Tarixi müttəfiqliyə gedən Türkiyə-Rusiya münasibətləri

    Kategori: Siyasət Tarih: 27-12-2018, 22:47
    "Rusiya-Türkiyə münasibətləri son zamanlar heç olmadığı qədər yüksəlişdədir.

    Tarixi müttəfiqliyə gedən Türkiyə-Rusiya münasibətləri


    Bu inkişaf edən münasibətlər bizə bir daha göstərdi ki, Rusiya və Türkiyə birlikdə olduğu zaman məğlub edilməz olur.
    Bu isə bəzi çevrələr tərəfindən nədənsə qısqanclıqla qarşılanır."

    Bu sözləri bir neçə gün öncə jurnalistlərə açıqlamasında Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerhov deyib.
    Bəli həqiqətən də Türkiyə ilə Rusiya arasındakı münasibətlər tarixinin ən uğurlu və parlaq dövrünü yaşamaqdadır.
    Lakin, daha 3 il öncə az qala savaş meydanının astasında baş-başa gələcək olan bu iki ölkə necə oldu ki, birdən-birə müttəfiqə çevrildi?

    2015-ci ildə Suriya-Türkiyə sərhəddində Türk jetləri tərəfindən vurulan rus qırıcısı iki ölkə arasında böyük və uzun müddətli bir krizə səbəb olmuş, gərginlik Rusiya-Türkiyə münasibətlərini qopma nöqtəsinə gətirib çıxartmışdı. Rəsmi Moskva hadisədən sonra Türkiyəyə qarşı bir çox sanksiya və embarqolar qərarı aldı. Bu qərarlar arasında ölkəyə idxal olunan türk malları ixtisara alınmış, rus turistlərin Türkiyəyə tətil paketləri təxirə salınmışdı.
    Bir müddət sonra isə bu qərarları türk vətəndaşlarının Rusiya şirkətlərində ixtisara salınması və türklərin Rusiyaya vizasız getmək qərarının ləğvi izləmişdi. Sanksiyalar arasında Türkiyəni ən çox pis vəziyyətdə qoyan da, şübhəsiz ki, rus turistlərin Türkiyəyə tətil paketlərinin ləğvi idi ki, bu da başa düşülən idi. Çünki ölkə gəlirinin böyük bir hissəsini turizmdən əldə edən Türkiyəyə bu zərbəni vuran, ölkəsinə ən çox turistin təşrif buyurduğu ruslar idi.
    Daha sonra Türkiyənin də Rusiyaya qarşı həyata keçirtdiyi müxtəlif embarqo və tavırlarla qarşılıqlı gərginlik davam etdi.

    Hadisədən 1 il sonra Türkiyə prezidenti Ərdoğanın Rusiyadan və həlak olan pilotun ailəsindən üzr istəməsi Rusiyanın tavırlarını biraz səngitmiş, iki ölkə arasındakı soyuqluq yavaş-yavaş aradan qalxmağa başlamışdı.
    Hətda bir müddət sonra Türkiyə iqtidarının iddiasına görə Rus qırıcısını vurmaq göstərişinin ordu içərisində yapılanan Feto qruplaşmasından gəldiyi açıqlanmış və bu böyük bir təxribat adlandırılmışdı.

    Türkiyə-Rusiya münasibətlərinin yeni-yeni yoluna girdiyi məqamda, 2016-cı ilin Dekabr ayında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun mətbuat konfransı zamanı güllələnərək öldürülməsi yenidən hər iki ölkəni dünya gündəminə gətirmişdi. Səfirin öldürülməsini terror aktı kimi qiymətləndirən rəsmi Ankara sui-qəsd cinayətinə görə yenidən Rusiya qarşısında gözükölgəli duruma düşmüşdü.
    Lakin Andrey Karlovun öldürülməsi Rusiya-Türkiyə münasibətlərinə o qədər də təsir etmədi və sözü gedən ölkələr məlum suiqəsd hadisəsindən sonra dünyaya birlik və bərabərlik mesajı da göndərdi.
    Daha sonra araşdırma zamanı cinayətdə Feto qruplaşmasının əli olduğu ehtimalı iddia edilmiş və suiqəsdi icra edən köhnə polis məmuru Mevlut Mert Altıntaşın Nur camiəsindən olduğu və sui-qəsd tapşırığının birbaşa Feto qruplaşmasından gəldiyi bildirilmişdi. Bu məlumatları Rusiya tərəfi də təsdiq etmişdi.

    Andrey Karlov suiqəsdinin ardından gözlənilənin əksinə iki ölkə arasındakı münasibətlər daha da normallaşmış və yüksəlişə keçməyə başlamışdı.
    Belə ki, bölgədə tarixən bir çox mövzularda maraqları üst-üstə düşməyən rəsmi Kremlin və Ankara bir sıra məsələlərdə uzlaşmaya gəldiklərini və 2015-ci ildən qarşılıqlı sanksiya və embarqolarını ləğv etdiklərini açıqlamışdı.

    İki ölkə arasında maraqların üst-üstə düşmədiyi əsas məsələlərdən biri də Suriya məsələsi idi.
    Suriyada iki fərqli cəbhənin yanında yer alan Rusiya və Türkiyə heç vaxt məsələnin həlli ilə bağlı bir masaya oturmamışdı.
    Son 1 il ərzində İranın da qatılımı ilə Rusiya-Türkiyə-İran üçlüsü tez-tez bir araya gəlir, müxtəlif əməkdaşlıqlarla bağlı razılığa və uzlaşmaya gəldiklərinə dair mesajlar və səmimi pozalar verməyə başlayırdı.
    Bu uzlaşma və əməkdaşlıqların başında da Suriya məsələsi ilk yerdə dururdu.
    Sözü gedən ittifaqdan sonra Türkiyənin Suriya siyasətindəki aktivliyinin aradan qalxdığı müşahidə edilirdi.
    Digər sahələrdə də əməkdaşlıqlarını sıxlaşdıran Rusiya və Türkiyə təbii olaraq artıq ABŞ və Qərbi narahat etməyə başlayırdı.
    ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra zatən əvvəlki kimi münasibətləri yaxşı olmayan Vaşinqton və Ankara arasında gərginlik get-gedə daha da yüksələn xətlə irəliləyir, bütün bunları isə Amerikanın Türkiyəyə Feto məsələsində heç cürə güzəştə getməməsi və bir sıra iqtisadi və s. sanksiyaları izləyirdi.
    Qərbin də Türkiyəyə qarşı tutumu o qədər də fərqlənmir və Türkiyə ənənəvi müttəfiqlərindən qopmağa başlayırdı.
    Nəhayət bir neçə ay öncə Türkiyədə dolların kəskin surətdə artması və digər məsələlər artıq ABŞ və Türkiyə arasında gərginliyin pik nöqtəsinə gətirib çıxartmağa səbəb oldu.

    Türkiyənin son zamanlar həmişəki ənənəvi və konkret mövqeyindən ibarət fərqli Ukrayna tutumu Rusiyayla arasındakı münasibətləri daha da irəliyə aparan xüsusi bir nüans oldu.
    Belə ki, Türkiyə artıq Ukrayna və Krım məsələsində həmişəki kimi canfəşanlıq etmir, Rusiyanın damarına basacaq qəti əks açıqlamalar və mövqelər bildirmirdi. Bu da təbii olaraq Rusiyanın xoşuna getməyə başladı ki, bütün bunlar da son zamanlar Türkiyə-Rusiya münasibətlərinin son illər və yaxın tarix ərzində heç olmadığı qədər ciddi yüksəlişə keçdiyini göstərən amilə çevrildi.

    Türkiyənin dəyişən və yaxınlaşma məqsədli Rusiya siyasəti qədər, Rusiyanın da Türkiyə ilə yaxınlaşmaqda maraqlı olması təbii və başa düşüləndir.
    Bunları göstərən bir çox maraqlar vardır. Onlardan bəziləri və Rusiya üçün əsas olanları bunlardır:

    1) NATO-nun Şərqdəki ən yaxın müttəfiqi hesab olunan və Rusiyaya qarşı Avropanın əsas və sağlam keçid qapısı sayılan Türkiyənin bacarılan qədər zərərsizləşdirilməsi (Neytrallaşdırılması)
    2) Suriya məsələsində Türkiyənin bölgədəki anti-Rusiya tutumunun müxtəlif əməkdaşlıqlarla azaldılması və hətda müttəfiq hala gətirilməsi (Rusiya bunu müəyyən qədər bacarıb)
    3) İstanbul və Çanaqqala boğazları vasitəsi ilə Rusiya gəmilərinin daima təhlükəsiz keçidinin təmin olunması. (Bu Rusiya üçün çox önəmli bir nüans hesab olunur)
    4) Cənubi Qafqaz və Ukrayna bölgələrində yenə Türkiyənin vasitəsi ilə təhlükəsizliyin bir qədər də qaranti altına alınması.

    Göründüyü kimi Rusiyanın Türkiyə ilə yaxınlaşmaqda maraqlı edən əsas amillər strateji və təhlükəsizlik amilləridir. Lakin Türkiyənin Rusiyayla yaxınlaşmaqda maraqlı edən əsas amillər isə güclü və ənənəvi iqtisadi, ticari və turistik gəlir mənbəyini itirməməkdir.

    Türkiyə ilə Rusiya arasında energetika sahəsində də əməkdaşlığın artırılması və rus qazınıın Türkiyəyə ixracının 25 faiz miqdarında artması bir daha bunu əyani şəkildə göstərir.

    Bu il Rusiya və Türkiyə arasında S-400 hava hücumundan müdafiə sistemləri barədə razılığa gəlinməsi bütün dünyada rezonans doğuran xəbər oldu. Bir çox Qərb dövlətlərinin bunu Türkiyənin NATO-dan faktiki qopmağa başlaması olaraq dəyərləndirməsi təbii idi. Çünki Türkiyə artıq Rusiya ilə strateji dərinliyə uzanan tarixi əməkdaşlığa qol qoyurdu.
    Bütün bunları gözə alaraq onu demək olar ki, hər iki ölkənin də bir-birinə ehtiyacı var və bu ehtiyac onların qarşılıqlı maraqlarının əsas təməlidir.

    Rusiya və Türkiyə bəlkə də yaxın tarixdə heç olmadığı qədər yaxınlaşaraq dünyada və bölgədə siyasi dəngələri pozacaq və dəyişəcək bir addım atmış oldular.
    Bu yüksəlişə keçən münasibətlərin nə qədər və hara qədər gedəcəyini demək çətindir. Lakin görünən odur ki, Türkiyə iqtidarı Rusiyayla daha da yaxınlaşmaqda maraqlıdır. Eləcə də Rusiya Türkiyəylə.
    Ancaq bir şeyi də unutmaq olmaz ki, hazırki Türkiyə iqtidarı hər nə qədər ABŞ və Qərbdən üz döndərməyə çalışsa da, NATO-nu çeyniyəcək qərarlar qəbul etsə də, Türkiyə dövlətinin ABŞ və Qərblə eləcə də, NATO ilə köklü bir müttəfiqliyi və asan-asan qopmayacaq bir bağlılığı vardır.

    Son olaraq onu da qeyd etmək yerinə düşər ki, Türkiyə və Rusiya yaxınlaşmasının Azərbaycana xeyir gətirib-gətirməyəcəyini zaman göstərəcək. Ancaq yüksəlişə keçən və müttəfiqlik formatı alan bu münasibətlərin ölkəmizin o qədər də xeyrinə olacağını düşünmürəm.



    Toğrul Əmiraslanlı

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər

    Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq....



© 2017 Milliyyətçi Hərəkat