçilik ənənələri, sosial təsisatların məzmun və quruluşu milli şüurun qida mənbəyidirlər. Milli şüur hər daim xalqların həyatında öz təsirini göstərir. Biz onun önəmini xalqların sosialiqtisadi kateqoriyalara yanaşma tərzində aşkar şəkildə müşahidə edirik. Məsələn, bəllidir ki, mülkiyyətə münasibətdə rus xalqı ictimai mülkiyyətə, fransızlar xüsusi mülkiyyətə daha çox meyillidir. Və ya yaponlar daha çox mühafizəkarlığa, ingilislər isə daha çox liberallığa meyillidir. Təbii ki, bu fərqliliklərin hamısının dərin məntiqi kökləri var və idarəçilik sistemi qurularkən onlara istinad edilməsi son dərəcə labüddür.


    2. Coğrafi yerləşmə- Hər bir xalqın məskunlaşdığı ərazi relyef, iqlim, təbii sərvətlər və digər ayrıcalıqlarla məxsusi xarakter daşıyır. Həmçinin ölkələrin yerləşdiyi
    coğrafi mövqe də fayda və risk və təhlükələr baxımından seçilirlər. Bu ayrıcalıqlara əsasən ölkənin təsərrüffatçılıq tipini müəyyənləşdirmək, iqtisadi fəaliyyəti buna müvafiq qılmaq, o cümlədən, ölkənin iqtisadi siyasətinin əsas konturlarının buna uyğun cızmaq gərəkir.


    3. Çağa uyumluluq- Dinamik inkişaf edən dünyaya ayaq uydurmaq üçün mütləq onunla eyni surətdə hərəkət etməli, daimi təkmilləşən dünya nizamının tələblərinə
    cavab verməlisən. Bunun üçün də statiklikdən kənar qalmaq, yeniliklərə və innovasiyalara həssas olmaq,onları çevik şəkildə mənimsəməyi və tətbiq etməyi bacarmaq lazımdır. Çağa uyumluluq məhz zamanına görə bəşər övladının qazandığı bütün nailiyyətlərdən istifadəni prioritet qılır. Qlobal trendlərə və paradiqmalara uyğunlaşmanı isə məcburi edir. Çağdaş dövrdə idarəetmənin onun tələblərini görə şəkilləndirilməsi olmazsa, olmaz məcburiyyətindədir. Yuxarıda qeyd edilən punktlar rasional idarəetmənin həyata keçirilməsi üçün kompleks sistemli fəaliyyət göstərir və onlardan sadəcə birinin belə yarımçıq qalması və ya gözardı edilməsi ümumi işin faydalılıq əmsalını gözəçarpan səviyyədə aşağı salar.

    Bu gün-yeni eranın başlanğıcında bir ölkə olaraq Azərbaycanın da özünəxas bir milli iqtisadi modelinin yaradılmasına ehtiyacı vardır. Azərbaycan cəmiyyətinin hərtərəfli təhlili, deməyə əsas verir ki, Azərbaycanın sosial-iqtisadi konstruksiyası yenidən tam yeni əsaslar üzərində bərpa edilməlidir. Bu ölkəmizin gələcək vizyonunun müəyyənləşdirilməsi və uzunmüddətə hesablanmış davamlı inkişaf strategiyasının hazırlanması üçün son dərəcə önəmli xüsusdur. Uzun tarixi
    müddətdə ölkəmizin öz mövcudluğunu müstəmləkə şəraitində davam etdirməsi belə bir modelin ərsəyə gəlməsinə icazə verməmişdir. Bu zaman ərzində ölkədə milli, müstəqil təsərrüffatçılıq və idarəçilik ənənələrinin formalaşması əngəllənmiş, zəngin sərvətlərimiz talanmış və məhsuldar qüvvələrin inkişafına suni maneələr törədilmişdir. Proseslərin məntiqi yekunu kimi ölkəmiz bu zaman kəsimində əldə etməli olduğu nailiyyətlərindən məhrum edilmiş,maddi-mənəvi yöndən tərəqqimiz bir xeyli ləngildilmiş və bu gün inkişaf etmiş dünya ölkələri ilə eyni cərgədə dayanmaq kimi bir şansımız itirilmişdir. Müstəqillikdən xeyli keçməsinə baxmayaraq, hələ də bir milli modelin bərqərar oluna bilməməsi, nəinki keçmişdən yadigar qalan problemlərin həll edilməmiş olaraq qalmasına, hətta yeni-yeni problemlərin də meydana çıxmasına səbəb olmuşdur. İndi daha da yubanmadan ölkəmizin toplumun dünyagörüşünə, düşüncə tərzinə, yerli duruma və çağın tələblərinə cavab verən milli inkişaf modeli zərurəti ortadan qaldırılmalıdır.

    Milli inkişaf modelinə heç bir ehtiyac olmadığını və bizdən öncə başqa ölkələrdə tətbiq olunmuş uğurlu inkişaf modellərinə müraciət etməyimizin daha məqbul yol
    olduğunu iddia edənlər ola bilər. Lakin hər bir cəmiyyətin,hər biri ölkə iqtisadiyyatının təkrarolunmazlıq özəlliyi inkişaf üçün universal prinsiplərin mövcudluğunu, habelə çoxsaylı ölkələr üçün eyni inkişaf modelinin mümkünlüyü iddiasını absurd qılır. İmitasiya və şablonlarla isə heç vaxt əsaslı uğur hekayəsi yaratmaq mümkün deyil. Tərəqqi üçün milli modelin alternativsizliyi artıq uzun tarixi təcrübənin sübuta yetirdiyi aksiomadır. Bu mənada konkret olaraq hansısa bir sistemin bütövlükdə ölkəmizə transferi mübaliğəsiz şəkildə fiaskosuyla nəticələnər. Bu kakao istehsalını mülayim iqlim qurşağında inkişaf etdirməyə cəhd etmək kimi mənasız bir iş olardı. Biz ən yaxşı halda milli modelin komponentlərini müəyyənləşdirərkən hansısa modelin müsbət təcrübəsindən yararlana bilərik. Belə bir modelə bizə görə ən uyğun və ən yaxşı örnək kimi “Skandinav modeli”-ni göstərmək olar. Məsələn, biz Skandinav ölkələrindən İsveçin sosial təminatlar modelinə, Norveçin neft gəlirlərinin idarəolunması modelinə və s. nümunələrə müraciət edə bilərik.

    Milli modelin müstəsna əhəmiyyəti ondadır ki,o toplumu sistemin təbiətinə uyğunlaşmağa məcbur etmir, əksinə olaraq, sistemi toplumun təbiətinə uyğun
    şəkildə proqramlaşdırır. İnsanoğlunun xarakteri ona ögey olan heç nəyi özününküləşdirməyə, doğmalaşdırmağa icazə vermir. Bu səbəblə tətbiq olunduğu toplumun təbiətini özündə təcəssüm etdirməyən istənilən sosial sistem zamanla toplumda öz mənəvi dayaqlarını itirərək, zora və gücə əsaslanan (müvəqqəti) faydasız bir idealogiya halını alır. Milli modelsə öz toplumunun xaslığının daşıyıcısı, arzu və istəklərinin carçısı olduğu üçün şiddətə və zora yox, hər bir fərdin onun könüllü keşikçisinə və hər vəchlə ona qatqıda bulunmaq istəyən xoşbəxt xidmətçiyə dönüşdüyü əbədiyaşar quruluşu təzahür etdirir. Toplumun sevgi və dəstəyinə arxalanması milli modeli kənar müdaxilələrə, daxili və xarici təhdidlərə qarşı daha güclü immunitetə yiyələndirir. Bu cür idarəetmə forması sağlam toplum
    quruluşuna zərər vura biləcək hər cür ünsürləri sistemdən təmizləyərək, cəmiyyət həyatındakı bütün antaqonizmləri aradan qaldırmaq və müxtəlif maraq və mənafelərin uğurlu harmonizasiyanı həyata keçirməyə qadirdir. Bu baxımdan onun iş prinsipini canlı orqanizmin iş prinsipi ilə xarakterizə etmək olar. O da eynilə canlı orqanizma kimi daxildəki yad ünsürləri sistemdən xaric etməyi, cəmiyyəti təşkil edən hər bir “orqanı” fərdi səviyyədə “qanla” təmin etməyi, onların fəaliyyətini
    qarşılıqlı uzlaşdırmağı və hamısının vahid məqsədə xidmət etməsini məsuliyyətlə icra edir.

    Milli model tarixi irsin müasir çağın tələbləri ilə milli dəyərlərin bəşəri dəyərlər ilə ahəngdar uzlaşmasıdır. O bir tərəfdən varislik və millilik prinsiplərindən çıxış edərək, keçmişdən qalan dəyər və ənənələri sahiblənərək təkcə sahiblənməklə yetinməyib, həm də sistemi onların tələbi ilə şəkilləndirir. Digər yandan isə o modernizmdən çıxış edərək yeniliklərə rəvac verir, idarəçilikdə müasir prinsiplərin bərqərar olmasına yol açır. Varislik və modernizm-bunlar, bir-birini təkzib etmir, əksinə, yuxarıda bəlirtdiyimiz kimi tərəqqi üçün bir-birlərinin qarşılıqlı tamamlayıcısı kimi çıxış edir. Bu sintezin əhəmiyyəti həm də ondadır ki, biz qlobal çağırışlardan kənarda qalmırıq, lakin həm də “Öz”lüyümüzü qoruyub saxlayır, onların mənəvi eroziyasına izn vermirik. Beləcə milli model keçmişlə, indi və gələcək arasında mənəvi bağları olan uzun bir körpü salmış olur.

    Azərbaycan Milli modelin başlıca məqsədi son nəticədə yeni iqtisadi təfəkkürün və nizamın formalaşdırılmasıdır. Bu ən ümumi mənada insan mərkəzli bir sistemin və rifah cəmiyyətinin ərsəyə gətirilməsini nəzərdə tutur. Geniş mənada isə o innovasiyalı, bilik iqtisadiyyatına keçidi təmin etmək, ETT-nin öncül nailiyyətlərinin hər bir sahədə genişmiqyaslı tətbiqini yayğınlaşdırmaq, milli iqtisadiyyatın modernləşməsinini, onun rəqabətqabiliyyətliyini və məhsuldarlığını artırmaq, sənayenin hərtərəfli inkişafına nail olunmaq və bütün bunlara bağlı olaraq gələcəkdə Azərbaycanın dünya təsərrüfatında rolu və payının artmasına müvəffəq olmaq deməkdir. Buna müvəffəq olmaq cəmiyyətdə insan və intellektual faktorun başlıca önəm qazanması və hər sahədə öz işinin peşəkarları olan texnokratlar sinifinin formalaşdırılması ilə şərtlənir. Bu zaman dövlət elmin hamisi olaraq, insan kapitalına investor kimi çıxış edir və fərdlərin sosial həyatda daha aktiv bir subyektə, iştirakçıya çevirilərək, onların ictimai-siyasi, sosial-mədəni həyata təsir rıçaqlarının gücləndirilməsinə çalışır. Nəticə etibarilə, milli model özünün ən yüksək inkişaf mərhələsində rasional cəmiyyətin qurulması ilə yekunlaşmalıdır.

    Lakin qeyd olunanlar indiki dövr üçün aktual olan məqsədlərdir. Yeniləşmə isə özlüyündə birdəfəlik proses olmayıb,dövrü səciyyə daşıyan prosesdir. Yəni, hər yeni
    dövr yeni şəraiti, hər yeni şəraitsə sosium üçün yeni tələbləri doğurur. Bunun üçün milli model mütəmadi formada öz daxilində islahatlara gedərək, təkmilləşir və yeni
    dövrə adekvat forma alır.

    Bəllidir ki, cəmiyyət həyatında dəyişikliklər inqilabi yolla, sistemsiz və qeyri-ardıcıl formada baş tutduqda, bu bir sıra ağır fəsadlara yol açır. Çünki, toplum alışmış
    olduğu yaşam və davranış formalarından imtina etməkdə çətinlik çəkir və çox zaman buna müqavimətlə cavab verir. Münasibətlərin kəskin dəyişikliyə uğraması məhsuldarlıq və səmərəliliyin uzunmüddətli enişi, enerji və vaxt itkisi,risklərin artması ilə xarakterizə olunur. Mövcud reallıqları nəzərə almadan hərəkət etməyin, dəyişikliklər üçün yanlış dəsti-xətt seçməyin praktikada Sovetlər kimi xeyli örnəyi də vardır. Bu səbəblə milli modeldə dəyişikliklərin həyata keçirilməsinin ən məqbul və optimal yolu kimi cəmiyyət həyatının bütün sferalarını əhatə edən xüsusi planlaşdırma funksiyasından istifadə edilir. Planlaşdırma burada yaxın və uzaq perspektivdə reallaşması arzu edilən məqsədlərə çatmağın öncədən düşünülmüş qayda və prinsiplərindən ibarət tədbirlər kompleksi kimi çıxış edir. Planlaşdırma işin xüsusi intizamla səmərəli təşkili funksiyasını yerinə yetirir. O bütün sosial institutların vəhdət halında və bir-birlərinə dəstək verici formada fəaliyyətini tənzimləyərək, dəyişikliklərin bütün sosial təsisatlarda eyni andanizamlı və ardıcıl şəkildə həyata keçirilməsinə imkan verir. Bu isə dəyişikliklərin dinc və ağrı-acısız, effektiv şəkildə baş tutmasına şərait yaradır. Beləliklə, milli modeldə toplumsal dəyişikliklərin yalnız reformlar yolu ilə tədrici surətdə baş tutması məqsədəmüvafiq hesab edilir.

    Azərbaycan milli modelinin strukturuna gəlincə, bu bazar mexanizmləri ilə bərabər, dövlət müdaxiləsi mexanizmlərini də özündə əks etdirən qarışıq iqtisadi
    sistemə əsaslanır. Bu iqtisadi sistemdə ictimai quruluş mülkiyyətin çoxnövlülüyü üzərində qurulub.İstehsal vasitələri həm dövlətə, həm icmaya, həm də fərdlərə aid ola bilər. Başqa sözlə, o özəl təşəbbüslərə açıqdır, şəxslərin iqtisadi fəaliyyəti məhdudlaşdırılmır,əksinə stimullaşdırılır. Ancaq bir şərtlə ki, onların mənafeyi
    ictimai mənafe ilə toqquşmasın. Belə olduqda dövlət qeyd-şərtsiz ikincidən yana olacaqdır. Qarışıq iqtisadi sistemdə iqtisadi subyektlərin təkmil rəqabət şəraitində normal fəaliyyət göstərməsi dövlətin vəzifə və öhdəliyinə çevirilir. Rəqabət mühitinə maneə yaradan faktorlara qarşı dövlət tərəfindən sərt mübarizə üsulu seçilir. Bununla yanaşı, dövlət gərəkdiyində daxili bazarın qorunması amacıyla himayəçi siyasət yürüdür. Burada, dövlət iqtisadi inkişafı həm özəl sektorun vasitəçiliyə ilə dəstəkləyir, həm də özü iqtisadi subyekt kimi bu prosesdə bilavasitə iştirak edir. Bu sistemdə dövlət müdaxiləsi ona görə zəruriyyət kəsb edir ki, bazar mexanizmlərinin toplum üzərində doğura biləcəyi mənfi təsirlərə qarşı dövlət tərəfindən müdafiə mexanizmi yaradılsın. Tarixi təcrübənin ortaya qoyduğu yekdil qənaət də ondan ibarətdir ki, insanların taleyinin qeyri-dövlət mexanizmlərinin ixtiyarına buraxıldığı cəmiyyətlər nə stabil inkişafa, nə də yüksək rifaha malik ola bilməzlər. Buna görə də dövlət əlində olan səlahiyyət və imkanlardan istifadə edərək, fərdlərin yaşam standartları arasında yarana biləcək kəskin fərqləri önləməli və hər kəsin fiziki və mənəvi tələbatlarını yetəri səviyyədə qarşılayaraq, xoşbəxt ömür sürə biləcəyi bir mühit formalaşdırmalıdır. Artıq çoxdandır ki, əksər ölkələrin konstitusiyasında bu məsələ “Sosial dövlət” adı ilə öz hüquqi əksini tapmışdır. Azərbaycan milli modeli də məhz praktikada sosial ədalət bazisi üzərində qurulmuş sosial dövlət qavramı ilə bütünləşir.

    Sosial dövlət fərd-toplum-dövlət üçbucağının mənafelərinin qarşılıqlı şəkildə uzlaşdırıldığı, milli sərvətin vətəndaşlar arasında obyektiv bölgüsünü həyata keçirildiyi və hər bir fərdin eyni anda həm öz yaşamını, həm də soydaşlarının güzəranını yaxşılaşdıra biləcəyi bir ictimai sistem deməkdir. O vətəndaşlar üçün geniş sosial təminatları, normal istirahət şəraitini, təhsil, səhiyyə və digər xidmətlərdən tamhüquqlu istifadə etməni nəzərdə tutur. Sosial siyasətin məğzini isə inkluzivliyin gücləndirilməsi və sosial ədalətin təmin edilməsi ilə sosial və iqtisadi səmərəliliyin artırılması təşkil edir. Dövlət sosial minimum siyasəti ilə,hər kəsin minimum yaşam standartlarına malik olmasına, habelə vətəndaşlar arasındakı maddi-iqtisadi fərqləri kompensasiya etməyə, ondan törəyə biləcək sosial fərqləri balanlaşdırmağa çalışır. Sosial dövlətdə işçi ilə işverən arasındakı münasibətlərin tənzimlənməsi dövlətin öncəlikli siyasətinə çevirilir.İşçilərin təhlükəsiz şəraitdə,normal əmək haqqı və iş rejimində çalışaraq,əməklərinin istismar olunmaması üçün əmək bazarında dövlət tərəfindən xüsusi tənzimləmələr və mütəmadi formada işçilərin maarifləndirilməsi və ixtisaslaşdırılması yönündə tədbirlər həyata keçirilir. Eyni zamanda sosial dövlətdə işçilərin təşkilatlanma,aksiya və qrevlər keçirmə azadlığı təmin olunur. Müxtəlif maraqlar ətrafında birləşən insanların onların mənafeyini qoruyan təşkilatlar yaratması, habelə işçilərin həmkarlar ittifaqında birləşməsi dəstəklənir.
    Sosial dövlətdə insanlar eyni şərtlər və eyni imkanlar daxilində ümumi mənafeyə qatqıda bulunmaq şərtilə istədikləri qədər mülkə və sərvətə yiyələnə bilərlər. Bu quruluşda fərdi maraqlar prioritetdir, lakin bütün nizam dövlət və toplum maraqlarına tabe etdirilmişdir və bu nizamın əleyhinə hərəkət edənlər sərt formada cəzalandırılırlar. Bir sözlə, bu sistemdə eqoistik meyllərin toplumun ümumi inkişaf meyillərinə xələl gətirməsinə icazə verilmir. Sosial dövlətə ən qısa şəkildə: “Sosial-iqtisadi həyatın bütün sahələrində normal, tarazlı bir vəziyyətin yaradılması üçün ədalət meyarına söykənən prinsip və metodların cəmi” tərifini verə bilərik. Geniş mənada isə sosial dövlət bütün vətəndaşların bərabərhüquqluluğunu, onlar üçün fürsət (imkan) bərabərliyini, mülkiyyət toxunulmazlığını təmin edən, hər kateqoriyadan olan vətəndaşların sosial müdafisəsini təşkil edən, maddi nemətlərin ədalətli bölgüsünü həyata keçirən, sinfi ziddiyyətləri aradan qaldıraraq, cəmiyyətdə sosial sülh və həmrəylik yaradan həqiqi xalq hakimiyyətini ehtiva edir. Azərbaycan milli modeli hər nə qədər dünya ölkələrində tətbiq olunan qarışıq iqtisadi sistemin, sosial dövlət modelinin oxşar cəhətlərini daşısa da kifayət qədər özünəxas özəlliklərə malikdir. Milli model çağların süzgəcindən çıxmış,sosialiqtisadi həyatın tənzimləməsinin ən uğurlu mexanizm və alətlərini öz daxilində cəmləyir. Lakin o əvvəlcədən bəlirlənmiş, dəyişməz xarakterə malik qayda-qanunlar çərçivəsinə tabe deyil. O eyni zamanda, öz idarəçiliyində indiyədək praktikada tətbiq olunmamış, mahiyyətcə yeni olan üsul və vasitələrə də baş vura bilər. Əgər biz, ölkələrin spesifikliyini qəbullanırıqsa, onda, hər bir cəmiyyətin bir-birindən fərqlənən müxtəlif problemlərə və fərqli inkişaf motivlərinə malik olması həqiqətini də qəbullanmalıyıq və bu həqiqət ölkələrə görə fərdi yanaşmanın önəmliliyi arqumentini bir daha gücləndirmiş olur. Beləliklə, Azərbaycan milli sosial-iqtisadi modeli ənənəvi sağ və sol təmayüllü sistemlərdən eyni məsafədə uzaqlıqda yerləşən mərkəzyönlü modeldir.Milli modeldə həm dövlətin ictimai münasibətlərdə rolu və vəzifələrini aşırı həddə şişirdən “Paternalist dövlət” anlayışı, həm də onun rolu və vəzifələrini aşırı həddə küçümsəyən “Gözətçi dövlət” anlayışı rədd edilir. Müasir idarəçilik sistem kimi o iki əks qütbdə yerləşən ideoloji sistemlər arasındakı təzadları yumşaltmağa və onları ortaq məxrəcə gətirməyə çalışır.

    ”İnsanlar dünyaya fərqli fərdi qabiliyyətlərlə göz açır. Əgər onlar azaddırlarsa bərabər, bərabərdirlərsə azad deyillər”. Nobel laureatlı rus ədibi A.Solijenitsın bu qısa anlatımla mütləq xarakterli azadlıq və bərabərliyin zərərlərini olduqca sərrast ifadə edir. Müəllifin bu fikirləri həm də milli modelin fəlsəfəsini aydın şəkildə izah edir. Milli model nə liberalizm kimi mütləq azadlığa və individualizmə, nə də sosializm kimi mütləq bərabərliyə və kollektivizmə yönəlir. O ən mühim sosialfəlsəfi kateqoriyalar kimi-azadlıq və bərabərlik,individualizm və kollektivizmin optimium nöqtəsini əldə edir və onları balanslaşdırır. Gerçək ədalətin (dolayısıyla həm də inkişafın) təmin olunmasının yeganə və ən sağlam yolu məhz budur.



    İqtisadçı Sakit Mahmudov

    YENİ NƏSİL MİLLİYYƏTÇİ HƏRƏKAT

    Üçüncü nəsil milliyyətçi hərəkat...

    Kredit sistemi

    Kredit Sisteminin fəlsəfi konteksdə analizi....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...



© 2017 Milliyyətçi Hərəkat