Hərbiçilərin sosial vəziyyətinə dair təkliflər

    Kategori: teklif / Siyasət / Hərbi / Sosial Tarih: 2-05-2019, 01:13
    Bir qrup hərbiçinin Azərbaycan Respubliksında hərçilərin sosial vəziyyətilə bağlı təkliflərini olduğu kimi diqqətinizə çatdırırıq :

    Hərbiçilərin sosial vəziyyətinə dair təkliflər


    Əziz dostlar!
    Hörmətli həmkarlar!
    Aşağıda Sizlərin diqqətinə təqdim olunan olduqca maraqlı və real təkliflər bir qrup yüksək və eyni zamanda peşəkar zabit dostlarımız tərəfindən demək olar ki, bütün arzu və istəklər nəzərə alınmaqla hazırlanıb və müvafiq dövlət və hökumət orqanlarına da göndərilib. Eyni zamanda onlar bu təkliflərinin edilib-edilməməsindən asılı olmayaraq gündəlik mətbu orqanlar tərəfindən ictimailəşməsini xahiş edirlər.
    Müraciət müəllifləri çoxsaylı hərbçi qardaşlarımızın adından xahiş edirlər ki, aşağıda sadlanan məsələləri aidiyyatı rəhbər vəzifəli şəxslərin qarşısında qaldırılsın:
    1.Mənzil probleminin həlli.
    Bildiyiniz kimi, “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.”
    Hal-hazırda həqiqi hərbi xidmət keçən və ehtiyata buraxımış hərbi qulluqçuların mənzil təminatı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən həyata keçirilir ki, həmin fərmanda da hərbi qulluqçunun 20 (iyirmi) təqvim ilindən artıq qüsursuz xidmət etməsi şərt kimi göstərilir.
    Çox böyük təəssüf hissi ilə qeyd edirik ki, həmin Fərmanı hazırlamış şəxslər və buna Razılıq Rəyi vermiş Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi Azərbaycan Republikasının Konstitusiyasını və qanunlarını kobud şəkildə pozmuşlar.
    Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, qanunvericilik sisteminə daxil olan aktlar aşağıdakı şəkildə sıralanmışdır:
    1. Konstitusiya;
    2. Referendumla qəbul edilmiş aktlar;
    3. Qanunlar;
    4. Fərmanlar;
    5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
    6. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
    Göründüyü kimi, qanun özünün hüquqi çəkisinə görə qanunvericlik sistemində fərmandan üstün hüquqi qüvvəyə malikdir. Yəni, bəzi şəxslər “Hərbi Qulluqçuların Statusu haqqında” Qanunda qeyd olunmuş 15 il təqvim sözünü özbaşına şəkildə fərmanda 20 təqvim ili kimi yazmış, həm də bura heç kimin izah edə bilmədiyi “qüsursuz xidmət”(?) söz birləşməsini əvəz edərək minlərlə hərbi qulluqçunun konstitusion hüququnu kobud şəkildə pozmuş, yüzlərlə hərbi qulluqçunun isə mənzillə təmin olunacağını sual altına qoymuşlar.
    Hazırda Müdafiə Nazirliyinin xətti ilə həyata keçirilən mənzil təminatında bir çox süni şəkildə yaradılan problemlər mövcuddur. Məsələn, vaxtilə vəzifədə, hərbi rütbədə endirilmiş, şərti cəza almış və s. hərbi qulluqçulara qanunsuz şəkildə deyilir ki, sizə mənzil düşmür. Və yaxud hərbi qulluqçu 20 il normal şəkildə xidmət edib, ondan sonrakı dövrdə xidmətində hər hansı bir cəza alıbsa ona deyilir ki, sizə mənzil düşmür. Niyə düşmür? Hansı qanunverici sənədə əsasən düşmür? Buna aydınlıq gətirən yoxdur. Çünki bütün bunların hamısı qanunsuz hallardır.
    Digər tərəfdən, sual olunur ki, əgər qanunda 15 il yazılıbsa nə üçün fərmanda 20 il göstərilir? Kimsə bu gün “qüsursuz xidmət” anlayışının qanunlara istinad edərək hüquqi izahını verə bilərmi? Xeyir. Çünki Azərbaycan Respublikasının hüquq ədəbiyyatında “qüsursuz xidmət” anlayışı yoxdur. Bəs nə üçün minlərlə hərbi qulluqçunun taleyi ilə oynanılır? Nə üçün hərbi qulluqçuya halalca haqqı verilmir? Nə üçün hərbi qulluqçuya Gəncədə, Məmmədli qəsəbəsində və s.mənzil təklif edilir? Nə üçün ailə tərkibinə, o cümlədən müxtəlif cinslərdən olan uşaqlara görə 3 və ya 4 otaqlı mənzil əvəzinə şəhər kənarında, bazar dəyərindən dəfələrlə aşağı 1 və ya 2 otaqlı mənzil verilir?
    Biz hesab edirik ki, bütün bu qanunsuzuqluqlara son qoyulmlıdır.
    Təklif və tələb edirik:
    • Hal-hazırda yüzlərlə hərbi qulluqçuya əngəl yaradan “qüsursuz xidmət” anlayışına qanunlara istinad edərək hüquqi izah verilsin və ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil təminatında yaradılan süni əngəllərə son qoyulsun;
    • Mənzillə təmin olunmada çətinlik varsa hərbi qulluqçulara həmin mənzilin əvəzində bazar dəyərində pul kompensasiyası verilsin;
    • Artıq mənzillə təmin olunmuş, lakin ailə tərkibinə görə 3 və ya 4 otaqlı mənzil əvəzinə 1 və ya 2 otaqlı mənzillə təmin olunmuş hərbi qulluqçulara verilməmiş otağın (otaqların) bazar dəyəri onların bank hesablarına köçürülsün.
    Gələcəkdə isə:
     Hazırda xidmət etməsindən və ehtiyata buraxılmasından asılı olmayaraq qanunvericiliyə əsasən Azərbaycan Silahlı Qüvvələrində 15 təqvim ili xidmət etmiş bütün hərbi qulluqçuların vahid reyestr bazası yaradılsın;
     Nazirlər Kabineti tərəfindən bu kateqoriyaya aid olan hərbi qulluqçulara dövlətə xidmətləri əvəzində ödəniləcək kompensasiynın məbləğini müəyyənləşdiirilsin;
     İldə bir dəfə müvafiq dövlət qurumu tərəfindən təsdiqlənmiş məbləğdə kompensasiya bu kateqoriyaya uyğun olan, adları reyestrdə keçən, dövlət hesabına mənzillə təmin olunmayan hərbi qulluqçuların bank hesabına köçürülsün;
     Nazirlər Kabineti tərəfindən hərbi qulluqçulara ödəniləcək kompensasiyanın məbləği ən azı Bakı şəhərində 2 otaqlı mənzilin bazar dəyərində müəyənləşdirilsin;
    ——————–
    2. Müdafiə Nazirliyinin hərbi-tibbi müəssisələrində tibbi yardım almaq və sanatoriya-kurort müalicə hüququnun bərpa edilməsi.
    Bildiyiniz kimi, “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilir ki, “ yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş və yüksək rütbəli zabitlərin, gizirlərin, miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) vəfat etmiş böyük və yüksək rütbəli zavbitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə, sanatoriya – kurort müalicəsi və istirahət hüququ saxlanılır”.
    Biz hesab edirik ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin həyat və fəaliyyətini tənzimləyən qanunlar sovet dövründə qəbul olunmuş, sonradan azərbaycan dilinə çevrilmiş, zaman-zaman düzəlişlər edilərək tətbiq olunduğundan bu günkü günün reallığına cavab vermir.
    Necə ola bilər ki, hərbi qulluqçu 20 il xidmət etsin, bütün gəncliyini dövlətə və orduya həsr etsin, gərgin hərbi xidmət dövründə sağlamlığını itirsin, 20 təqvim ilindən sonra dövlət ona ömürlük pensiya təyin etsin, Səfərbərlik Xidməti onu hərbi uçota alaraq müharibə şəraitində yenidən hərbi xidmətə çağırsın, Müdafiə Nazirliyi də onu ştata qoyaraq faktiki ölümə göndərməyə razı olsun amma yuxarıda sadalanan bəndlər istisna olmaqla başqa bəndlərlə ehtiyata buraxılmış hərbi qulluqçu Müdafiə Nazirliyinin tibbi müəssisələrində müayinədən keçə bilməsin, xəstədirsə müalicə ala bilməsin, hərbi sanatoriyalarda sağlamlığnı bərpa edə bilməsin? Bu tam şəkildə anormal bir haldır.
    Təklif və tələb edirik:
    “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində düzəliş edilsin, cinayət törədərək azadlıqdan məhrum edilmiş hərbi qulluqçulardan başqa 20 ildən artıq xidmət etmiş və ehtiyata buraxılmış bütün hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) Müdafiə Nazirliyinin hərbi-tibbi müəssisələrində tibbi yardım almaq və sanatoriya-kurort müalicə hüququ bərpa edilsin. Müdafiə Nazirliyinin rəhbərliyi isə qanunda düzəlişləri gözləməyərək həmin tibb müssəsisələrinə artıq indidən belə göstəriş versin.
    ——————–
    3. Ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 2013-cü ilin 1 yanvarından indeksasiya edilərək ödənilməsi.
    Bildiyiniz kimi, “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.
    “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasinin Nazirlər Kabineti 8 Yanvar 2013-cü il tarixli, 2 nömrəli Qərarı qəbul etmiş və həmin Qərarla yeni ərzaq normaları təsdiq olunmuş, 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 1-ci hissəsi və 2001-ci il 19 iyul tarixli 125-6 nömrəli qərarı 2012-ci il 31 dekabr tarixindən ləğv edilmişdir.
    Həmin Qərar 2013-cü ilin 1 yanvarından qüvvədə olmasına baxmayaraq bu günədək hərbi qulluqçulara ərzaq payı əvəzinə pul kompensasiyası elə əvvəlki qaydada, yəni 64 manat olaraq ödənilir.(?) Niyə? Nə üçün Nazirlər Kabinetinin Qərarına əməl olunmur? Niyə bizim halalca haqqımız yeyilir?
    2019-cu ilin büdcə müzakirələri və təsdiqi zamanı maliyyə naziri S.Şərifov tərəfindən 2019-cu ildə hərbi qulluqçulara ödənilən ərzaq payı əvəzinə pul kompensasiyasının miqdarının artacağı və artıq büdcədə bunun üçün vəsait nəzərdə tutulduğu qeyd olunmuşdur.
    Təklif və tələb edirik:
    “Hərbi Qulluqçuların Statusu Haqqında”Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə və Nazirlər Kabinetinin 8 Yanvar 2013-cü il tarixli, 2 nömrəli Qərarına uyğun olaraq xidmət edən və ehtiyata buraxılmış hərbi qulluqçulara ödənilən ərzaq payı əvəzinə pul kompensasiyasının artım hissəsi 2013-cü ilin 1 yanvarından etibarən hesablanaraq ödənilsin.
    —————–
    4. Hərbi rütbə pullarının əhəmiyyətli dərəcədə artırılması.
    “Hərbi Qulluqçuların Statusu Haqqında”Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır.
    Hal-hazırda həm xidmət edən, həm də ehtiyata buraxılmış hərbi qullquçulara hərbi rütbələrə görə ödənilən pul vəsaitinin miqdarı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 oktyabr 2017-ci il tarixli “Hərbi qullqçuların pul təminatı haqqında Əsasnamə” ilə müəyyən edilir.
    Təssüf hissi ilə qeyd edirik ki, hərbi rütbə pullarının məbləği günün reallığna cavab vermir və çox aşağıdıdr. Çünki, hərbi rütbə özü-özlüyündə ordu sistemində ierarxiya göstəricisidir və bunun da pulla ekvivalenti reallığa uyğun olmalıdır.
    Təklif və tələb edirik:
    Hərbi qulluqçulara ödənilən hərbi rütbə pullarının əhəmiyyətli dərəcədə artırılması üçün aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılsın.
    ——————-
    5. İşlə təmin olunma problemi.
    “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanununun 4 və 5-ci maddələrin əsasən, həqiqi hərbi xidmətdən buraxılarkən hərbi qulluqçuların təhsili və ixtisası nəzərə alınmaqla işə düzəlməsinə təminat verilir.Yerli icra hakimiyyəti başçıları həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların ixtisası nəzərə alınmaqla işə düzəlməsini müraciət günündən ən geci bir ay keçənədək təmin etməlidirlər.Buraxılmalı olan hərbi qulluqçuların xalq təsərrüfatında işləmək üçün peşə hazırlığını təmin etmək məqsədilə imkanı olan hərbi hissələrdə və müəssisələrdə və ya həmin regionun müvafiq dövlət müəssisələrində, idarələrində və təşkilatlarında belə şəxslərə hərbi xidmət vəzifələrinin icrasından asudə vaxtlarda mülki ixtisaslar öyrədilməsi təşkil edilir.
    Bu gün acı bir həqiqəti hamımız etiraf etməliyik ki, hərbi qulluqçu ehtiyata buraxıldıqdan sonra heç kimə lazım olmayan bir insan statusundadır. Çünki, icra hakimiyyətinin bu günədək hər hansı ehtiyata buraxılmış hərbçini işlə təmin etməsinin şahidi olmamışıq. Eyni zamanda icra qurumlarında çalışan adamların hərbçi həyatından, hərbçi psixologiyasından xəbərləri olmadığı üçün onları bu problem narahat etmir.
    Təklif edirik:
    • Müdafiə Nazirliyi ƏƏSMN ilə birlikdə ehtiyata buraxılmış və buraxılacaq hərbi qulluqçular üçün mülki ixtisaslar üzrə yenidən hazırlıq kursları təşkil etsin.(Məsələn, menecer, administartor və s)
    • Kursların Sertifikatları ƏƏSMN tərəfindən verilməsi məqsəduyğundur. Çünki, sonradan işə qəbul zamanı “sən MN-də kurs bitirmisən” kimi bəhanələr ortaya çıxmasın.
    • Kursları bitirən hərbi qulluqçuların dövlət və qeyri dövlət təşkilatlarında işə düzəlməsinə əməli şərait yaradılsın və Nazirlər Kabinetinin buna dair Qərarının qəbul olunmasına nail olunsun və s.
    6. Silahlı Qüvvələrin Veteranlarına imtiyazların verilməsi.
    “Veteranlar haqqinda” Azərbaycan Respublikasinin Qanunununn 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında «(SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfi ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları Silahlı Qüvvələrin Veteranları sayılırlar.
    Həmin qanuna əsasən veteranların, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi, dərman və müalicə vasitələri ilə təminat, ictimai nəqliyyatdan istifadə sahəsində güzəştlər, sanatoriya-kurort müalicəsi almaq və s. kimi güzəştlər nəzərdə tutulmuşdu.
    Bu gün acı bir həqiqəti qeyd etməliyik ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 25 il və daha çox hərbi xidmət keçmiş, Müdafiə Nazirliyinin müvafiq komissiyasının Qərarı əsasında “Silahlı Qüvvələrin Veteranı” adını və Vəsiqəsini almış veteranlar yuxarıda sadalanan imtiyazların heç birindən istifadə edə bilmirlər. Çünki qanunda dəyişiklik olunaraq bu imtiyazların Silahlı Qüvvələrin veteranlarına şamil olunması məhdudlaşdırılmışdır.
    Onda sual olunur ki, “Silahlı Qüvvələrin Veteranı” adı və Vəsiqəsi nəyə lazımdır? Niyə Müdafiə Nazirliyi Komissiya yaradaraq, xərc çəkərək bu vəsiqələri təqdim etməklə məşğuldur?
    Təklif və tələb edirik:
    Müdafiə Nazirliyi tərəfindən Milli Məclisə müraciət olunaraq Silahlı Qüvvələrin veteranlarına imtiyazların verilməsi məsələsi gündəliyə gətirilsin və buna nail olunsun.
    7. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalının ehtiyata buraxılmış hərbi qulluqçulara verilməsi.
    Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci i tarixli, 1506 saylı Fərmanına əsasən, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis olunmuş və həmin medalla təltif olunma səlahiyyəti Azərbaycan Respublikasının Müdafiə Nazirinə verilmişdir.
    Bununla bağlı qeyd edirik ki, həmin medalın hərbi qulluqçularla yanaşı Azərbaycan Ordusuna heç bir aidiyyatı olmayan şəxslərə (deputatlara, məmurlara və s.) verilməsi cəmiyyətdə çox böyük narazılıq yaratmışdır. Ən təəccüblüsü isə odur ki, həmin medalın ehtiyata buraxılmış və müasir Azərbaycan Ordusunun təşklində, formalaşmasında xidmətləri olmuş (can qoymuş), hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara verilməsi həyata keçirilməmişdir. (?)
    Təklif və tələb edirik:
    “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalının ehtiyata buraxılmış hərbi qulluqçulara verilməsi həyata keçirilsin.

    Fuad Şərifzadə


    Milliyyet.org


© 2017 Milliyyətçi Hərəkat