3 əsrdir bizə unutdurulmağa çalışılan gerçək milli kimliyimiz

    Kategori: Bloq Tarih: 19-04-2017, 23:09
    Yazıma ilk öncə millət anlayışının ümumi və başa düşülən lakonik tərifi ilə başlamaq istəyirəm:

    3 əsrdir bizə unutdurulmağa çalışılan gerçək milli kimliyimiz


    "Millət — İnsanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi".

    Millət anlayışı və millət olmaq prosesi xeyli uzun, məşəqqətli və illərin hər tip sınağından uğurla keçməyi tələb edən bir hadisədir. Etnoqrafiya elminin nəzəri aspektinə toxunsaq, onu qeyd etmək olar ki, bir milləti millət edən əsas anlayışlar bunlardır:
    1) Dil 2) Konkret etnik ərazi vahidliyi 3) Məişət və mədəniyyət ümumiliyi və s.

    Milli özünüdərk prosesini də bu nəzəri anlayışa aid etsək hər halda bir çox etnoqrafların və fikir adamlarının fikrincə yanılmarıq.
    Məşhur türkçü alim Ziya Göyalpın “Türkçülüyün Əsasları” əsərində isə millətin tərifi belə verilir: “Millət dili, dini, əxlaqı eyni olan yəni eyni tərbiyəni almış fərdlərdən təşkil olunan bir toplumdur”.
    Ümumiyyətlə biz bu gün fəlsəfə tarixi kitablarına müraciət etsək, millət nədir və o necə olmalıdır sualına, bəzən eyni, bəzən də müxtəlif cavablar tapa bilərik.
    Bu yazımda millət anlayışına və onun əsas nəzəri hissələrinə qısaca toxunsam da, bu mövzunun üzərində çox qalmaq istəmirəm və yazının əsas mövzusuna keçmək istəyirəm.
    Bildiyimiz kimi Azərbaycan türkləri min illərdir bu torpağın bu ölkənin hətda daha tarixi və geniş şaxəli götürsək, Bütöv Azərbaycanın əsas, başqa bir dillə desək ana etnosudur. Yuxarda millət anlayışının və bir etnosun formalaşmasının heç də asan bir tarixi prosedur olmadığına qısada olsa toxunduq. Azərbaycan türkləri də öz milli kimliklərinə bu tarixi keçidlərdən üzü ağ çıxmaqla yiyələnmiş və özünü bir millət kimi formalaşdırmağı bacarmışdır. Bu gün bir Azərbaycan türkü öz gerçək milli kimliyini dərk edir və bunu ətrafındakılara aşılaya bilirsə, deməli Azərbaycan türkü hələ də var, yaşayır və yaşayacaq.
    Tarixin qanlı qadalı səhifələrindən keçən Azərbaycan türkləri bir çox itkilərlə üzləşsə də heç vaxt milli kimlik şüurunu itirməmiş, nəyin bahasına olursa-olsun onu qoruyub saxlamağı bacarmış və gələcək nəsillərə ötürmüşdür. Çar Rusiyasının Azərbaycanda apardığı müstəmləkəçilik siyasəti və Azərbaycan türklərini assimilyasiyaya uğratmaq cəhdi, 19-cu əsrin ortalarından başlayaraq ölkəmizdə milli ziyalı təbəqələr tərəfindən əsası qoyulan milli özünüdərk və maarifçi hərəkatını şilləsi ilə geri oturduldu və hətda bu hərəkat illər sonra nəinki Azərbaycanda, bütün Türk dünyasında və müsəlman şərqində ilk demokratik parlamentar cümhuriyyətin təməl sütununu atmış oldu. (1918-ci il AXC) Azərbaycanda qazanılmış bu siyasi müstəqillik təxminən 2 əsrə kimi uzun bir müddətdən sonra Azərbaycan türklərinin dilini və milli kimliyini özünə qaytararaq, bir milləti millət edən bu 2 əsas amili milli dövlət çərçivəsində rəsmiləşdirmiş oldu. Beləki Səfəvilərin süqutu, milli pərakəndəlik, parçalanma, ardıcıl istila və müstəmləkəçilikdən bu yana Cümhuriyyətin qurulması ilə Türk dili rəsmi olaraq dövlət dili elan edilmiş, türk milli kimliyi isə rəsmən geri qaytarılmışdır.
    Lakin təəssüfki bu tarixi və siyasi uğur 23 aydan çox dözə bilmədi. Təməlində mükəmməl bir məktəbin dayandığını başa düşən Bolşevik Rusyası başqa yol tapa bilməyəcəyini dərk edib, zor və hərb gücünə qeyri bərabər mübarizədə Azərbaycan Cümhuriyyətini istila etdi. (1920-ci il 28 Aprel)
    Elə Azərbaycan türklərinin milli kimliyinin zorla əlindən alınması və birbaşa Stalinin rəhbərlik etdiyi "Qondarma millət" proyekti bu istiladan sonra işə düşdü.

    3 əsrdir bizə unutdurulmağa çalışılan gerçək milli kimliyimiz


    Əslində Sovet Hökümətinin 1937-ci ilə qədərki hakimiyyəti illərində müxtəlif konstutisiya dəyişikliklərinə baxmayaraq, türk milli kimliyi və türk dili konstutisiyada öz qüvvəsində qalmaqda idi. Arxivlərdən də açıq aydın görmək olar ki, Sovet hakimiyyətinin ilk illərində yaşayan hər bir Azərbaycan türkünün vətəndaşlıq kimliyində milliyyəti və yaxud başqa bir dillə desək etnik mənsubiyyəti bölümündə Türk milli kimliyi sözü görünürdü və dil olaraqda Azərbaycan SSR-nin ana dili rəsmi olaraq türk dili idi. Ancaq 1937-ci ildəki Stalin proyektlərinə əsasən min illik dilimiz və milli kimliyimiz zorla əlimizdən alınaraq, dəyişdirilmiş və Sovetlərin "Qondarma millət" proyekti nəticəsində, gecə etnik mənsubiyyəti türk olaraq yuxuya gedən bir millət səhər oyandığında özünü etnik mənsubiyyəti azərbaycanlı olaraq görmüşdür.

    Sovetlərin bu proyekti əsasən 2 nəticəyə xidmət edəcəkdi:
    1) Azərbaycan türklərinin milli mənsubiyyətinin əlindən alınması ilə onları türk arealından çıxardaraq, tamam ayrı bir millət olaraq göstərmək, onlara öz milli kimliyini soy kökünü dilini bütün milli tarixi və mədəniyyətini unutdurmaq.
    2) Bununla da bir milləti etnik psixoloji mövqedən sındıraraq manqurtlaşdırmaq.

    Elə Stalinin məşhur "Qırmızı terror" adlı repressiyasına 1937-ci ildən start verilməsi yəqin ki təsadüfü deyildir. Burdan da açıq aydın görünür ki, o vaxtın milli şəxsləri və milli ziyalıları bu əks milli təbliğata və manqurtlaşdırma siyasətinə qarşı çıxmış və bunun bədəlini öz canları ilə ödəmişdir. Bütün bu tarixi faktlar bir daha göstərir ki, azərbaycan türkləri öz milli kimliyi və milli tarixlərinin zorla qəsb edilməsinə biganə qalmamış, bu yolda son nəfəslərinə və son damla qanlarına qədər mübarizə aparmışlardır. Bu mübarizə yolunda yüz minlərlə ziyalımız və insanımızın son dayanacaq yeri isə ya uzaq Sibir çölləri ya da Nargin adası olmuşdur.
    Lakin 70 illik bu əsarətə baxmayaraq xalqımız nə özlüyünü nə də milli mənsubiyyətini unutdu. İstila etdiyi xalqları manqurtlaşdıraraq öz vassalında saxlayan Sovet Höküməti də bir gün bu işğal zəncirinin qırılacağını bilirdi. Bunun bariz nümunəsidir ki, 1980-ci illərdən müxtəlif ölkələrdə başlayan Milli Azadlıq hərəkatları, Sovetlərin bu siyasətini və quruluşunu yerlə yeksan edərək iflasa uğratdı. Ölkəmizdə də başlayan oyanışın nəticəsi olaraq Azərbaycan xalqı 70 illik istila dövründən sonra yenidən milli istiqlalını bərpa edərək öz gerçək kimliyini və dilini geri qaytarmış və bunu uzun zaman kəsimindən sonra Milli Dövlət səviyyəsində rəsmiləşdirmişdir.

    3 əsrdir bizə unutdurulmağa çalışılan gerçək milli kimliyimiz


    1991-ci ildə qazanılmış dövlət müstəqilliyinin ardından qəbul edilmiş mühüm qanunlardan biri də heç şübhəsiz ki, türk dilinin dövlət dili olaraq qəbul edilməsi və türk milli kimliyinin bərpa edilməsi idi.
    Lakin dövlət müstəqilliyinin bərpasına baxmayaraq 1993-cü ildəki məlum hadisələr və ölkədəki hakimiyyət dəyişikliyi yenidən türk dilini və türk milli kimliyini qısıtlayaraq onu arxa plana atdı. Beləki 1995-ci ildə qəbul edilmiş yeni konstutisiyaya əsasən Azərbaycan Respublikasının dövlət dili Türk dili deyil, Azərbaycan dili kimi Azərbaycan türklərinin etnik mənsubiyyəti isə türk olaraq yox, azərbaycanlı kimi qələmə verildi. Bu daxili ictimai siyasi manevri o vaxtki hakimiyyət, dövrün gedişatına və tələbinə görə məcburiyyətdən başqa, dönəmin xarici qüvvələri tərəfindən ölkədə süni şəkildə yaradılan etnik qarşıdurmaların qarşısını almaq və Azərbaycandakı bütün millətləri (türk, talış, ləzgi, tat və s.) Azərbaycanlı milli kimliyi altında birləşdirərək Azərbaycanda milli birlik yaratmaq kimi doktrina olaraq istifadə etdiyi də güman edilir. Lakin məsələyə elmi və tarixi aspektdən dərin nəzər salsaq görərik ki, azəbaycanlı ifadəsinin etnik mənsubiyyət olaraq göstərilməsi böyük yanlışdır və mümkün deyil. Azərbaycanlı anlayışı sadəcə siyasi vətəndaşlıq olaraq istifadə edilə bilər və şəxsi fikrimcə təqdirə layiqdir də. Ancaq o vaxt qəbul edilmiş yeni qanuna əsasən azərbaycanlı həm siyasi vətəndaşlıq kimi həm də etnik mənsubiyyət kimi qəbul edilmişdi. Halbuki qəbul edilmiş qanunda azərbaycanlı siyasi vətəndaşlığı bildirsə (bir növ üst kimlik deyək) yəni, etnik mənsubiyyətindən aslı olmayaraq Azərbaycan Respublikasında yaşayan hər bir ölkə vətəndaşı azərbaycanlı adlı siyasi vətəndaşlıq kimliyi altında birləşsə, bununla yanaşı ən azından alt kimlik olaraq da hər bir kəsin etnik mənsubiyyəti qeyd olunsa (türk, talış, ləzgi, tat və s.) bu həm milli ictimayi açıdan, həm də elmi açıdan daha məqsədə və məntiqə uyğun olardı.
    Məlum zaman kəsimindən 22 il uzun bir müddət keçməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də türk milli kimliyi geri qaytarılmamışdır.

    Toğrul Əmiraslanlı

    31 mart,20 yanvar,26 fevral .....

    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ ?!

    Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir....



© 2017 Milliyyətçi Hərəkat