Gənc Türk(çü)lərə Çağrı

    Kategori: Bloq Tarih: 27-04-2017, 01:42
    "Biz(Türklər) dörd bir yana yayılmışdıq", "ayaq basdığımiz yerləri Vətən edirdik", ", nə oldu ki, bu duruma gəldik?", " yenidən güclü olmaq üçün birləşməliyik" və s bu tipli yazıları çox görürük.

    Gənc Türk(çü)lərə Çağrı


    Bunları hər birimiz anlayırıq. Ancaq anlamaqda çətinlik çəkdiyimiz ən əsas məsələ günün şərtlərində mübarizə üsullarının fərqli olmasıdır ki, biz elə burada uduzuruq.
    Özümüzə Türk deməklə, milliyyətçiyəm deməklə vəzifəmiz bitmir. "Keçmişdə belə güclü idik, elə güclü idik" deməklə, bozqurd şəkilləri paylaşmaqla ciddi heç nəyə nail olmayacağımız dəqiqdir. (Tariximizi bilmək lazımdır əlbəttə, rəqəm əzbərləmək xatirinə yox, dərs çıxarmaq üçün, gələcək üçün).
    İndi orta əsrlər deyil ki, toplaşaq lider seçək, düşmənin üzərinə gedək. Bu gün mübarizələr tam fərqli formalarda aparılır. Bu gün güc elmdir, texnologiyadır, güclü iqtisadiyyatdır, inkişaf etmiş sənayedir. Bu gün güclü millət olmaq üçün savadlı olmaq ilkin şərtdir. Savadlı bir toplumu heç bir qüvvə istədiyi kimi yönəldə bilməyəcək.

    Qardaş ölkədəki referendum bizə göstərdi ki, təkcə vətənpərvərlik kifayət etmir. İndi orta əsrlərdə olduğu kimi işğallar açıq müharibə yolu ilə aparılmadığına görə toplum məmləkətdə və dünyada gedən prosesləri qavramaq və analiz etmək qabiliyyətinə malik olmalıdır. Əks halda ya imperialist qüvvələrin, ya da bir qrup şəxslərin sırıdığı fikirləri və ideologiyaları qurtuluş deyə qucaqlayacaqlar. Bu cür toplumlar demokratik seçki haqqına sahib olsalar belə düzgün olmayan, hətta ölkəni uçuruma sürükləyəcək qərarlar verə bilirlər.

    Son 200-300 ildə Azərbaycan da daxil Türk dünyasının durumunun heç yaxşı olmadığı bəllidir. Türklüyün yox edilməyə çalışılması ilə təbii olaraq 19-cu əsrdə türkçülük fikri meydana çıxıb yayılmağa başlanmışdı. Yurdsevərlər, ziyalılar xalqın maariflənməsi işləri görür, unutdurulmaq üzrə olan Türk kimliyini xalqa aşılayırdılar. (19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində istər Türkiyədə, istərsə də Rusiya imperiyası daxilində millətçilərin gördüyü işlərdən çox danışmaq olar) Davamında AXC-ni yaradanlar, qurtuluş savaşını başladıb Türkiyə Cümhuriyyətini quranlar, 80-ci illərin sonlarında azadlıq hərəkatını başladıb bağımsızlığımızı yenidən bərpa edənlər də türkçülər idi. Bu gün Türk millətini çətin vəziyyətdən qurtaracaq olanlar da yalnız onlardır. Qəbul etməliyik ki, istər Azərbaycanda, istər digər ərazilərdə yaşayan Türklər inanclarına görə yaşayan, siyasi və iqtisadi həyata qarışmayan, yalnız istehlak edən toplum halına gətiriliblər. Düşdüyümüz çətin vəziyyətdən qurtulmaq, millətimizin irəlilələməsi, dünyanın çağdaş millətləri arasında elmi ixtiralar edən, kosmosu tədqiq edən millət halına gətirilməsi yenə bizim əlimizdədir. İlk öncə özümüzdən başlayacağıq, oxuyacağıq, araşdıracağıq, soruşacağıq, analiz edəcəyik. Özümüzü inkişaf etdirsək 1 nəfər var deməkdir. Daha sonra bütün şəxsi mənfəət və eqolarımızı bir kənara buraxaraq milli mənafe uğruna birləşməliyik. Unutmayaq, vaxt əleyhimizə işləyir.

    Dəyanət Əliyev


© 2017 Milliyyətçi Hərəkat