YENİ NƏSİL MİLLİYYƏTÇİ HƏRƏKAT

    Kategori: Milliyyətçi Hərəkat / teklif / Siyasət Tarih: 22-04-2017, 14:48
    YENİ NƏSİL MİLLİYYƏTÇİ HƏRƏKAT

    Yazının ilk bölümü: Birinci nəsil milliyyətçi hərəkat
    Yazının ikinci bölümü: İkinci nəsil milliyyətçi hərəkat
    Daha geniş ideoloji fikirlərimiz: Bəyannamə

    Müstəqil Azərbaycan Respublikası daxilindəki ümumi yarıtmaz vəziyyət, xaricdəki soydaşlarımızın düşdüyü durum və dünyada gedən mədəniyyətlərarası mübarizədə yox olmaq təhlükəsi səbəbindən doğan əski qüdrətin bərpası və çağdaş inkişafa çatmaq zərurətindən hal-hazırda 3-cü nəsil milliyyətçi hərəkat yaranıb böyüməkdədir. 2000-ci illərin əvvəllərində qurulan bir neçə qısaömürlü təşkilat 3-cü nəsil hərəkat üçün ilkin rüşeym rolunu oynadı. Lakin, bu rüşeymin böyüyüb hərəkata çevrilməyində 2012-ci ildə qurulan Milliyyətçi Gənclər Təşkilatının böyük payı var.

    YENİ NƏSİL MİLLİYYƏTÇİ HƏRƏKAT

    2 və 3-cü nəsillər arasındakı qısa fasiləyə baxmayaraq, var olan mühit, Qarabağdakı məğlubiyyətin qisas hissi, milli kimliyin əldən alınmış halda qalması 3-cü nəslə kifayət qədər körükləyici-passionar enerji verir. Bu nəsil özündən öncəki 2 nəsildən dərs çıxarmaq şansına malikdir. Lakin gedilən yol özündən əvvəlki hər 2 nəsildən fərqlənir. Bu isə başlıca anlayışın tələbi ilə baxış bucaqlarının zamana uyğunlaşmasına görədir. Zamanın texnologiya, informasiya fırtınası zamanı olması, bu nəslə daha çevik olmaq, daha çox genişlənmək imkanı yaradır. 3-cü nəsil hərəkat bəzi özəlliklərinə görə daha qabaqcıldır: özlərinin yeni nəsil hərəkat olduğunu dərk edir, keçmişi, bu günü və gələcəyi analiz edib öncədən hazırlıq görür, uzunmüddətli strateji planlaşdırma aparır, ən əsası isə hərəkat bütün 50 milyonu əhatə edir. Hərəkatda milliyyətçilikdən əlavə, türkçülük də geniş yayılıb. Belə ki, milliyyətçilərin əksəriyyəti həm də türkçüdür. Lakin, təbii olaraq milliyyətçilik- 50 milyonun maraqları ön sırada, türkçülük- türk superetnosunun digər 150 milyonunun maraqları isə 2-ci sıradadır.
    Qeyd olunduğu kimi, bu hərəkat bəlli bir səbəbdən doğan zərurətdən dolayı ortaya çıxıb. Bu zərurətdən “böyümək istəməyən millətlər kiçilməyə məhkumdurlar.” fikrinə əsaslanan və bir-biri ilə bağlantılı 3 məramdan ibarət bir istək yaranır :

    Güclü millət - Güclü dövlət - Yüksək rifah.

    Güclü millət dedikdə, 50 milyonluq milliyyətin davamlı inkişaf edən mədəniyyətə, savadlılığa, yüksək milli şüura, milli birliyə, milli mənliyə malik olması, millətə çevrilməsi nəzərdə tutulur.

    Güclü dövlət dedikdə, tarixi dövlətçilik sınırlarımız daxilində, milliyyətimizin yaşadığı yer ilə milli maraqlarımıza uyğun gələn yaxın ətraf bölgələrin uzlaşdırılması sonucunda yaranan əraziyə, güclü iqtisadiyyata, idarəetmə mexanizminə, elmə, səhiyyəyə, təhsilə, orduya malik, milli maraqlar əsasında fəaliyət göstərən dövlət nəzərdə tutulur.
    Qeyd: Dövlət sərhədlərimiz müxtəlif qaynaqlarda müxtəlif cür verilmiş hansısa tarixi-coğrafi ərazi vahidlərinin sərhədlərinə uyğun gəlmək məcburiyyətində deyil. Milli maraqlar naminə irridentizm – yayılmaçılığımızın yönələcəyi ərazilər soydaşlarımızın yaşadığı bölgələrdən əlavə, iqtisadi, siyasi olaraq strateji önəm daşıyan, regionda bizə üstünlüklər vəd edən ərazilər olacaqdır. Ərazi sərhəddinin formalaşması, eyni zamanda yayılmaçılığın gerçəkləşdiyi zamanda ölkədaxili və ölkəxarici faktorlardan da önəmli dərəcədə asılıdır.

    Yüksək rifah dedikdə isə, vətəndaşların yüksək yaşam standartları ilə təmin olunması nəzərdə tutulur.

    Hərəkat ümumilikdə 2 mərhələdən ibarətdir: ictimai və siyasi.

    İctimai mərhələ bütün 50 milyonluq milliyyəti əhatə edir. Bu mərhələdə milliyyətin milli şüurunun inkişaf edərək milli amala yiyələnməsi, ayrılmış parçaların yenidən bir-birinə inteqrasiyası, xaricdəki soydaşların tam təşkilatlanması, hər sahədə ixtisaslı kadrların yetişməsi təmin olunmalıdır. Bütün bu işlərin görülməsi, mərkəzləşdirilmiş qaydada plan üzrə getməsi üçün bir qərargaha-təşkilata ehtiyac var. Bu rolu isə ən mütəşəkkil təşkilatlanmaya malik MGT üstlənir. Yalnız bütün bunlar tam gerçəkləşdikdən sonra siyasi mərhələyə keçid mümkündür.

    Siyasi mərhələyə keçid yalnız Azərbaycan Respublikasında baş verməlidir. Bu mərhələ son mərhələ olmaqla istəyin tam gerçəkləşməsinə qədər davam edəcəkdir. Yetişən ixtisaslı milliyyətçi kadrların dövlət idarəetməsinə gəlməsi, ardından kompleks islahat paketi ilə dövlətin təməlinin gücləndirilməsi, sonrakı addım olaraq bəlli bir kurs üzrə iç və dış siyasət sonda hərəkatın istəyinin tam gerçəkləşməsi ilə nəticələnəcəkdir.

    Mühüm baxış bucaqları

    1) İdeologiya şəxsiyyətlərdən asılı deyil. İdeologiyanın şəxsə yox, şəxsin ideologiyaya bağlılığı və xidməti əsasdır. Hər hansı tarixi və ya hazırkı bir şəxsi etalon olaraq qəbul etmək, şəxsin həyat yolunu və fikirlərini ideologiyanın prinsiplərinə, baxış bucaqlarına çevirərək ona tabe olmaq yolverilməzdir. Unudulmamalıdır ki, ideologiyanın başlıca anlayışı milli maraqların təminidir. Milli maraqlar isə müxtəlif dövrlərdə müxtəlif cür, yəni, zamanın tələbinə uyğun hərəkət etməyi tələb edir.
    2) Din insanların özəl seçimidir. Zərərli inanclar istisna olmaqla, insanlar dini seçimlərində azad olmalıdırlar. Din insanın özəl həyatı ilə bağlıdır və ictimai münasibətlərə siraət etməməlidir. Dini xurafat və ehkamlara qarşı mübarizə vacibdir. İnanclardan asılı olmayaraq ibadətlərin ana dilində olması daha məqsədəuyğundur. Hüquqən heç bir inanca üstünlük verilməyərək hamısının qanun qarşısında bərabər sayılması fərqli inancların bərabər inkişafına zəmin yaradır və milli birliyə zərər verə biləcək dini toqquşmaları böyük ölçüdə sovuşdurur. Təhsil sisteminin dünyəvi xarakter daşıması vətəndaşların çağdaş dünya standartlarına uyğun gələn ixtisaslı kadrlar olaraq yetişmələri üçün mütləqdir. Ümumilikdə, dünyəvi dövlət modeli inkişafa şərait yaradan amillərdəndir.
    3) Titul etnos türklərlə birgə milli sərhədlər daxilində qalan bütün yerli əhali “azərbaycanlı” vətəndaş kimliyində birləşərək bərabərhüquqlu şəkildə yaşamalıdırlar. Geniş bir coğrafiyada parçalanmış olaraq yayılmamıza baxmayaraq, eyni bir türk dilində danışan 50 milyonluq milliyyətimiz üçün ən uyğun birləşdirici milli kimlik “türk” adıdır. Bununla yanaşı, “azərbaycanlı” adı öz gələcəyini burada görən və ölkəmizdə tarixən birgə yaşayan bütün insanların istinad edə biləcəyi vətəndaş kimliyidir və hər kəs bu kimlik daxilində bərabərhüquqludur.
    4) İqtisadiyyat ölkədəki yerli duruma uyğunlaşdırılmış “qarışıq iqtisadi sistem” əsasında qurulmalıdır. İqtisadiyyatda milli modellər arasında Skandinav modelinin prinsipləri iqtisadi inkişafa çatmaq və yüksək rifahın təmin olunması baxımından daha münasibdir. Bu prinsiplərin xalqın xarakterini, ənənələrini və yerli durumu nəzərə alıb, ölkəyə uyğunlaşdırılmış bir model halında tətbiq edilməsi gərəkdir.
    5) Dövlət idarəçiliyində qərarvermə və icra prosesi öz sahəsində ixtisaslaşmış milli kadrların səlahiyyətində olmalıdır. İdarəetmə strukturlarında ancaq bilgi, təcrübə və bacarıq sahibi olan milli insanların yer alması hər bir sahədə faydalılıq və səmərəliliyi təmin edir.

    Son söz

    Şübhəsiz ki, fani həyatda bir gün yaranan bir gün də sonlanacaq. Eləcə də istəyimiz tam gerçəkləşəndə, səbəb aradan qalxıb, zərurət yerinə yetiriləndə hərəkat da körükləyici enerjidən məhrum olacaq. Ancaq, bir şeyi qoruyub saxlamaq, onu əldə etməkdən daha çətindir. “Güclü millət-güclü dövlət-yüksək rifah” istəyimiz gerçəkləşəndən sonra bunların qorunub saxlanılması, inkişaf etdirilməsi və digər yeni məsələlər də ortaya çıxacaqdır. Ona görə də, o dövrün şübhəsiz ki, özünəməxsus səbəbi, səbəbdən doğan zərurəti, zərurətdən yaranan istəyi olacaqdır. Beləliklə, millətləşmə sürəci tamamlandıqdan sonra, təbiətin “enerjinin itməməsi və bir cisimdən başqa cismə keçməsi” qanununa uyğun olaraq, zamanın çağırışına cavab kimi, gələcəkdə 4-cü nəsil millətçi hərəkatın da yaranması labüddür. Nəticə etibari ilə, ideologiya və hərəkatı daima var olacaq, milləti də var edəcəkdir!

    Hazırladı: Zakir Kərimli, Milliyyətçi Gənclər Təşkilatının İdeoloji şöbə üzrə idarə heyəti üzvü

    3 bölümlü "Yeni nəsil milliyyətçi hərəkat" məqaləsi İdarə heyəti, yükümlülərin ortaq qərarı əsasında təsdiq edilmiş MGT Bəyannaməsindən bir parçadır.


© 2017 Milliyyətçi Hərəkat