Mütəllibov hökumətinin DQMV yanlışı

    Kategori: Milliyyətçi Hərəkat / teklif / Bloq / Siyasət Tarih: 2-05-2019, 01:18
    Son dönəm ümumilikdə Qarabağ məsələsi, danışıqların formatı və s. kimi mövzular yenidən gündəmin başlıca müzakirə predmetinə çevrildiyi bir vaxtda münaqişənin müstəqillikdən bəri olan hissəsinə tarixi ekskurs edərkən bir məqamı vurğulamaq yerinə düşər:

    Mütəllibov hökumətinin DQMV yanlışı


    1991-ci ildə müstəqillikdən həmən sonra Xankəndidə separatçıların nümayişləri fonunda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ləğv edilməsi strateji baxımdan yanlış qərar olub. Mütəllibov hökumətinin bu tələsik və həllə yönəlik olmayan addımı əslində münaqişəni süni şəkildə uzatmaq istəyən tərəfə bəhanə verib və ölkəmizin danışıqlarda əlinin zəifləməsinə xidmət edib.

    Belə ki, muxtariyyət həmin vaxt ləğv edilməsəydi, Bakıda Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən bir qrup loyal erməni (lap pulla satın alınmış erməni) və Qarabağın yerli türklərindən ibarət yeni DQMV parlamenti, məhkəmə və icra hakimiyyəti orqanları, rəhbərlik formalaşdırmaq və Azərbaycana bağlı olan bu DQMV-ni beynəlxalq arenada ölkəmizin xeyirinə istifadə etmək, müsbət imic yaratmaq, ermənilərin dünyada Qarabağla, Azərbaycan tərəfinin tutumu ilə bağlı apardığı təbliğatı, kompaniyaları real şəkildə təsirsizləşdirmək və qarşısını almaq olardı.

    Bundan başqa danışıqlarda qondarma rejimin tərəf kimi iştirak etməsi məsələsi gündəmə gətiriləndə separatçıların əvəzinə DQMV-ni alternativ olaraq təqdim etmək diplomatik gedişlərdə əlimizi gücləndirən faktora çevrilərdi.

    Bununla həmçinin ölkəmiz yerli icmaların danışıqlar prosesinə cəlb edilməsində hüquqi baxımdan adi bir QHT olan “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi ilə yox, daha legitim, daha ciddi, daha rəsmi və həmçinin daha qapsayıcı bir qurumla çıxış edəcəkdi.

    Belə ki, QHT-icmada yalnız türklər təmsil olunduğu halda DQMV-də həm də loyal ermənilərin də olması Azərbaycanın danışıqlarda yalnız bir tərəfdən çıxış etməsinin qarşısını alacaq, münaqişə tərəfləri olan türk və erməni tərəflərinin hər ikisindən çıxış edə bilməsinə və bununla da Azərbaycanın mövqeyinin tərəflərdən hər ikisinin dilindən müdafiə olunması mümkün olacaqdı. Bu həm də ölkəmizin milli maraqlarına daha uyğun olan “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili məsələsidir” ritorikasının beynəlxalq təşkilatlarda əsaslandırılmasına zəmin yaradacaq və Gürcüstan, Ukrayna və Moldovada ərazi bütövlüyü mübahisələndirilmədən dəstəkləndiyi kimi Azərbaycanın ərazi bütövlüyünün də Qarabağ daxil olmaqla mübahisəsiz şəkildə qəbul edilməsinə gətirib çıxarardı.

    Güman ki, ruspərəst Mütəllibov hökuməti bu addımı məhz Ermənistan və Azərbaycanı daim bu münaqişə vasitəsilə əlində saxlamaq istəyən və həmin dönəmdə prosesləri daha da körükləməyə çalışan Moskvanın tapşırığı ilə atıb.





    Coşqun Əliyev


© 2017 Milliyyətçi Hərəkat