Bəyannamə

    Kategori: Milliyyətçi Hərəkat Tarih: 3-04-2017, 22:19
    Bəyannamə

    Bu bəyannamə Milliyyətçi Gənclər Təşkilatının əsas ideoloji baxışlarını özündə əks etdirir. Yazılan fikirlər bölgəyə xas olub hər kəs üçün ideologiyanın ümumi normativlərini bərqərar edir. Buna görə də, bəyannamə milliyyətçiliyin bölgəyə özəl tək legitim baxış bucağı hesab edilir, üstəlik, gələcək daha geniş konsepsiya və proqram üçün zəmin yaradır.

    I. Giriş

    Hər bir insanın ən təbii məqsədi özünü yaşatmaqdır. Normal yaşam üçün isə insan bəzi zəruri ehtiyaclarını ödəmək məcburiyyətindədir. İnsanlıq yarandığı vaxtdan sözü keçən ehtiyaclarını təmin etmək üçün müxtəlif birgəyaşam biçimləri yaratmışdır. Bu topluluqlar öz məqsədlərinə çatdıqca biçim olaraq daha da təkmilləşmiş, öz daxilində bəlli bir münasibətlər sistemi formalaşmış və mənəvi dəyərlərlə zənginləşmişdir. İnsanlar öz ehtiyaclarını yalnız bəlli bir topluluq daxilində yaşayaraq ödəyə bildiyi üçün, topluluğa daxil olan insanlarda qarşılıqlı asılılıq və bundan doğan öhdəlik yaranır. Bu öhdəliyin təlqin etdiyi fikir ondan ibarətdir ki, insanın fəaliyyəti təkcə öz maraqları ilə məhdudlaşmamalı, aid olduğu topluluğun xeyirini, inkişafını da əhatə etməlidir. Çünki şəxsi maraqlar yalnız ümumi maraqlarla harmoniyada olduqda uğurla təmin olunur. Əks təqdirdə, ümuminin əzilməsi hesabına şəxsin əldə edəcəyi keçici qazanclara görə gələcəkdə ona aid olduğu topluluq tərəfindən daha böyük zərər dəyəcək. Yuxarıda yaranma səbəbi və önəmi vurğulanan birgəyaşam topluluqları arasında digər əlamətlərə (ümumi ərazi, peşə, gəlir səviyyəsi, təhsil və s.) əsaslanan sosial topluluqlardan fərqli olaraq etnik-milli topluluqlar daha sabitdir. Bu topluluqların fərdləri arasında daha çox ortaq nöqtə və daha güclü bağlar var. İnsanın peşəsi, yaşayış yeri, maddi durumu həyatı boyu dəyişə, ailəsi, dostları olmaya, hansısa kollektivdə işləməyə bilər, lakin, etnik-milli mənsubiyyəti onun ömürlük xarakteristikasıdır. Belə ki, millətin xoşbəxtliyi olmadan ayrı-ayrı şəxslərin xoşbəxtliyi olmur, olanlarınkı isə uzun çəkmir.

    II. Ümumi qavramlar

    Bəyannamədə işlənən bəzi sözlər insanlar arasında fərqli cür anlaşıldığına görə onları bir qavram olaraq normativləşdirmək gərəyi yaranır:
    1) Bəlli bir ərazi əlaməti olan (dövlət, ölkə, bölgə) yerdə yaşayan insan topluluğu xalq adlanır. (Belə olduqda, örnək olaraq “özbək xalqı” qeyri-dəqiq ifadə sayılır.)
    2) Ortaq keçmişləri ilə bəlli bir ərazidə birgə yaşayan, bunun nəticəsi kimi aralarında qohumluq əlaqələri olan, eyni dildə danışaraq ortaq kültürü (hars-culture) paylaşan insan topluluğuna milliyyət (etnos) deyilir.
    3) Milliyyəti yaradan faktorlara ortaq milli özünütanımlama (identifikasiya) daxilində birlik şüurunu, iqtisadi həyat birliyini və bir dövlət halında birləşməni əlavə etdikdə millət qavramı ortaya çıxır.
    4) Milliyyətin-etnosun üzərində yaşadığı, özünə aid etdiyi və onu qorumaq bilincində olduğu ərazi vətən-yurd adlanır. Milliyyət-etnos tam şəkildə millətə çevrildikdə bərabərində vətəni-yurdu da siyasi mahiyyət qazanaraq dövlət ərazisinə çevrilir.
    5) Hazırda türk topluluğu 3 cürdür:
    A) Türkiyədə yaşayıb türk dilində (Türkiyə türkcəsində) danışan türk milləti
    B) Əsasən Azərbaycan coğrafiyasında yaşayıb türk dilində (Azərbaycan türkcəsində) danışan türk milliyyəti
    C) Dünya üzərində sayı 200 milyona çatan, tərkibinə daxil olanların dilləri türk dil ailəsinə aid olan türk superetnosu.
    6) Türkçülük və ya Pantürkizm milliyyətçilik-millətçilikdən fərqli olaraq türk superetnosunun ümumi maraqlarından çıxış edən ideologiya.
    7) Turançılıq və ya Panturanizm türkçülüyə aid anlayışlardan biri. Günümüzə uyğun olaraq türk superetnosu daxilində ortaq əlifba, ədəbi dillərin bir-birinə yaxınlaşdırılması, dövlətlər arasında viza və gömrüyün aradan qaldırılması, ortaq parlament və valyutanın yaradılması, həmçinin, ordu və digər sahələrdə yaxın əməkdaşlığı özündə ehtiva edir.
    Qeyd: Bu normativlərin qəbulundan əvvəl, keçmişdə işlənən qavramlara o dövrün şərtləri ilə yanaşmaq lazımdır. Eyni münasibət bu normativlərdən xəbərsiz sadə insanların nitqinə qarşı da olmalıdır.

    III. İdeologiyanın başlıca anlayışı, “Fədakar insan”

    Giriş bölümündə bəhs edilən öhdəliyin təlqin etdiyi fikirə görə insanlarda aid olduğu topluluğun yaxşılığını, daimi inkişafını istəyən təbii duyğular yaranır. Bu duyğular örnək olaraq pilləli şəkildə ailəyə, qohumlara, fəaliyyət göstərdiyi kollektivə, dostlara, yaşadığı məhəllə/bölgəyə, milliyyət/millətinə və bəşəriyyətə aid olur. Bunlar arasında daha sabit, daha çox ortaq nöqtə və güclü bağlardan ibarət kütləvi topluluq etnik-milli birliklər olduğundan bu pillədə sözükeçən təbii duyğular böyüyərək bir ideologiyaya çevrilir:
    Milliyyətçilik/millətçilik-öz milliyyətini/millətini sevmək və bu sevginin verdiyi güclə onun daha da inkişaf edib irəli getməsi üçün çalışmaq deməkdir.
    Etnos-milliyyət millət səviyyəsinə yüksəldikdə uyğun olaraq milliyyətçilk də millətçiliyə çevrilir. Bu baxımdan milliyyətçiliklə millətçilik arasında prinsipcə fərq olmamaqla birlikdə, eyni ideologiyanın bir-birini tamamlayan parçalarını təşkil edirlər. Hər ikisinin kökündə duran başlıca anlayış milli maraqların təmin edilməsidir.
    Milliyyətçiliyin (millətçiliyin) bir ideologiya olaraq özəlliyi də kökündə duran bu anlayışın təbiiliyi və ehkamçılıqdan uzaq olmağıdır. Milli maraqlar hər zaman var olan durumda və istənilən sahədə milliyyət-millət üçün ən yaxşısını tələb edir. Milliyyətçilik müxtəlif hadisələrə münasibətdə milli maraqları əsas alır. Hər bir məsələdə yönü, tutumu yalnız milli maraqlara görə bəlirlənir ki, bunlar da baxış bucaqları olaraq qəbul edilir. İdeologiyada başlıca anlayış olan “milli maraqların təmini” hər sahədə ən yaxşını tələb etdiyinə görə, baxış bucaqları da milliyyət-millətlərə, həmçinin, var olan duruma uyğun olaraq zamanın tələblərinə uyğunlaşır. Yəni, ideologiyanın başlıca anlayışı dəyişilməzdir və bu anlayış ondan törəyən baxış bucaqlarının milliyyət-millətlərə və hətta eyni bir milliyyət-millət daxilində zamana görə dəyişməsini tələb edir ki, ideologiyanı stereotiplərdən, ehkamçılıqdan qoruyan da məhz bu özəlliyidir.
    Çoxluq hər zaman rasional ola bilmədiyinə görə, milli iradə də milli maraqları hər zaman doğru təyin etmək bacarığında olmur. Belə olduqda sağlam düşüncəyə və rasional qərar qəbuletmə bacarığına malik fədakar insanlara ehtiyac yaranır. İnsanların fəaliyyətinin başlıca hərəkətverici və yönverici qüvvəsi onların şəxsi maraqlarıdır. Şəxsi maraqlarının ümumi maraqlara münasibətinə görə 4 tip insan vardır:
    1) Şəxsi marağı ümumi ilə ziddiyyət təşkil edənlər
    2) Şəxsi marağı ümumiyə nəzərən neytral olanlar
    3) Şəxsi marağı ümumi ilə harmoniyada olanlar
    4) Şəxsi marağı elə ümumi maraqlar olanlar
    Milliyyətçilər son 2 tip insanlardan ibarət olmaqla bərabər, sonuncu kateqoriyaya daxil olan insanlar həm də fədakar insanlar adlanır. Özünütəyin prosesini tamamlamış fədakar insanlardan ibarət elita özəlliklə apolitik və siyasi şüuru aşağı olan toplumlarda öz sağlam düşüncələri vasitəsi ilə milli maraqları təyin edir, etdiyini gerçəkdən istəyir, istədiyinə inanır və inandığına görə heç nəyə baxmayaraq bunun üçün çalışırlar.

    IV. İdeologiyanın prinsipləri

    1) Məfkurəsinə-ideologiyasına inanmış olmaq
    2) (Milliyyətə) Millətə rəğmən millət üçün çalışmaq
    3) Yüksək vəzifə əxlaqı ilə bacardığı sahədə milliyyət-millətin inkişafına töhfə vermək
    4) Milli maraqlardan taviz verəni, güzəştə gedəni bağışlamamaq, bağışlayanı düşmən saymaq
    5) Milli dəyərlərini, mədəniyyətini yaşatmaq və qorumaq
    6) Mədəniyyətinə, tarixinə, yurduna, ulularına sevgi və sayğı duymaq

    V. Münasibətlərdə “fərdi və toplu” səviyyə bölgüsü

    İnsanlara qarşı olan münasibətlər fərdi səviyyədə və ya toplu səviyyədə ola bilər. Fərdə qarşı münasibət onun özəlliyinə, yəni, düşüncə tərzi və şəxsi keyfiyyətlərinə görə təyin olunur və bunlar fərdin maddi durumundan, cinsiyyətindən, dinindən, etnik-milli kimliyindən tam asılı olmur. Müxtəlif fərdlər arasında onların özəlliklərinin qarşılıqlı müqayisəsini apararaq bəlli bir nəticəyə gəlmək mümkündür.
    Topluluqlar da fərdlərdən ibarət olduğuna görə, həmin fərdlərin əksəriyyətinə aid olan özəlliklər elə həmin topluluğun özəllikləri sayılaraq onun orta tipini yaradır. Topluluğa qarşı münasibət bu orta tipin özəllikləri əsasında bəlirlənir. Fərdlərdə olduğu kimi, müxtəlif topluluqlar arasında da onların orta tipinin özəlliklərinin müqayisəsini apararaq nəticə çıxarmaq mümkündür.

    VI. Milliyyətçi Hərəkat

    İdeologiyanın 3-cü bölümdə bəhs olunan kökündəki təbii fikri ona hər daim geniş tərəfdar qazandırıb. Xüsusilə bəzi dönəmlərdə bu özünü daha qabarıq göstərir. Belə ki, dövrə uyğun olaraq milliyyətçilik bir zərurət halını alır, kütləviləşir, bu yöndə fəaliyyət göstərən təşkilatlar ortaya çıxır və onlar zərurətdən yaranan istəkləri uğrunda müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu sahələr xeyriyyəçilik, ictimai (elmi, mədəni, təbliğat-təşviqat), fiziki (silahlı) və siyasi sahələrdir.
    Belə olduqda yeni bir anlayış- milliyyətçi hərəkat anlayışı daxil edilməlidir. Yuxarıda yazılanları ümumiləşdirərək milliyyətçi hərəkat anlayışını bu cür ifadə etmək olar:

    Milliyyətçi hərəkat- bəlli bir məkanda formalaşan mühitdə milliyyətçilik ideologiyasını mənimsəmiş çoxsaylı insanların təşkilatlanaraq zamanın gərəkdirdiyi milli istəkləri uğrunda apardıqları hərtərəfli mübarizədir.

    Hərəkat ideologiyanın bəlli bir ərazidə, bəlli bir zaman kəsiyi daxilindəki halıdır.
    Hərəkatlar səbəbdən doğan zərurətdən dolayı yaranırlar. Quzey Azərbaycan mühitində zaman 3 nəsil milliyyətçi hərəkat yetişdirib. Hər birinin özünəməxsus özəllikləri var. Buna görədir ki, 3 nəsil arasında bioloji varislik olsa da, gedilən yol baxımdan bəzi fərqliliklər vardır.

    19-cu yüzilliyin başlanğıcı quzey Azərbaycan mühitində dərəbəylik, feodal zülmü, iqtisadi çətinlik, cahiliyyə və dini xurafatla müşayiət olunurdu. Belə bir mühit, sadalanan problemlər səbəbindən bir təbii zərurət yaranırdı. Bu zərurət var olan problemlərin aradan qaldırılaraq sağlam gələcəyə doğru addımlamaq idi və nəticədə 19-cu yüzilliyin ortalarında quzey Azərbaycanda‪ ‎birinci nəsil milliyyətçi hərəkat‬ formalaşmağa başladı. Hərəkatın ilkin dövrü müəyyən anlamda kortəbii xarakter daşıyaraq əsrin sonuna qədər davam etdi. İlk dövrün mübarizə üsulları maarif işi, xeyriyyəçilik və qaçaqlıq idi. Quzey Azərbaycanın çar Rusiyasının siyasi sınırları içərisinə girməsinə baxmayaraq, əsas məsələ bu deyil, iqtisadi durumun çətinliyi və xalq arasında savadsızlığın, həmçinin, dini xurafatın geniş yayılması və bunların toplumun inkişafına əngəl olması idi. ‪‎
    Mirzə Fətəli Axundov‬un toplumda kök salmış dini xurafata qarşı maarif sahəsində apardığı mübarizə, oxuma-yazmanı asanlaşdırmaq üçün əlifba islahatı layihəsi, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin açılması üçün səyləri, ilk dramaturq olaraq yazdığı yenilikçi ruhda olan əsərləri milliyyətçi hərəkata passionar enerji verərək onun ilk rüşeymi olmuş və həm sağlığında, həm də ölümündən sonra bir çoxlarına təsir göstərmişdir.
    Həsən bəy Zərdabinin "Cəmiyyət-i Xeyriyyə"-si, ilk türkcə teatr tamaşaları, "Əkinçi" qəzetini çıxartması ilə milli mətbuatın əsasını qoyması və yenilikçi fikirləri, ‎Seyid Əzim Şirvani‬ və tələbəsi ‪‎Mirzə Ələkbər Sabir‬in tənqidçi ruhdakı satirik şeirləri, dövri mətbuatdakı yazıları, pedaqoji fəaliyyətləri, Məhəmmədağa Şahtaxtınski‬nin "Şərqi Rus" qəzeti, "təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsi, ‪‎Aleksey Çernyayevski‬nin Qoridəki müəllimlər seminariyasının Azərbaycan şöbəsinə bölgə-bölgə gəzib tələbələr toplaması, oradakı pedaqoji fəaliyyəti, Rəşid bəy Əfəndiyev‬ və ‪‎Firudin bəy Köçərli‬ ilə birgə yazdıqları "Vətən dili" dərsliyi, ‎Nəriman Nərimanov‬, ‪‎Mahmudbəy Mahmudbəyov‬, ‪‎Budaqov‬,‪ ‎Rəşid bəy İsmayılov‬, Sultan Məcid Qənizadə‬nin məktəblər üçün türkcə dərslikləri, sonuncunun "Rus-Tatar" məktəbini yaratması toplumda müsbətə doğru böyük dəyişikliklərə səbəb oldu və artıq hərəkatın ikinci, yəni, mütəşəkkil ictimai-siyasi dövrünə keçid üçün zəmin yaratdı.
    Milliyyətçi hərəkatın ikinci dövrü 20-ci yüzilliyin əvvəllərindən başladı. İkinci dövrdə də maarif və xeyriyyəçilik işləri artan xətt üzrə davam edirdi, lakin, 2 yeni- silahlı və siyasi mübarizə üsulları da bura əlavə olunmuşdu.
    Hacı Zeynalabdin Tağıyevin "Müsəlman Xeyriyyə Cəmiyyəti" yaratması və fəaliyyəti, milli kadrlar yetişdirmək üçün xaricdə oxuyan tələbələrə təqaüdlər ayırması, açdırdığı "Qızlar Gimnaziyası" və digər məktəb-texnikumları, yenilikçi və qabaqcıl fikirləri ilə topluma təsir göstərən "Füyuzat", "Həyat" kimi qəzet-jurnallara sponsorluq etməsi,‪ Cəlil Məmmədquluzadə‬nin "Molla Nəsrəddin" jurnalı vasitəsilə tərbiyələndirici fəaliyyəti, ‪‎Əli bəy Hüseyinzadənin‬ tanınmış üçlü düsturu,‪ ‎Əlimərdan bəy Topçubaşovun‬ dövlət dumasında milli haqqların müdafiəsinə yönəlmiş tutumu, ictimai-siyasi sahədəki mübarizəsi, Məhəmməd Əmin Rəsulzadə‬nin Müsəlman Gənclik Təşkilatı, "Açıq söz" qəzetindəki yazıları, Müsavat partiyasındakı fəaliyyəti, ‪Əhməd bəy Ağaoğlunun‬ Difai təşkilatını yaratması və təşkilatın gördüyü işlər, Fətəli xan Xoyski‬, ‪‎Hüseyin Cavid‬, ‪‎Abdulla Şaiq‬, ‪‎Abbas Səhhət‬,‪ ‎Ömər Faiq Nemanzadə‬, ‪‎Üzeyir Hacıbəyov‬ kimi şəxslərin, əlavətən, ilk başlarda Hümmət, İttifaqi-əl Müslimin, Müdafiə, İctimai təşkilatlar komitəsi, Milli Şura kimi partiya və təşkilatların fəaliyyəti, hərəkatın ikinci dövründə ictimai-siyasi sahədə özünəməxsus ab-hava, baza yaratmaqla 1918-ci ildə‪ ‎müstəqil dövlətin‬ əmələ gəlməsinə gətirib çıxardı. Dövlətin 23 aylıq fəaliyyətindən sonra ‪işğala‬ məruz qalması isə hərəkatın yönünü dəyişdirərək ‪milli azadlıq‬ mahiyyəti almasına səbəb oldu. Lakin, 1920-37-ci illər arası qırğınlar, repressiya birinci nəsil milliyyətçi hərəkatın passionar enerjisini əlindən alaraq ona son qoydu.

    İstər müstəqilliyin itirilməsi, sovet dövrü olan qırğınlar, mövcud sərt rejim, istərsə də yuxarı vəzifələrdə qeyri-millətlərin nümayəndələrinin olması, milli kimliyin və dilin sıxışdırılması insanlara təsirsiz ötüşmürdü. Beləliklə, müstəqilliyin itirilməsi və sovet dövrü baş verən hadisələr səbəbindən yaranan milli şüurun artırılması və mövcud rejimə qarşı mübarizə zərurətindən 1940-cı illərdə ikinci nəsil milliyyətçi hərəkat formalaşmağa başladı. Bu zərurətdən yaranan istək isə müstəqilliyin bərpası idi. Əgər 1-ci nəsil hər şeyi sıfırdan yaradırdısa, 2-ci nəslin ilham alacağı 1-ci nəsil vardı.
    Hərəkatın ilkin gizlin dövrü universitet mühitində yaranan tələbə və akademiklərin təşkilatlanmalarından başlayır. Xüsusilə Bakı Dövlət Universiteti bu sahədə önəmli rol oynayıb. Hələ 1941-ci ilin yazında tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə antisovet milliyyətçi qrup fəaliyyətə keçmişdi. Lakin bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv edildi, fəalları güllələndi. 1943-cü ildə Gülhüseyn Hüseynoğlu və İsmixan Rəhimovun başçılığı ilə yaradılan İldırım təşkilatı antisovet ruhda fəaliyyət göstərib təbliğat aparan ilk ciddi təşkilatlardandır. 1957-ci il 28 may tarixində Cahid Hilaloğlu və Çingiz Abdullayevin Qız Qalasında cümhuriyyətin 39-cu ildönümü münasibəti ilə üçrəngli bayrağımızı dalğalandırması milli hərəkatın yüksəliş işartısı sayıla bilər. İctimai-siyasi xadim Şıxəli Qurbanov milli məsələlərdəki xidmətləri və qətiyyətli tutumu ilə ikinci nəsil hərəkatda canı bahasına layiqli ad qoymuşdur. 1957-ci ildə Xudu Məmmədov və Oqtay Eldəgəz tərəfindən milli mübarizənin şərti cizgiləri çəkilməyə başladı və nəticədə 1962-ci ildə 95 nəfər milli düşüncəli ziyalını ətrafında birləşdirən “Milli Azadlıq Qərargahı” fəaliyyətə keçdi. MAQ istər uğurlu kadr dəyişikliyi siyasəti, istərsə də Astara-Yardımlı arası rayonların İrana verilməsinin qarşısını alması ilə milliyyətçi hərəkatda iz qoyan qurumlardandır. 70-ci illərdə tələbələr arasında təşkilatlanmalar və təbliğat daha da gücləndi. Bu işdə Əbülfəz Elçibəyin adını özəlliklə qeyd etmək lazımdır. 80-ci illərdə Xəlil Rza Ulutürk, Əbülfəz Elçibəy, Ənvər Börüsoy, Firudin Ağasıoğlu, Sabir Yanardağ, Məhəmməd Hatəmi Tantəkin, İsfəndiyar Coşğun və digər gənclərin, ziyalıların fəaliyyəti ilə artıq milliyyətçi hərəkatın ikinci - aşkar dövrünə keçid baş tuturdu. Ən əsas Varlıq və Çənlibel təşkilatlarının fəaliyyəti “Meydan” hadisələri üçün təməl rolunu oynadı. 1988-ci ildəki “Meydan”, 89-cu ildəki “Həmrəylik” günü hadisələri milli birliyin və milli şüurun güclənməsində misilsiz rola malikdir. Beləliklə 40-cı illərdən bəri başlayan ikinci nəsil milliyyətçi hərəkat öz istəyinə çataraq 1991-ci ildə dövlət müstəqilliyinin bərpa olunması ilə nəticələndi. Ancaq, sonrakı proseslər və Elçibəyin ölümü 2-ci nəsil hərəkata zərər vurmaqla 2000-ci ildə ona tamamilə son qoydu.

    Müstəqil Azərbaycan Respublikası daxilindəki ümumi yarıtmaz vəziyyət, xaricdəki soydaşlarımızın düşdüyü durum və dünyada gedən mədəniyyətlərarası mübarizədə yox olmaq təhlükəsi səbəbindən doğan əski qüdrətin bərpası və çağdaş inkişafa çatmaq zərurətindən hal-hazırda 3-cü nəsil milliyyətçi hərəkat yaranıb böyüməkdədir. 2000-ci illərin əvvəllərində qurulan bir neçə qısaömürlü təşkilat 3-cü nəsil hərəkat üçün ilkin rüşeym rolunu oynadı. Lakin, bu rüşeymin böyüyüb hərəkata çevrilməyində 2012-ci ildə qurulan Milliyyətçi Gənclər Təşkilatının böyük payı var.
    2 və 3-cü nəsillər arasındakı qısa fasiləyə baxmayaraq, var olan mühit, Qarabağdakı məğlubiyyətin qisas hissi, milli kimliyin əldən alınmış halda qalması 3-cü nəslə kifayət qədər körükləyici-passionar enerji verir. Bu nəsil özündən öncəki 2 nəsildən dərs çıxarmaq şansına malikdir. Lakin gedilən yol özündən əvvəlki hər 2 nəsildən fərqlənir. Bu isə başlıca anlayışın tələbi ilə baxış bucaqlarının zamana uyğunlaşmasına görədir. Zamanın texnologiya, informasiya fırtınası zamanı olması, bu nəslə daha çevik olmaq, daha çox genişlənmək imkanı yaradır. 3-cü nəsil hərəkat bəzi özəlliklərinə görə daha qabaqcıldır: özlərinin yeni nəsil hərəkat olduğunu dərk edir, keçmişi, bu günü və gələcəyi analiz edib öncədən hazırlıq görür, uzunmüddətli strateji planlaşdırma aparır, ən əsası isə hərəkat bütün 50 milyonu əhatə edir. Hərəkatda milliyyətçilikdən əlavə, türkçülük də geniş yayılıb. Belə ki, milliyyətçilərin əksəriyyəti həm də türkçüdür. Lakin, təbii olaraq milliyyətçilik- 50 milyonun maraqları ön sırada, türkçülük- türk superetnosunun digər 150 milyonunun maraqları isə 2-ci sıradadır.
    Qeyd olunduğu kimi, bu hərəkat bəlli bir səbəbdən doğan zərurətdən dolayı ortaya çıxıb. Bu zərurətdən “böyümək istəməyən millətlər kiçilməyə məhkumdurlar.” fikrinə əsaslanan və bir-biri ilə bağlantılı 3 məramdan ibarət bir istək yaranır :

    Güclü millət - Güclü dövlət - Yüksək rifah.

    Güclü millət dedikdə, 50 milyonluq milliyyətin davamlı inkişaf edən mədəniyyətə, savadlılığa, yüksək milli şüura, milli birliyə, milli mənliyə malik olması, millətə çevrilməsi nəzərdə tutulur.

    Güclü dövlət dedikdə, tarixi dövlətçilik sınırlarımız daxilində, milliyyətimizin yaşadığı yer ilə milli maraqlarımıza uyğun gələn yaxın ətraf bölgələrin uzlaşdırılması sonucunda yaranan əraziyə, güclü iqtisadiyyata, idarəetmə mexanizminə, elmə, səhiyyəyə, təhsilə, orduya malik, milli maraqlar əsasında fəaliyət göstərən dövlət nəzərdə tutulur.
    Qeyd: Dövlət sərhədlərimiz müxtəlif qaynaqlarda müxtəlif cür verilmiş hansısa tarixi-coğrafi ərazi vahidlərinin sərhədlərinə uyğun gəlmək məcburiyyətində deyil. Milli maraqlar naminə irridentizm – yayılmaçılığımızın yönələcəyi ərazilər soydaşlarımızın yaşadığı bölgələrdən əlavə, iqtisadi, siyasi olaraq strateji önəm daşıyan, regionda bizə üstünlüklər vəd edən ərazilər olacaqdır. Ərazi sərhəddinin formalaşması, eyni zamanda yayılmaçılığın gerçəkləşdiyi zamanda ölkədaxili və ölkəxarici faktorlardan da önəmli dərəcədə asılıdır.

    Yüksək rifah dedikdə isə, vətəndaşların yüksək yaşam standartları ilə təmin olunması nəzərdə tutulur.

    Hərəkat ümumilikdə 2 mərhələdən ibarətdir: ictimai və siyasi.

    İctimai mərhələ bütün 50 milyonluq milliyyəti əhatə edir. Bu mərhələdə milliyyətin milli şüurunun inkişaf edərək milli amala yiyələnməsi, ayrılmış parçaların yenidən bir-birinə inteqrasiyası, xaricdəki soydaşların tam təşkilatlanması, hər sahədə ixtisaslı kadrların yetişməsi təmin olunmalıdır. Bütün bu işlərin görülməsi, mərkəzləşdirilmiş qaydada plan üzrə getməsi üçün bir qərargaha-təşkilata ehtiyac var. Bu rolu isə ən mütəşəkkil təşkilatlanmaya malik MGT üstlənir. Yalnız bütün bunlar tam gerçəkləşdikdən sonra siyasi mərhələyə keçid mümkündür.

    Siyasi mərhələyə keçid yalnız Azərbaycan Respublikasında baş verməlidir. Bu mərhələ son mərhələ olmaqla istəyin tam gerçəkləşməsinə qədər davam edəcəkdir. Yetişən ixtisaslı milliyyətçi kadrların dövlət idarəetməsinə gəlməsi, ardından kompleks islahat paketi ilə dövlətin təməlinin gücləndirilməsi, sonrakı addım olaraq bəlli bir kurs üzrə iç və dış siyasət sonda hərəkatın istəyinin tam gerçəkləşməsi ilə nəticələnəcəkdir.

    VII. Mühüm baxış bucaqları

    1) İdeologiya şəxsiyyətlərdən asılı deyil. İdeologiyanın şəxsə yox, şəxsin ideologiyaya bağlılığı və xidməti əsasdır. Hər hansı tarixi və ya hazırkı bir şəxsi etalon olaraq qəbul etmək, şəxsin həyat yolunu və fikirlərini ideologiyanın prinsiplərinə, baxış bucaqlarına çevirərək ona tabe olmaq yolverilməzdir. Unudulmamalıdır ki, ideologiyanın başlıca anlayışı milli maraqların təminidir. Milli maraqlar isə müxtəlif dövrlərdə müxtəlif cür, yəni, zamanın tələbinə uyğun hərəkət etməyi tələb edir.
    2) Din insanların özəl seçimidir. Zərərli inanclar istisna olmaqla, insanlar dini seçimlərində azad olmalıdırlar. Din insanın özəl həyatı ilə bağlıdır və ictimai münasibətlərə siraət etməməlidir. Dini xurafat və ehkamlara qarşı mübarizə vacibdir. İnanclardan asılı olmayaraq ibadətlərin ana dilində olması daha məqsədəuyğundur. Hüquqən heç bir inanca üstünlük verilməyərək hamısının qanun qarşısında bərabər sayılması fərqli inancların bərabər inkişafına zəmin yaradır və milli birliyə zərər verə biləcək dini toqquşmaları böyük ölçüdə sovuşdurur. Təhsil sisteminin dünyəvi xarakter daşıması vətəndaşların çağdaş dünya standartlarına uyğun gələn ixtisaslı kadrlar olaraq yetişmələri üçün mütləqdir. Ümumilikdə, dünyəvi dövlət modeli inkişafa şərait yaradan amillərdəndir.
    3) Titul etnos türklərlə birgə milli sərhədlər daxilində qalan bütün yerli əhali “azərbaycanlı” vətəndaş kimliyində birləşərək bərabərhüquqlu şəkildə yaşamalıdırlar. Geniş bir coğrafiyada parçalanmış olaraq yayılmamıza baxmayaraq, eyni bir türk dilində danışan 50 milyonluq milliyyətimiz üçün ən uyğun birləşdirici milli kimlik “türk” adıdır. Bununla yanaşı, “azərbaycanlı” adı öz gələcəyini burada görən və ölkəmizdə tarixən birgə yaşayan bütün insanların istinad edə biləcəyi vətəndaş kimliyidir və hər kəs bu kimlik daxilində bərabərhüquqludur.
    4) İqtisadiyyat ölkədəki yerli duruma uyğunlaşdırılmış “qarışıq iqtisadi sistem” əsasında qurulmalıdır. İqtisadiyyatda milli modellər arasında Skandinav modelinin prinsipləri iqtisadi inkişafa çatmaq və yüksək rifahın təmin olunması baxımından daha münasibdir. Bu prinsiplərin xalqın xarakterini, ənənələrini və yerli durumu nəzərə alıb, ölkəyə uyğunlaşdırılmış bir model halında tətbiq edilməsi gərəkdir.
    5) Dövlət idarəçiliyində qərarvermə və icra prosesi öz sahəsində ixtisaslaşmış milli kadrların səlahiyyətində olmalıdır. İdarəetmə strukturlarında ancaq bilgi, təcrübə və bacarıq sahibi olan milli insanların yer alması hər bir sahədə faydalılıq və səmərəliliyi təmin edir.

    VIII. Son söz

    Şübhəsiz ki, fani həyatda bir gün yaranan bir gün də sonlanacaq. Eləcə də istəyimiz tam gerçəkləşəndə, səbəb aradan qalxıb, zərurət yerinə yetiriləndə hərəkat da körükləyici enerjidən məhrum olacaq. Ancaq, bir şeyi qoruyub saxlamaq, onu əldə etməkdən daha çətindir. “Güclü millət-güclü dövlət-yüksək rifah” istəyimiz gerçəkləşəndən sonra bunların qorunub saxlanılması, inkişaf etdirilməsi və digər yeni məsələlər də ortaya çıxacaqdır. Ona görə də, o dövrün şübhəsiz ki, özünəməxsus səbəbi, səbəbdən doğan zərurəti, zərurətdən yaranan istəyi olacaqdır. Beləliklə, millətləşmə sürəci tamamlandıqdan sonra, təbiətin “enerjinin itməməsi və bir cisimdən başqa cismə keçməsi” qanununa uyğun olaraq, zamanın çağırışına cavab kimi, gələcəkdə 4-cü nəsil millətçi hərəkatın da yaranması labüddür. Nəticə etibari ilə, ideologiya və hərəkatı daima var olacaq, milləti də var edəcəkdir!

    Kərkükdə Kürdcə məcburi dil oldu, Türkcə yasaqlandı

    Peşmərgə başçısı Barzaninin təyin etdiyi Kərkük Valisi, şəhərdəki dövlət idarələrində Kürdcəni “məcburi dil” etdi....



© 2017 Milliyyətçi Hərəkat