KORPORATİZM

    Kategori: Bloq / Siyasət Tarih: 9-04-2017, 02:27
    XVIII-XIX əsr fəlsəfələri bəşər övladının öz yaşamına və dünyanın oturuşmuş quruluşuna müxalif
    düşüncələrini formalaşdırmış,

    KORPORATİZM


    bu dövrdən insanların düşüncə tərzində misli görülməmiş inqilab baş
    vermişdir. Tezliklə böyük ölçülü reformalar həyata keçmiş, yeni ideologiyalar,iqtisadi sistemlər
    meydana gəlmişdir. Belə tarixi dövrdə ilk olaraq liberalizm bir ideologiya kimi təşəkkül tapır. Həm
    sosial, həm də iqtisadi anlamda fərdiyyətçiliyə söykənən bu ideologiya zamanla özünə əks qütbdə
    yer alan digər ideologiyaların yaranmasına səbəb olur. Bu ideologiyalardan biri də korporatizm idi.
    Korporatizm XIX əsrin sonlarında yaranıb və qısa zaman ərzində liberalizm və marksist sosializmə
    qarşı alternativ ideologiya-üçüncü yol kimliyini qazınıb. İngiliscədəki "corpus" sözündən əmələ
    gələn korporatizm sözünün hərfi mənası "birlik"dir.
    Korporatizm, liberal bazar iqtisadiyyatı şəraitində, kapitalizmin axsayan cəhətlərinə düzəliş
    verilməsi və yaratdığı problemləri minimuma endirmək, yaxud tamamilə aradan götürmək üçün
    əmək qüvvəsi (işçilər) ilə kapitalistlər arasında könüllü bir iş birliyinə əsaslanan iqtisadi sistem kimi
    qeyd edilə bilər. 1881-ci ildə korporatizmlə bağlı araşdırma aparan sosioloq və iqtisadçılardan ibarət
    elmi-tədqiqat qrupu yekunda ona bu cür tərif vermişdir: "Korporatizm dövlətin və xalqın ortaqlığına
    söykənən, işçi qüvvəsi və sərmayəyə nəzarət edə bilməsi və yönləndirə bilməsi üçün insanları sosial
    funksiyalarına görə qruplaşdıran düşüncə sistemidir"
    Korporatizmi daha yaxşı anlamaq üçün korporatizmin əsas ünsürü olan gildiyalarının tarixi
    inkişafına, hansı şəraitdə ortaya çıxdığına, zaman içərisində necə bir hal aldığına və sənayeləşmə
    dövründəki mövqeyinə diqqət yetirməyimiz gərəkir:
    Gildiyaların müəyyən çalarlarına qədim Roma imperiyasında da, hətta müasir dönəmimizdə də rast
    gəlmək mümkün olsa da, gildiya anlayışının mahiyyətinə tam varmaq üçün orta əsrlərdəki gildiya
    sistemini nəzərdən keçirmək gərəkir:
    Orta əsrlərdə gildiyaların əsas məqsədi eyni peşə üzrə çalışan şəxsləri bir dam altında toplayaraq
    həmrəylik yaratmaqdan ibarət olub. Qiymətlərin tənzimlənməsi, xammalın təhcizatı, istehsal
    normalarının və standartlarının müəyyənləşdirilməsi və istehlakçının, güclü rəqabət mühiti
    şəraitində istehsalçının qorunması gildiyaların səlahiyyətində və nəzarətində idi. Onu da qeyd etmək
    yerinə düşərdi ki, bu gildiyalar təkcə iqtisadi sferada yox, eyni zamanda sosial sferada da həmrəyliyə
    əsaslanıb. Belə ki, gildiyaya üzv olanlardan toplanan ianələr ilə peşə (məslək) qruplarındakı
    imkansızlara, ehtiyacı olanlara köməklik edilirdi. Bundan başqa, bu gildiyalar təkcə özləri ilə
    yetinməyib, əhalinin kasıb təbəqəsinin də müəyyən sosial ehtiyaclarını qarşılayır, yerli idarəetmə
    orqanları və hökumət ilə əlaqədə olub, gildiya üzvlərinin problemlərini həll etməsi ilə bağlı bu
    orqanları xəbərdar və təşviq edirdi. Qısaca desək, dövlət ilə toplum arasında əlaqə
    mexanizmi rolunu oynayırdı.
    Göründüyü kimi, bəhs etdiyimiz dövrdə gildiyalar cəmiyyətdə və dövlətin idarəedilməsində kifayət
    qədər samballı mövqeyə malik olub. Lakin feodalizmin çöküşündən sonra sənayeləşmə ilə bərabər
    inkişaf edən kapitalizm, azad ticarət ilə iqtisadiyyatın qlobal xarakter alması, fabrik və zavodların
    istehsalı əllərinə keçirməsi gildiyaların mövqeyinə ciddi zərbə vurdu. Beləliklə, getdikcə dərinləşən
    sənayeləşmə dövründə gidliyalar ikinci yaxud "N"-ci plana atıldı. Kapitalistlərlə gildiyalar arasında
    gedən uzun mübarizədən sonra kapitalistlər qalib gəldi və gildiya sistemi süquta uğradı. Əvvəllər
    gildiyaların tərkibində birlikdə çalışan eyni peşə sahibləri, pərəm-pərəm düşmüş və
    kapitalistlərin fabrik-zavodlarında səlahiyyətləri, hüquqları məhdudlaşdırılmış siravi muzdlu işçiyə
    çevrildilər.

    KORPORATİZM


    Liberalizm iqtisadi anlamda-bazara giriş və çıxışın sərbəst olduğu və Adam Smitin "görünməz əl"
    adlandırdığı məfhum sayəsində özü-özünü tənzimləyən iqtisadi sistemdir. Bu sistemdə dövlətin
    vəzifəsi bu bazar mexanizmini qorumaq, eyni zamanda maksimum formada bazara müdaxilə
    etməməkdən ibarətdir. Liberalizmin insana və topluma münasibətində də bu vecsizlik
    önplandadır. Liberalizm atomistikdir və fərdiyyətçiliyə əsaslanır. Liberal düşüncə tərzində: "Fərdin
    öz qabiliyyət və bacarığına uyğun bir həyat yaşamalıdır" inancı var. Liberal iqtisadi sistemdə
    individiumun maddi rifahını bacardığı formada təmin edə bilməsi öz üzərinə düşür və dövlətin
    iqtisadi (ondan törəyən sosial problemlərə) sferaya müdaxilə etməsi məqbul sayılmır. (Yəni, birinin
    istedadı, bacarığı, yüksək savadı yoxdursa, demək, bu onun öz günahıdır və ömrünün sonunacan kasıb
    yaşamağa məhkumdur.)
    Liberalizmin kök atdığı bir dövrdə ona qarşı sosialist düşüncələr geniş vüsət almağa
    başlamışdı. İstehsal vasitələrinin bir qrup şəxsin (kapitalistlər) nəzarəti altında olması, istehsal
    mərhələsində əməyin və dolayısı ilə işçi sinifinin istismar edilməsi, sosial siniflər arasında
    məsafənin hər keçən gün daha da şiddətli forma alması, liberalizmə meta-ideologiya kimi marksist
    sosializmin təşəkkül tapmasına səbəb oldu. Marksist nəzəriyyə kapitalist sistemdə ən böyük nöqsan
    kimi "istehsal vasitələri üzərində nəzarətin, istehsala birbaşa qatqısı olmayan sərmayədarların əlində
    olmasını" göstərir. Marksist düşüncəyə görə kapitalist quruluşda dövlətin əsas funksiyası, sərvəti
    əlində cəmləşdirən varlı təbəqənin mənfəətinin qorunması istiqamətindədir. Eyni zamanda
    marksistlər dövlətin bir qrup oliqarx tərəfindən idarə edildiyinə, millətlərin varlığına yox, yalnız iki
    sinifin-burjuaziya və proletariatın mövcudluğuna, mübarizənin daim bu iki sinif arasında getməsinə
    inanırlar. Marksist düşüncənin sinifsiz bir toplum xəyalı, son mərhələsində yəni, kommunizmin ən
    yüksək səviyyəsində dövlətlərin, sərhədlərin yox olması ilə tamamlanmalıdır.
    Bax, belə bir tarixi şəraitdə-XIX əsrin ikinci yarısında Avropada yeni bir ideologiya-korporatizm
    meydana çıxdı. Aydındır ki, korporatistlər, liberalist və marksist düşüncəyə əks mövqedə idilər. Ancaq
    onlar eyni zamanda hər iki siyasi ideologiyanın yararlı müddəalarını özlərinə örnək
    götürürdülər. Korporatist düşüncə həm liberalizmin fərdiyyətçiliyini, həm də sosial siniflərin
    mövcudluğunu, sinfi ziddiyyətləri (toqquşmanı) rədd edir. Korporatizm toplumun rifahını və "milli
    mənafeyi" ən üst formada təmin etməyi özünə əsas vəzifə edən ideologiyadır. Korporatist
    ideoloqların təbirincə, məsləki-tənasüdə (gildiya) əsaslanan bu ideologiya dövlət- işverən- işçi
    üçbucağı əsasında cəmiyyətin bütün təbəqələrinin mənafeyini qorumaq iqtidarındadır. Azad bazarı
    -kapitalist sistemini qəbul edən korporatist düşüncə, digər tərəfdən sosial dövlət (irəlidə bu mövzuya
    geniş toxunacayıq) anlayışı ilə kapitalizmin yaratdığı qeyri-bərabər cəmiyyətdə işçi sinifinin
    kapitalistlər tərəfindən əzilməsinin, istismar edilməsinin qarşısın alır. Korporatizm cəmiyyətdəki bu
    tarazlığı qorumaq üçün, həmçinin dövlət-fərd arasında əlaqəni təmin etmək üçün yuxarıda qeyd
    etdiyimiz gildiya sistemindən istifadə edir. O da qeyd edilməlidir ki, korporatizm, işçinin sosial
    mövqeyi qarşılığında alacağı ödənişin tamamən bazar mexanizmalarının ixtiyarına keçməsinə
    müxalif mövqedədir. Korporatizm adekvat, mütənasib ödəniş (işçinin gördüyü işə uyğun) sisteminə
    əsaslanır.
    Hər ideologiyanın bir "fikir atası" olduğu kimi korporatist düşüncənin də bir "fikir atası" var. Bu
    "fikir atası" məhşur fransız sosioloqu Emil Durkhaymdır. Liberalizmdə Adam Smith, Con
    Lokk, marksizmdə Karl marks hansı mövqeyə malikdirsə, korporatizmdə də Emil Durkhaym həmən
    mövqeyə malikdir. Durkhaym 1893-cü ildə nəşr etdirdiyi "De la division du travail sociale" və 1890-
    1900 illər ərzində keçdiyi dərslər, mühazirələr əsasında 1950-ci ildə məqalələrdən ibarət "Leçons de
    sociologie" adlı əsərlərində cəmiyyətin mövcud problemlərinə toxunmuş və bu problemlərə gətirilə
    biləcək yeganə həllin yalnız gildiyalar vasitəsilə aradan qaldırıla bilməsinə dair düşüncələrini tez-tez
    dilə gətirmişdir.

    KORPORATİZM


    Durkhaym öz əsərində yazırdı : "Fərdlər bir orqanizmadakı orqanlar kimidir. Çünki, nə fərdlər
    olmadan toplum, nə də toplum olmadan fərdlər mövcud ola bilər. Orqanlar vücut daxilində birlik
    yaradıb, necə qüsursuz bir şəkildə çalışırsa, toplum da eyni formada-vahid şəkildə hərəkət
    edib, həmrəylik yaratmalıdır."
    Durkhaym, İctimai əmək bölgülərindən bu yana cəmiyyətdə gedən
    parçalanmaların, təbəqələşmələrin qarşısın alacaq yeganə güc kimi gildiyaları görürdü. Onun
    fikrincə, əmək bölgüləri əsnasında ayrı-ayrı düşmüş fərdləri bir araya gətirməyin ən optimal yolu
    məslək qruplarıdır.
    Durkhaym, öz araşdırmalarında peşə əxlaqına xüsusi yer ayırmışdır. O, yazılarında hər fərdin
    olduğu, işlədiyi yerin şərtlərinə görə bir əxlaqa sahib olacağından bəhs edir. Tarixə nəzər
    yetirsək, qədim yunan toplumlarında da gərək ailədə, gərəksə də cəmiyyətdə kişi, qadın, bəy, kölə, zabit
    və başqa şəxslər üçün əvvəlcədən müəyyən edilmiş, qəlibləşmiş vəzifələr olduğunu görərik. Eyni
    zamanda, Aristotelin "Politika" adlı əsərində də ailə daxilindəki fərdlərin əmək bölgüsünə söykənən
    vəzifələrindən bəhs edilir. Düşünürəm ki, Durkhaymın məslək əxlaqını bu dərəcə ciddi bir şəkildə
    araşdırması, ona bu qədər dəyər verməsi dönəmin kapitalist və sənayeləşmiş quruluşu daxilində iş
    şərtlərinin həddən ziyadə ağır olmasından qaynaqlanır. Şübhəsiz ki, insanların günlərinin böyük bir
    hissəsini işdə keçirməsi, işçi hüquqlarının kobud pozuntuları və bu qəbildən olan onlarla problemlər
    Durkhaymın diqqətindən qaçmamışdı.
    Durkhaym gildiyaların zəruriliyi haqda: "Mənə gildiyalara üzvlüyün məcburi olması, yoxsa
    könüllüyə bağlı olması məqsədəuyğundur? formasında tez-tez suallar ünvanlanır. Bu sual mənə çox
    mənasız gəlir. Zatən, korporativ sistem qurulduğu zaman, bunun xaricində tək başına qalmaq fərd
    üçün o qədər çətinlik, problem yaradacaq ki, heç bir məcburiyyətə ehtiyac olmadan, özü bu quruluşa
    bağlanacağdır. Kollektiv qüvvət hər kəsi öz ağuşuna alar və onun xaricində qalan heç bir şey
    varlığını qoruya bilməz" deyə, qeyd edirdi.
    Korporatizm üçün müzakirə mövzularından biri də özəl mülkiyətə sahiblik və ondan istifadə ilə
    əlaqədardır. Həm liberal, həm də sosialist düşüncələrlə tərs mövqeyə malik olan korporatizmin, özəl
    mülkiyyətə dair özünəməxsus yanaşma tərzi var. Korporarizmdə mülkiyyətə sahiblənmək hər kəsin
    doğuşdan gələn təbii hüququdur. Korporatizm özəl mülkiyəti dövlətin,cəmiyyətin mənfəətinə zərər
    vermədiyi müddətə qədər dəstəkləməkdədir. Korporatizm üçün əsas olan toplumun və dolayısı ilə
    dövlətin mənafeyidir. Buna görə də korporatist cəmiyyətlərdə fərdi ehtiraslardan əvvəl, cəmiyyətin
    və dövlətin maraq və mənafeləri gəlir.
    Korporatizm özü-özlüyündə 2 yerə ayrılır: Solidarist və faşist korporatizm. Bu ayrılmanın nəyə
    görə, hansı səbəblərdən baş verdiyini,korporatizmin tətbiqatda necə təzahür etməsini öyrənmək
    üçün, gəlin, korporatizmin bu 2 modeli ilə daha yaxından tanış olub, onlar arasındakı fərqlilikləri
    müəyyən edək:

    SOLİDARİST KORPORATİZM

    Solidarizm sözü ingilis sözü olan "solidarity" sözündən törəyib, həmrəylik mənasını ifadə
    edir. Korporatizmin iki modelindən biri olan solidarizmdə, milli maraq və mənafelərin qorunması ən
    ümdə prinsipdir. Hər hansı qrupun, yaxud şəxsin mənfəəti heç bir halda milli maraqlarla müqayisə
    edilə bilməz. Solidarizm, toplumu, bir-birinə bağlı parçalardan əmələ gələn bir bütün kimi xarakterizə
    edir. Bu anlayışa görə parçalar (fərdlər) ahəng və birlik çərçivəsində hərəkət edib, vahidlik
    (yəni, toplumu) əmələ gətirməlidir. Bu vahidliyin işləmə mexanizması isə yuxarıda uzun-uzadı bəhs
    etdiyimiz, korporatizmin əsas ünsürü olan gildiya sisteminə (məsləki-tənasüdə) əsaslanır. Solidarizm
    iqtisadiyyata dövlət müdaxiləsini müdafiə edir ki, bu da bazarın hər hansı şəxsin və ya qrupun əlinə
    keçməsinin qarşısını alır. Kapitalist bazarda yaranan inhisar, oliqopoliya,o liqarxiya kimi mənfi
    məfhumlara solidarist sistemdə nadir hallarda rastlanır. Bununla yanaşı, solidarizm azad
    ticarətə, mülkiyyət toxunulmazlığına, özəl təşəbbüsə imkan verir və hər bir şəxsin müstəqil
    fəaliyyətinə şərait yaradır. Solidarizmdə cəmiyyət sosial siniflərə görə yox, yalnız məsləklərə görə
    qruplaşdırılır.
    Bu ideologiya dinlərə qarşı tolerantdır. İnsanların dini inanclarına hörmətlə yanaşır. Amma, dinin
    siyasətə qarışmasına qəti əleyhdardır. Qısaca desək, solidarist dövlətlər sekulyardır. Solidarist
    dövlətlərdə söz azadlığı, insan haqları yüksək dəyərə malikdir. Solidarizmdə dövlət hamıya-(dövlət
    xadimi, zəngin, kasıb və s.) eyni cür sosial xidmətlər (pulsuz təhsil, pulsuz səhiyyə, işsizlərə dəstək və
    s.) göstərməyə borcludur. Qısaca desək, solidarizm hər cürə ədalətli rəqabətə və seçkili idarəetməyə
    əsaslanan demokratik Milli hökümət yaratmağı qarşısına məqsəd qoyan ideologiyadır.
    Bir nüansı da əlavə edək ki, solidarizmin tətbiq olunduğu ölkələrdə xarici investorların, şirkətlərin
    səlahiyyətləri kapitalist ölkələrlə müqayisədə aşağı həddə olur. Bundan başqa, ölkənin digər
    ölkələrdən borc alması məqbul hesab edilmir. Bütün bunlar dövlətin xarici qüvvələrdən asılı hala
    düşməsini önləmək üçündür.
    Qeyd: Solidarizmin əsas prinsipləri yuxarıda dəfələrlə adını çəkdiyimiz sosiologiya elminin
    banilərindən biri Emil Durkhaym və görkəmli alman iqtisadçısı Fridrix Listin nəzəriyyələrinə
    söykənir.

    Solidarizm Fransada:


    KORPORATİZM



    XIX əsrin 60-70-ci illəri Fransa, fransız millətçiləri üçün olduqca çətin tarixi dövr idi. Dövrün
    millətçiləri həm Prussiya ilə, həm də daxildə diktatur rejim ilə mübarizə aparmaq məcburiyyətində
    idilər. Qeyd edilməlidir ki, bəhs etdiyimiz dövrə qədər Fransada tam demokratik dövlət
    qurulmamış, əksinə, monarxist-diktatura tipli idarəetmə üsulu hakim olmuşdur. Bu cür ənənəvi
    idarəetmə üsulu 1870-ci ildə xalqın israrlı təkidilə yerini birdəfəlik modern Cümhuriyyətçiliyə
    təhvil verir. Belə ki, həmən il II Fransa imperatorluğunun Almanlara məğlub olmasından hiddətlənən
    xalq imperatorluğu devirir. İnqilaba əvvəldən başçılıq edən milli qüvvələr bu məqamda Adolf
    Tayrs'ın başçılığı altında hakimiyyətə gəlirlər. Beləliklə, 1870-ci ildə Fransada milli dövlət-III
    Respublika qurulur. Yeni hökumət dövləti qısa zaman ərzində
    demokratiyaya, sekulyarizmə, Cümhuriyyət dəyərlərinə bağlı modern bir dövlətə çevirdi. Milli dövlət
    1875-dən 1907-ci ilə qədər xalqın "sosial-siyasi" sifarişlərini nəzərə alaraq:
    - Azad mətbuat və sərbəst toplaşma
    - Ödənişsiz və məcburi təhsil
    - Təşkilat (partiya) yaratma azadlığı
    - Sekulyarizm və s.
    haqda qanunlar qəbul etdi.

    Göründüyü kimi, III Respublika qısa zaman ərzində siyasi sferada kifayət qədər uğurlu reformalar
    həyata keçirməyə nail olmuşdur. Yalnız, bu reformlar bütünlüklə, xalqın narazıçılığını, problemlərini
    həll etdi deyə bilmərik. Çünki XIX əsrin sonlarına doğru kapitalizm ölkə iqtisadiyyatında
    durğunluq- işsizlik, inflyasiya, ÜDM-in azalaması kimi makroiqtisadi problemlər və sosial-sinfi
    ziddiyyətlər, təbəqələşmələr əmələ gətirmişdi. Bu səbəbdən dolayı yavaş-yavaş xalqın etiraz səsləri
    ucalırdı. Bu zaman dövrün siyasibiliciləri, iqtisadçıları belə qənaətə gəlmişdilər ki, nə liberalizm, nə
    də sosializm təklikdə bu böhranlı vəziyyətdən çıxış yolu ola bilməz. Eyni zamanda, istər
    liberalizmin, istərsə də marksizmin milli dövlət üçün məsləhətuyğun seçim olmadığını nəzərə alan
    Leon Burcis, Alfred Fuyil kimi dövrün güclü ideoloqları Radikal partiyanın rəhbərliyində
    hakimiyyətə gəldikdən sonra, Solidarizmi Fransa Cümhuriyyətinin rəsmi ideologiyası elan
    etdilər. Leon Burcisin müəllifi olduğu "Solidarizm" kitabı 1896-cı ildə bu partiyanın iqtisadi
    konsepsiyasına çevrildi. Bu dövrdən sonra Fransa iqtisadi cəhətdən xeyli inkişaf etmiş-xarici
    borcları qapatmış, ölkə sənayesi genişlənmiş, ÜMM, ÜDM yüksələn xəttlə artmış, işsizlik sürətlə
    azalmışdır. Təsadüfi deyil ki, Fransa tarixində ən az işsizlik məhz III Respublikanın dövründə olub.

    Solidarizm Türkiyədə:


    KORPORATİZM



    Solidarizmin Türkiyəyə ayaq açması, Türkiyədə populyarlaşması böyük Türkçü ideoloq Ziya
    Gökalpın adı ilə bağlıdır. Emil Durkhaymın fikirlərindən ilham alan Ziya Gökalp "Türkçülüyün
    əsasları" kitabında və bir çox məqalələrində solidarizmə aid dəyərli fikirlər səsləndirmişdir. Ziya bəy
    solidarizm haqda yazırdı:
    "Türklər azadlıqlarını sevdikləri üçün, kommunist ola bilməzlər, fəqət, sosial bərabərliyi
    sevdiklərindən dolayı, fərdçi də qala bilməzlər. Zənnimcə, Türk kültürünə ən uyğun olan sistem
    solidarizmdir.
    Şəxsi mülkiyyəti ləğv etmək doğru deyil. Ancaq,sosial həmrəyliyə zərər verən şəxsi mülkiyyətlər
    varsa, bunların fəaliyyəti yasaqlanmalıdır. Bundan başqa, sadəcə şəxsi mülkiyyət olması
    gərəkməz. Şəxsi mülkiyyət kimi, ictimai mülkiyyət də olmalıdır. Toplumun bir fədakarlığı və ya
    zəhməti nəticəsində meydana gələn və fərdlərin heç bir əməyindən törəməyən artıq var-dövlət
    ümumi topluma-millətə aiddir".
    Erkən Cümhuriyyətin əsas siyasi fiqurlarından olan Ziya Gökalp hələ tənzimat dönəmindən qatı
    solidarist fikirləri ilə dövrün bir çox aydınlarını ətrafına toplaya bilmişdi. Ancaq, Ziya bəyin
    solidarist düşüncələri liberal camiadan iqtisadçı Cavid bəy və ətrafındakılar tərəfindən
    bəyənilməmiş, onlar ölkə iqtisadiyyatına liberal siyasətin tətbiqatını zəruri
    görmüşlər. Beləliklə, ölkədə bir-birini əks cəbhədə yer alan 2 qrup: Ziya Gökalpın başçılığında
    solidarist və Cavid bəyin başçılığında liberalist qrupu yaranmışdı...
    Xeyli çək-çevirdən sonra bu mübarizə solidaristlərin lehinə bitdi. Eyni zamanda Atatürkün də
    Türkiyə üçün solidarizmi uyğun sosial-iqtisadi sistem görməsini vurğulmaq lazımdır. Hər
    halda, "Cismimin atası Ali Rıza əfəndi, hislərimin atası Namiq Kamal, fikirlərimin atası Ziya
    Gökalpdır"-deyən, Atatürkün Z.Gökalpın solidarizmini seçməsində təəccüblü bir şey yoxdur.

    Qeyd: Mənbələrə əsasən, Atatürk şəxsən özü solidarizmə aid xeyli kitab oxuyub. Onun oxuduğu
    kitablar arasında görkəmli fransız solidaristi A.Fulisin də kitabı var idi. Atatürk bu kitabda özünə
    lazımi qeydlər etmiş, kitaba dərkənar yazmışdır.

    Hesab edirəm ki, Ziya Gökalpın və Atatürkün Türkiyə üçün sosial-iqtisadi sistem kimi solidarizmi
    seçməsi altdakı səbəblərdən qaynaqlanmışdır:

    1) Osmanlı imperiyasının uzun əsrlərdən bəri yürütdüyü iqtisadi siyasətin ölkə sənayesini
    çökdürməsi, ölkənin kapitalistlərin müstəmləkəsinə çevirməsi;

    2) Cəmiyyətdə yüksək təbəqələşmənin mövcudluğu, bəzi yerlərdə faktiki hökm sürən bəy-nökər
    münasibətləri;

    3) Ölkənin Qərbdə gedən sürətli reformlardan çox geri qalması: demokratiya, insan hüquqları kimi
    məfhumların Türk cəmiyyətindən uzaq düşməsi;

    4) Dövlətin vətəndaşların ən xırda sosial təminatlarını belə, yerinə yetirməməsi-təhsilin, səhiyyənin
    yox səviyyəsində olması.

    Təbii ki, bu sadaladığımız səbəblər problemlərin sadəcə bir qismi idi. Yeni hökumətin vəzifəsi ən
    qısa zamanda bu problemlərin öhdəsindən gəlmək, ölkəni bu bataqlıqdan xilas etmək idi. Bunun
    üçündə bir ideologiyaya, sosial-iqtisadi sistemə ehtiyac vardı. Elə bir ideologiya, sistemə ki, həm
    Cümhuriyyətçilik prinsiplərini təmin etmək olsun, həm də iqtisadiyyatı imperialistlərdən
    təmizləmək, qısa zamanda milli iqtisadiyyatı dirçəltmək, sosial problemləri həll etmək mümkün
    olsun. Belə ideal sistemdə şübhəsiz, dövrün ziyalılarının mütləq əksəriyyətinin dəstəklədiyi
    solidarizm idi.
    Solidarizm Türkiyə cəmiyyətində,aydınların arasında o qədər böyük nüfuz qazanmışdı ki, 1931-ci
    ildə hakim Cümhuriyyət Xalq Partiyasının proqramına, 1937-ci ildə isə ölkə konstitusiyası salındı.
    Nəticədə, solidarizmin sayəsində Atatürk hökuməti xalqa həm Cümhuriyyət bəxş etdi, həm də
    sosial-iqtisadi sahədə misli görülməmiş reformlar həyata keçirdi.
    Tez bir zamanda Türkiyə demokratik, sekulyar, seçkili idarəetməyə malik dövlətə çevrildi. Dövlətin
    vətəndaşlara borclu olduğu təhsil, səhiyyə kimi vacib sosial xidmətlər təmin edildi. Ölkədə hökm
    sürən işsizlik problemi müəyyən dərəcədə həll edildi. Hərbi sənayedə, ordu quruculuğunda xeyli
    irəlləyişlər əldə oldundu.
    İqtisadiyyta gəlincə, Atatürk dönəmi Türkiyə iqtisadiyyatı 0-dan qurulurdu. Çökmüş sənaye,xarici
    borclar, boş büdcə və daha nələr-nələr problemlər... Buna baxmayaraq, belə çətin şəraitdə qazanılan
    uğurlara möcüzə, desək, yalan olmazdı:
    Yeni hökumət az zaman ərzində Osmanlının hüquqi varisi kimi imperiyanın bütün xarici borclarını
    bağladı; Gömrük və vergi rüsumlarına əlavə və düzəlişlər edib, xeyli endirdi; Ölkə boyu yüzlərlə
    bank, o cümlədən, Mərkəzi bank fəaliyyətə başladı; Dövr üçün müqayisədə güclü milli valyuta
    dövriyyəyə buraxıldı; İqtisadi sahədə milliləşdirmə prosesi başladı və xarici vətəndaşlara malik olan
    əksər şirkətlər, zavodlar, banklar və s. dövlətin kontroluna keçdi; Ölkə sənayesi yüksək inkişaf
    etdi. Artıq Türkiyənin bir çox sənaye məhsulları, nəinki, öz daxili tələbatını ödəyir, hətta başqa
    ölkələrə ixrac olunurdu.
    Yekunda Atatürk dönəmində Türkiyə iqtisadiyyatı Türkiyə tarixində indiyədək qırıla bilməyən
    rekorda imza atdı. 1923-1938-ci illər ərzində Atatürk öndərliyində birinci hökumət nə az, nə çox düz
    8% iqtisadi artıma nail olmuşdur. Müqayisə üçün aşağıda dövrlərlə Türkiyə Cümhuriyyətində qeydə
    alınan iqtisadi artımları nəzərinizə çatdırıram:

    1923-1938 illərində 8%
    1939-1950 illərində 1%
    1950-1990 illərində 5%
    1990-2002 illərində 2%
    2002-2017 illərində 4,3%


    Solidarizm Azərbaycanda:


    KORPORATİZM


    Düzdür, indiyədək ölkəmizdə solidarizm heç vaxt dövlət səviyyəsində tətbiqata
    keçməyib. Ancaq, ölkəmizdə solidarist fikir axınının kifayət qədər görkəmli nümayəndələri
    olub. Onlardan ən tanınmışı Müsavat partiyasının və AXC-nin başqanı, yazıçı və ictimai-siyasi
    xadim, milli ideoloq M.Ə.Rəsulzadədir. Onun ümumi sosial-iqtisadi düşüncələri arasında solidarizm
    (həmrəylik) prinsipləri hər zaman başlıca yer tutub. Bu həmrəylik düşüncəsi daha sonralar
    Rəsulzadə tərəfindən təkmilləşdirilmiş və milli təsanüdçülük adı almışdır. Gəlin, M.Ə.Rəsulzadənin
    solidarist korporatizm haqda düşüncələrinin az bir qisminə nəzər yetirək:

    Məhəmməd Əmin Rəsulzadə “Kooperativ cəmiyyəti” məqaləsində yazırdı:
    “Kooperasiya deyilən söz insanların bir-birinə kömək edərək birlikdə gördükləri işə deyilir. İş ancaq
    insanların kooperativləşmə, yaxud birlikdə işlədiklərinə görə mənfəətli olub, xeyir verir. Bir çox
    insanların bir yerdə məhəbbətlə gördükləri iş, ayrı-ayrı insanların mənfəətdə hissəsini, payını
    artırmaqla bərabər, zəhmətlərini də azaldır”.
    Bundan başqa o, qeyd edirdi ki: "Camaat 5-10 manat dəstək verməklə yekunlaşmayaraq,ehtiyacları
    olan məhsulları kooperativlərdən alsınlar". Beləliklə, öz varlığını qoruyub saxlaya bilən
    kooperativlər bahalıq və qıtlıq vaxtında əhaliyə ucuz qiymətə məhsul sataraq, onları inhisarçıların
    əlindən qurtarmalı idi.

    "Solidarizm, sosial dəyərlərlə milli dəyərləri birləşdirən sistemdir"-deyən, Məhəmməd Əmin bəy
    “Milli mübarizədə sosial şüarlar” məqaləsində yazırdı:
    “… sinifləri vuruşdurmağa deyil, barışdırmağa çağıran təsanüdçü (solidarist) sosial sistemdən gələn
    şüarlar ayırmaz, toplayar və bu süuətlə də milli istiqlal anlamı ilə təzad deyil, tam bir ahəng təşkil
    edərlər!..
    Bu özü-özünə təsanüdlü və məsud bir varlıq təsəvvür etdiyimiz ahəngdar milli cəmiyyətin həm
    davamı, həm də istiqlalının təmini üçün zəruri və daimi bir qayədir!"
    Məhəmməd Əmin Rəsulzadə milli dövlətlər üçün yalnız solidarizmi məqbul sayırdı. O, bununla
    bağlı “Milli təsanüd” məqaləsində yazırdı:

    “… Madam ki, milliyyətçiyik deyirik; madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda
    bizim üçün nə kosmopolit liberalizmə, nə də kommunizmə yönəlmə caiz deyildir. Bizcə, müdafiə
    ediləcək yeganə sosial-iqtisadi sistem milli təsanüd sistemidir”.

    Fikrimcə, bu üç məqalədən çıxarış verdiyim hissələr Rəsulzadənin solidarist korporatizmə nə
    dərəcədə böyük əhəmiyyət verdiyini sübuta yetirir. Müsavat partiyasının 1936-cı ildə keçirilən II
    qurultayında solidarist korporatizmin partiya nizamnəməsinə salınması dövrün aydınlarının və
    həmçinin, partiya funksionerlərinin də Rəsulzadə ilə eyni düşüncədə olduğunu söyləməyə dəlalət
    edir.
    Əbülfəz Elçibəyin rəhbərliyindəki AXC-Müsavat hakimiyyətinə gəlincə, təəssüflər olsun ki, bu milli
    hökumətin hakimiyyət dönəmi cəmisi 1 il olduğu üçün onun iqtisadi siyasəti barədə konkret fikir
    söyləyə bilmirik. Ancaq, biz Ə.Elçibəy hökumətinin yürütdüyü iqtisadi politikada, qəbul etdiyi sosial-iqtisadi
    qanunlarda solidarizmin müəyyən çalarlarına rast gələ bilərik.

    FAŞİST KORPORATİZM


    KORPORATİZM



    Faşizm, bir milləti (ya da irqi) digər bütün millətlərdən üstün tutan radikal millətçi
    ideologiyadır. Faşizm anti-liberal, anti-demokratik, anti-kommunist olub, totalitar idarəetməyə
    əsaslanan qatı etatist və militarist ideologiyadır. İlk dəfə İtaliyada-Benito Mussolininin hakimiyyətə
    gəlməsi ilə tətbiqata keçib. Faşizmin əsas müddəaları 1921-ci ildə "Faşizmin Doktrini" adı altında
    Giovanni Gentile tərəfindən hazırlanmışdır. Faşizmdən sonra bu radikal milliyyətçi yönətim
    sistemini örnək alan çoxlu axınlar ortaya çıxmışdır. Eynən Adolf Hitlerin irqçi ideologiyası- nasional
    sosializm və zamanla dünyanın 30-dan çox ölkəsində fərqli adlarla tətbiq olunan digər faşist
    modellər kimi!
    Bəli, İtalyada iqtidarı ələ keçirən faşist partiyası və onun yönətim forması bir çox dünya (əsasən
    Avropa) ölkələrini də təsiri altına almışdır. Ortaya çıxan fərqli axınlar Mussolininin faşizmini model
    götürmüş və bu model digər faşist hərəkatların formalaşmasına yardımçı olmuşdur.
    Faşizmin məqsədi bir toplumu birlik-bərabərlik, milli dəyərlər, vətən-bayraq-dövlət triosu, xalqçılıq
    və dövlətçilik kimi anlayışların altında bütövləşdirməkdir. Faşistlər üçün mənsub olduqları
    millət, dövlət və onlara rəhbərlik edən lider müqəddəsdir.

    Faşist rejimlərin əsas xarakterik xüsusiyyətləri aşağıdakılardır:

    1) Faşizm anti-demokratikdir. Ancaq buna rəğmən, sekulyarizmdən yanadır. Yəni, kommunizmdəki
    kimi din təyziq altında olmur. Əksinə olaraq, dini inanclara qarşı böyük hörmət və azadlıq var.

    2) Faşist dövlətlər üçün birmənalı olaraq təkpartiyalılıq hakimdir. Başqa partiyaların, təşkilatların
    fəaliyyəti iqtidar tərəfindən yasaqlanır. Mətbuat senzura altına alınır. Dövlət və siyasi rejim haqda
    tənqidlər qəbul edilməzdir.

    3) Faşist cəmiyyətlərdə plüralizm arzu olunan deyil. Fərqli düşüncə sahiblərinə dövlət tərəfindən
    daima bir basqı, təyziq müşahidə olunur.

    4) Cinayətkarlar və əsirlər ən ağır formada (işgəncələr, edamlar və s.) cəzalandırılır.

    5) Faşist dövlətlər militarist quruluşdan dolayı orduya və onun sənayesinə böyük əhəmiyyət verir.

    6) Bu cür dövlətlər irredansistdir. Yəni, özləri ilə dil və etnik cəhətdən bağı olan xalq və onların
    yaşadığı ərazilər üzərində varislik iddiası -bu xalqın yaşadığı torpaqları öz sərhədlərinə qatmağı
    hədəfləyirlər... və s. və i.

    Faşizmin sosial-iqtisadi sistemi korporatizmə əsaslanır.


    KORPORATİZM



    B.Mussolininin məşhur: "Faşist dövlət korporatistdir" deyimi, sanki, faşist dövlətlər üçün yalnız
    korporatizmin hakim ideologiya olmasını hökm qılıb. İndiyədək mövcud olmuş bütün faşist rejimlər
    korporatist ideologiyaya xidmət edib.
    Bir rejimin faşist korporatist adlandırıla bilməsi üçün o rejimin ideologiyasının millətçilik olması və
    millətin mənafeyini hər şeydən üstün tutması gərəkir. Eyni zamanda, faşist dövlət sadəcə, varlıların və
    ya kasıbların deyil, millətin bütün təbəqələrinin rifahını təmin etməyi qarşısına məqsəd
    qoymalıdır. Bu məqsədə çatmaq üçünsə iqtisadiyyata sərt bir dövlət nəzarəti tətbiq etmək, işçi
    məvaciblərinin, hüquqlarının lazımi səviyyədə olmasını təmin etmək, bahalılığın və inhisarın önünə
    keçmək üçün qiymət nəzarəti uyğulamaq kimi tədbirlər görmək faşizmin iqtisadi
    siyasətlərindəndir. Faşizm, bütün gücüylə siniflər arasındakı ziddiyyətləri aradan qaldırmağa
    çalışır. Dövlət bu əsnada- siniflər arası bərabərlik yaratmaq üçün korporativ sindikatlar qurur və işçi
    ilə iş sahibi arasında toqquşan məsələlər kompromis yolu ilə həll edilir. Cəmiyyətdəki yoxsul və orta
    sinifin ehtiyacları dövlət tərəfindən qarşılanır. Məsələn, Almanyada qəbul edilən torpaq haqqında
    qanunla kəndlilərin torpaqlarının ipoteka yoluyla əllərindən alınmasının qarşısı alınmış və
    kapitalistlərin kəndliləri istismar etməsi əngəllənmişdir.
    Faşist korporatizmdə kapital sahiblərinin mülkiyyət üzərində ağalıq etməsi
    məhdudlaşdırılaraq, əksər öhdəliklər dövlət nəzarətinə verilir. Bu sistemdə ölkənin əmək qüvvəsi
    olan işçilərlə kapitalı əlində cəmləşdirən iş sahiblərinin həmrəyliyi təmin edilir. Faşist sistemdə
    dövlət hər şeydən üstün olduğu üçün kapitalı əlində cəmləşdirən varlı iş adamları Faşist Partiyası
    mənsublarına söz keçirə bilmir, beləliklə, kapitalistlərin liberalizmdə geninə-boyuna olan ixtiyarları
    bu sistemdə lazımi dərəcədə məhdudlaşdırılır. Bu sistemdə kapitalistlərdən qazanclarının nisbətinə
    uyğun vergi alınır ki, bu da xalqın mənafeyinə uyğun istifadə edilir. Faşist dövlətlər daxili
    tələbatlarını öz hesablarına ödəməyi özlərinə prioritet edirlər. Bu ölkələrdə emaledici, hasiledici
    sənaye güclü olmalı, idxalat minimumlaşdırılmalıdır. Başqa millətlərə mənsub şəxslərin ölkəyə
    investisiya qoyuluşu, xarici şirkətlərin ölkədəki fəaliyyəti daim dövlət nəzarətində olmalıdır. Faşist
    dövlətlər qurulanadək ölkədə mövcud olan iri müəssisələr, şirkətlər əksər hallarda ya
    milliləşdirilir, ya da onlar üzərinə ağır şərtlər qoyulur. Bütün bunlar iqtisadiyyatının və ona bağlı
    olaraq siyasi müstəqilliyin hər hansı qüvvələrin asılılığına düşməsini önləmək və ölkə iqtisadiyyatı
    üzərində rahat ağalıq etmək üçündür.
    Korporatist iqtisadiyyat sayəsində İtalya xalqı rifaha qovuşmuş və siniflər arasındakı problemlər
    aradan qalxmışdır. Çünki, faşist yönətim hər hansı bir sinifi deyil, ölkənin mənafeyini düşünən
    iqtisadi siyasət tətbiq edirdi. İtaliyada faşizmin hakimiyyətdə olduğu müddətdə işsizlik xeyli
    azalmış, milli gəlir yüksəlmişdir.

    Qeyd: Faşizmin iqtisadi siyasəti daha çox orta təbəqə tərəfindən dəstəklənmişdir.
    1933-cü ildən etibarən Almaniyaya rəhbərlik edən Nasional Sosialist partiyası (NSDAP) da
    İtalyadakı sistemə oxşar dövlətçi sistemə malik olmuşdur. Hitler Almaniyasında da tək partiya olan
    NSDAP-yə bağlı qurumlar (Alman Əmək Cəbhəsi) yaradılaraq, Alman işçisinin hüquqları müdafiə
    edilmişdir. Bundan əlavə, xüsusi məhkəmələr yaradılmışdır ki, bu da işçilərlə iş sahibləri arasında
    yaranan mübahisələrə, problemlərə aydınlıq gətirmək məqsədi daşıyırdı.
    Ölkədə hakim qüvvəyə çevrildiyi gündən Nasional sosialistlər, Yəhudi və digər millətlərin
    kapitalistlərinə, biznesmenlərinə qarşı sərt mövqe sərgiləyərək, həm Alman işçilərin hüquqlarını
    qorumağa çalışmış, həm də Alman kapital sahiblərini onlara qarşı güclü dirəniş göstərməyə
    ruhlandırmışdır. Ölkədə başladılan radikal milliləşdirmə prosesi çərçivəsində bir çox xarici
    kapitalistin (Yəhudilərin isə tamamilə) iqtisadi fəaliyyəti yasaqlanmış, mülkləri, şirkətləri əllərindən
    alınmış və dövlətin nəzarətinə keçmişdir. Dövlət, bir çox hallarda, bu şirkətləri yerli
    biznesmenlərin, partiya üzvlərinin idarəetməsinə verirdi. Alman İşçi Partiyası hakimiyyətə
    gəlməmişdən əvvəl ölkədə 50%-dən yuxarı olan inflyasiya (bu hiperinflyasiya adlanır) xeyli
    azalmış, 15 %-dən yuxarı olan işsizlik isə 0 %-ə qədər enmişdir.
    Hitlerin hakimiyyəti dönəmində Almaniyanın hərbi sənayesi analoqsuz inkişafa nail
    olmuşdur. Dönəmin Almaniyası yeni növ silahların istehsalı ilə dünya hərb sənayesi tarixinə bir çox
    yeniliklərə, ilklərə imza atmışdır. Hal-hazırda dünyanın ən məşhur avtomobil şirkətlərindən olan
    "Volkswagen" şirkəti də məhz III Reyx dönəmində fəaliyyətə başlamışdır.
    Beləliklə, 1922-ci ildə korporatizmin yeni və radikalçı modelinin İtaliyada tətbiqata keçməsi bizə
    korporatizmi: solidarist və faşist korporatizm adı ilə 2 yerə ayırmaq üçün əsas verdi. Bu ayırma ona
    görə baş verdi ki, korporatizm tətbiqata keçdiyi ayrı-ayrı ölkələrdə müxtəlif formalarda təzahür
    etmişdi. Əgər, Fransa və Türkiyədəki korporatizm mədəni millətçiliyə, demokratiyaya, hər kəsin
    iqtisadi və siyasi azadlığına əsaslanırdısa, İtaliya və Almaniyadakı korporatizm irqçiliyə
    (yaxud radikal millətçilik), totalitar siyasi idarəetməyə, iqtisadiyyatın tamamilə dövlət nəzarətinə
    keçməsinə əsaslanırdı. Göründüyü kimi, bu ölkələrdə tətbiq olunan korporatizm arasındakı əsas
    fərq, birincinin çağdaş zamana uyumlu siyasi idarəetməyə,ikincinin klassik siyasi idarəetməyə
    əsaslanmasında, o cümlədən, birincinin daha yumşaq və reformist olmasına söykənir.
    Biz, Durkhaymın, o cümlədən, korporatist düşüncə axınının digər görkəmli üzvlərinin düşüncələrində
    korporatizmin millətçilik, xalqçılıqla bərabər tutulduğuna şahidi olsaq da, irqçiliyə dair fikirlərə qəti
    şəkildə rastlamırıq. Durkhaymın fikrincə, dövlətin davamlılığı və gücü üçün fərdlərin məsləkitəsanüdə
    və kollektiv nizama uygun hərəkət etməsi yetərlidir. Durkhaym korporatizmdə dövlətin
    basqıçı və ifrat müdaxiləçi siyasətini yolverməz saydığı halda, faşist korporatizm bütün sferlarda
    "məcburetməyə" əsaslanır.

    KORPORATİZMİN ÇÖKÜŞÜ:

    1940-cı ildə solidarist Fransası dünya hökmranlığı fikrinə düşən Hitlerin işğalı ilə süquta
    uğradı. Beləliklə, bir korporatist dövlət,digər korporatist dövlətin varlığına son qoydu. Bu işğaldan
    sonra Fransada hakimiyyət Hitlerin nəzarətində olan Marşal Filip Petainə tapşırıldı. Və Fransada
    demokratik milli dövləti, avtoritar Vichy rejimi əvəzlədi.
    Türkiyəyə gəlincə, 1938-ci ildə Atatürkün ölümü ilə milli qüvvələr hakimiyyəti itirmiş və bu
    dövrdən İsmət İnönü başçılığındakı Türkiyə liberal iqtisadi siyasət yürütməyə başlamışdır. Qeyd
    edilməlidir ki, liberal iqtisadi siyasətin Türkiyə iqtisadiyyatına tətbiqi ölkə iqtisadiyyatına ciddi
    zərbə vurmuş, iqtisadiyyatda böyük həcmli geriləyişlər baş vermişdir.
    İkinci Dünya müharibəsində Hitlerlə müttəfiq olan Mussolini 1943-cü ildə ölkədə baş verən
    üsyanlara görə kral tərəfindən vəzifəsindən azad edildi. Bundan qəzəblənən Hitler İtaliyanı tutdu və
    Mussolinini kürsüsünə oturtdu. Lakin Mussolini İtaliyası əvvəlki nüfuza və gücə malik deyildi. Artıq
    Mussolini rejimi Hitlerin "kukla rejim" lərindən birinə çevrilmişdi.
    Mussolini 1945-ci ildə ölkədən qaçmaq istəyərkən kommunistlər tərəfindən tutuqlanmış və
    öldürülmüşdür. O, əməllərindən peşman olmamış və ölməmişdən əvvəl özünə bəraət qazandırmaq
    üçün "mən italyan millətinə öz qüdrətini geri qaytarmaq üçün vəzifələndirilmişəm" demişdir. Daha
    sonra sinəsini açaraq onu öldürən şəxsə "sinəmdən vur məni!" söyləyib.
    Bir-birinin ardınca müttəfiqlərini itirən,günü-gündən zəifləyən Hitler Almaniyası 1945-ci ildə
    məğlubiyyətə uğradı. Almaniya ittifaq ölkələr tərəfindən işğal edildi və iki hissəyə bölündü. Bundan
    sonra faşist dövlətlər ard-arda süquta uğramağa başladı. Deyə bilərik ki, Hitler Almaniyasının
    məğlubiyyəti ilə həm faşizm, həm də korporatizm çökdü.

    NEO-KORPORATİZM


    KORPORATİZM



    Çağdaş dönəmimizdə bəzi ölkələrdə korporatizmin müəyyən çalarlarına rastlamaq mümkündür. Bu
    baxımdan sosial-demokratiyanın hakim ideologiya olduğu Skandinav ölkələri xüsusilə
    seçilir. Hətta, bu ölkələrdə tətbiq olunan "Skandinav modeli (isveç modeli də deyilir) solidarist
    korporatizmin davamıdır" da, deyə bilərik.
    Sosial-demokratiya bir ideologiya kimi özündə korporatizmin bir xeyli komponentin daşıyır. Sosial-demokratiya,
    solidarist korporatizmdə olduğu kimi özəl mülkiyyəti, azad ticarəti dəstəkləyir, sərvətin
    bir qrup şəxsin əlində toplanmasını, cəmiyyətdə gedən təbəqələşməni və işsizliyi isə maksimum
    şəkildə azaltmağa çalışır. Yüksək iqtisadi inkişaf, aşağı inflyasiya, ÜDM-in həcminin artırılması, tam
    məşğulluq həddinə çatmaq İsveç modelinin əsas hədəfidir. Skandinav modeli sosial-siyasi anlayış
    olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir.
    Sosial dövlət-sosial ədalətin təmin olunduğu, maddi sərvətlərin, istehsal resurslarının qanun
    daxilində hamıya əlçatan olduğu və hər bir vətəndaşın laiqli həyat şəraiti, iqtisadi rifah əldə etməsinə
    təminat verən hüquqi, demokratik, sekulyar, müasir ictimai-siyasi dövlət modelidir. Sosial dövlətlərdə
    təhsil, səhiyyə kimi xidmətlər ödənişsizdir. Dövlət imkanı olmayanlara ya pulsuz evlər verir, ya da
    ipoteka ilə ucuz qiymətə evlər təmin edir. İşsizlər və xəstələr dövlət qayğısı ilə
    əhatələnir. Yəni, dövlətdən yüksək sosial yardım alırlar.
    Sosial dövlətlər bu cür sosial xidmətləri təmin etmək və gəlir bərabərsizliyindən yaranan
    təbəqələşməni balanslaşdırmaq üçün hər kəsdən öz qazancına uyğun vergi (proqressiv vergi
    sistemi) alır. Təsadüfi deyil ki, İsveç Avropa ölkələri içərisində təbəqləşmənin ən az olduğu ölkədir.
    Bu gün demokratiya və rifah indekslərində dünya öncülləri olan Skandinav ölkələri məhz sosial-demokratiyanın
    sayəsində bu zirvəyə çatıb. Skandinav modelinin bu uğurunun əsasında, qısaca
    desək, demokratiya, güclü cəmiyyət,güclü iqtisadiyyat üzərində qurulan güclü dövlət formulu
    dayanır.

    Qeyd: Skandinav ölkələrindəki sosial dövlət modeli, bu gün dünyanın bir çox ölkələrində tətbiq
    olunduğu iddia edilən "sosial dövlət" modelindən böyük ölçüdə fərqlənir.
    Günümüzdə alturist strukturu və individualizmi bir arada saxlaya bilən yeganə model-Skandinav
    modelidir. Fikrimcə, Skandinav modelinin uğur sirri də elə bundadır. Bu modeli digərlərindən
    fərqləndirən, onu bu cür nümunəvi model səviyyəsinə çatdıran, fərdi mənafelərlə ümuminin
    mənafeyini birləşdirməsidir.

    Sakit Mahmudov

    31 mart,20 yanvar,26 fevral .....

    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur....

    Millətləri var edən simvollar və dəyərlər. Türk millətinin millətləşmə problemi.

    Hər millətin onu təcəssüm etdirən bir simvolu, predmeti vardır....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...



© 2017 Milliyyətçi Hərəkat