Z.Qurbanlının "Milliyyətçilik və Din" yazısına cavab

    Kategori: teklif / Siyasət / Sosial Tarih: 4-03-2019, 23:52
    Bir neçə gün öncə Meydan tv-də "Milliyyətçilik və Din" başlıqlı Zaur Qurbanlının yazısı ilə güman ki, medianı izləyən çoxumuz qarşılaşmışdıq.

    Z.Qurbanlının "Milliyyətçilik və Din" yazısına cavab


    Geniş auditoriyaya çıxmasaydı, özümə rəva bilməzdim ki, heç bir elmi, məntiqi, tarixi əsasa söykənməyən, qeyri-ciddi fikirlərlə milliyyətçilik haqqında ümumiləşdirilmiş, səthi ittihamlara cavab yazım.

    "Milliyyətçilik və din" başlıqlı sərt, cılız ittihamlarla və absurd eyniləşdirmələrlə dolu yazını oxudum. Əvvəla müəllifin "Milliyyətçilik və din qədim hisslərdir." fikrindən başlayım. Düzdür, din ən qədim hissdir. Şüurlu insanın formalaşdığı vaxtdan var olan mifik təfəkkürdən doğan bir əqidədir. Lakin milliyyətçilik yeni, 18-ci əsrdəki böyük burjua inqilabından sonra formalaşan bir ideologiyadır. Hər millətin formalaşmasında milliyyətçilik önəmli faktor olaraq mühüm rol oynamışdır.

    Digər ideologiyalardan fərqli olaraq milliyyətçiliyin vahid konsepsiyası, vahid doktrinası yoxdur və hər millətin tarixi dönəmə uyğun özünəməxsus milliyyətçilik qavramı var. Milliyyətçilik bir statusa, bir çərçivəyə sığmayacaq qədər geniş, çoxşaxəli bir qavramdır. Yenilənən, hər millətə, hər dövrə görə dəyişən bir ideologiyadır. Kontekst olaraq milliyyətçiliyi iki əsas yöndə təsnifləşdirmək olar. Özünümüdafiə və tərəqqipərvər millətçilik, digəri isə imperialist, istismarçı və irqçi millətçilik. Təbii ki, türk milliyyətçiliyi özünümüdafiə və tərəqqipərvər kontekstdədir. Bunu böyük türkçü ideoloqların yazılarında və fikirlərində oxumaq, ən azından ölkəmizdə formalaşan yeni nəsil milliyyətçilərin hədəf və istəklərindən sezmək asandır. Yazarın ümumiləşdirilmiş absurd ittihamlarına baxsaq, belə çıxır ki, Atatürk, Rəsulzadə, Elçibəy kimi milliyyətçi liderlər Hitler və Mussolini ilə eyni fikirlərin daşıyıcısı olublar, eyni yöndə fəaliyyət göstəriblər. Ümumiyyətlə, milliyyətçiliyi tənqid etmək istəyən yazarlara belə mövzularda diqqətli və qərəzsiz olmalarını tövsiyyə edərdim. Tarix və ideologiya dərsi keçməyə niyyətim yoxdur. Ancaq yazmağa cəhd edəndə ciddi məsələlərə toxunmaq və arqumentlərlə əsaslandırmaq gərəkdir. İnanmıram ki, müəllif bunları bilməyəcək, orta statistik tarix bilgisi olmayacaq qədər cahil olsun. Düşünürəm ki, qərəzindən doğan cahillikdir.
    Yazarın ittihamları adətən boş söz yığınından, paradoks dolu fikirlərdən, yersiz ümumiləşdirilmələrdən ibarət olduğu üçün geniş çaplı cavab yazmağa ehtiyac görmədim.




    Müşviq Vəliyev


© 2017 Milliyyətçi Hərəkat