Milli Məclisə namizəd Gündüz Sadiqovun seçki platforması

    Kategori: Milliyyətçi Hərəkat / Siyasət Tarih: 17-01-2020, 23:31
    Artıq təşviqat dövrüdür və SEÇKİ PLATFORMAMI ictimaiyyətlə bölüşürəm !

    Milli Məclisə namizəd Gündüz Sadiqovun seçki platforması

    Mən, Gündüz Sadiqov 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizədliyimi öz təşəbbüsümlə irəli sürmüşəm, bitərəfəm. 1988-ci ildə anadan olmuşam, 32 yaşım var, ailəliyəm, bir oğlum var. Ali təhsilliyəm, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunuyam. Bu vaxta qədər özəl və dövlət sektorunda müxtəlif sahələrdə çalışmışam. Hazırda ictimai fəaliyyətlə məşğulam, aylıq dərc olunan elmi-ictimai-siyasi “Vətən və Millət” qəzetinin təsisçisi və baş redaktoruyam. Millətsevər və vətənpərvər Azərbaycan sevdalısıyam. Seçki platformamı sizə təqdim etmək istərdim.
    Platformam iki hissədən ibarətdir. Birinci hissə bölgə ilə bağlı məsələlərdir. İkinci hissə isə bütün ölkə əhalisini narahat edən problemlərdir.

    Bölgəsəl:

    İmzatoplama kampaniyası zamanı yüzlərlə vətəndaşla ünsiyyətdə olduq, onların problemlərini dinlədik və platformamızı ilk növbədə sadə vətəndaşların problemlərinin həlli yönündə tərtib etməyi qərar verdik. Ən çox səslənən problemlər köhnə tikili binaların bloklarının, həyətlərin vəziyyəti ilə bağlıdır. Bir çox sakinlər blokların təmirsizliyi, natəmizliyi, zirzəmilərin baxımsız qalmağından, zirzəmilərin kanalizasiya suları ilə dolmasından şikayətçi idi. Bundan başqa, sadalanan problemlər arasında istirahət məkanlarının yoxluğu da özəlliklə vurğulanırdı. Millət vəkili seçildiyim təqdirdə sıralanan problemlərdən əlavə, tüstü bacaları, istilik sistemi, liftlər, kanalizasiya sistemi, sanitar-epidemioloji problemlər, damların durumu, küçələrin işıqlandırılması məsələlərinin həlli yolunda müəyyən addımlar atılacaq, Milli Məclisdə səsləndiriləcək, aidiyyatı orqanlara çatdırılacaq. Yerli icra orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların üzərində ictimai nəzarətin təmin edilməsi ilə bağlı müvafiq addımlar atılacaqdır.

    Ölkəsəl:

    Ölkəmizdə həssas təbəqələrdən biri də pensiyaçı ahıl vətəndaşlarımızdır. Yaşa və staja görə pensiyanın məbləği xeyli aşağıdır, eyni zamanda son illər davamlı şəkildə pensiya yaşının artırılması tendensiyası müşahidə olunmaqdadır. Biz pensiya ilə bağlı sadalanan hər iki problemin aradan qaldırılması üçün çalışacağıq, aidiyyatı qurumlar qarşısında məsələləri qaldıracağıq. Digər bir həssas təbəqə isə veteranlar, şəhid və qazi ailələri, eyni zamanda əqli və fiziki məhdudiyyətli əlil insanlarımızdır. Biz məhz bu təbəqəyə dövlət tərəfindən daha çox diqqət və qayğı göstərilməsi üçün əmək sərf edəcəyik. Ölkəmizdə digər iqtisadi problemlərindən biri də işsizlik, maaşların miqdarı, inflyasiya və qiymət artımı kimi problemlərdir. Bu sahədə bizim başlıca hədəfimiz zamanın tələblərinə cavab verən yeni iş yerlərinin yaradılması, əmək haqlarının yüksəldilməsi və rəqabətli bazar şəraitində məhsulların alıcı və satıcılara sərf edən ən optimal və minimal qiymətlərlə təklif olunmasıdır. Digər problemli sahələr əsasən təhsil, səhiyyə və nəqliyyat sferalarıdır. Pulsuz və dünya standartlarına cavab verən keyfiyyətli təhsil və tibbi xidmətlərin göstərilməsi, bu sahələrdə savadlı kadrların yetişdirilməsi, təhsil və səhiyyə sferalarını vətəndaşların maraqlarına tam uyğunlaşdıracaqdır. İctimai nəqliyyatdakı qiymətlərin aşağı salınması, marşrut xətlərinin genişləndirilməsi, abad yolların salınması, tıxac məsələsinin həll olunması üçün çalışacağıq. Vətəndaşlarımızı narahat edən ən başlıca problem isə məmur özbaşınalığı və korrupsiya hallarıdır ki, bunlar da qanunun aliliyinə xələl gətirir. Biz hesabatlı hökümət, şəffaf idarəetmə, ədalətli qərar qəbuletmə uğrunda mübarizə aparacağıq. Ölkəmizin bir nömrəli problemi isə, heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsidir. Biz bu problemin də ölkəmizin milli maraqlarına uyğun olaraq, dövlətimizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə çözülməsi üçün çalışacağıq, əks təqdirdə, münaqişənin hərbi yolla həlli üçün ictimai fikrin çatdırılmasında qətiyyət göstərəcəyik.
    Bizim əsas hədəfimiz demokratik cəmiyyət, milli dövlət, qanunun aliliyi, gender bərabərliyi, ölkəmizin Avro-Atlantik məkana və Türk Dünyasına inteqrasiya olunması və Bütöv Azərbaycandır.
    Biz Azərbaycanı ekoloji problemi olmayan, meritokratik idarəçilik sistemli, elmtutumlu sənayeyə və bilik iqtisadiyyatına söykənən, yerli istehsalı təşviq edən, yüksək kadr potensiallı iqtisadi sistem çərçivəsində loyal və ictimai fəal vətəndaşları olan, sosial ədalət prinsipini rəhbər tutan, insanların müxtəlif qanunvericilik təşəbbüslərinə açıq olan bir dövlət olaraq görmək istəyirik.
    Bütün bu problemlərin çözülməsi, arzularımızın reallaşması üçün, azad, hüzurlu, rahat həyat üçün, rifahlı, güclü, bütöv, abad Azərbaycan üçün vətəndaşlarımızın seçkiyə inamı bərpa olunmalı və insanlarımızın canü-könüldən hamılıqla bir nəfər kimi seçkiyə gəlməsi, layiq bildiyi və inandığı namizədə səs verərək iradəsini nümayiş etdirməsi mütləqdir. Bizim dairəmizdə 40 mindən çox seçici qeydiyyatdadır və bu sayda da bülleten çap olunmuşdur. Əgər hər kəs seçkiyə gedərək səsinə sahib çıxsa, bülletenini şəxsən doldursa, heç bir qüvvə millətimizin iradəsinə zidd olaraq seçkiyə müdaxilə edə və insanlarımızın gələcəyini qəsb edə bilməz. Hər şey sənin əlindədir, Vətəndaş! Özünə dön, seçkiyə gəl və səsinə sahib çıx!

    GƏLƏCƏK KEÇMİŞDƏN DAHA YAXINDIR!
    Sayğılarla, sizin namizəd Gündüz Sadiqov.


© 2017 Milliyyətçi Hərəkat