AZƏRBAYCAN XALQININ LİDERİ RƏSULZADƏ

    Kategori: Bloq Tarih: 29-05-2017, 00:44
    Həm tariximizin, həm də insanlarımızın yaddaşından heç vaxt silinməyəcək möhtəşəm tarix. 1918-ci il 28 May.
    Tiflisdə qurulan müstəqil, demokratik Azərbaycan dövləti... İdarəetmədə də özünü doğruldan müstəqil və demokratik Azərbaycan...

    AZƏRBAYCAN  XALQININ  LİDERİ  RƏSULZADƏ


    1 əsrdən çox rus istilasında olan bir xalq üçün, necə şanlı bir tarix başlayırdı. Bu bir əsrdə kimliyindən xəbərsiz neçə insanlar doğuldu və vəfat etdi. Bu xalq azadlığı, müstəqilliyi ilk və son dəfə məhz o tarixdə daddı. Tarixin bu parlaq səhifələrinə keçmədən öncə, qara, kirli səhifələrini açmaq lazımdır. Xanlıqlar dövrü, Azərbaycanda gedən sürətli parçalanma və Gülüstan müqaviləsi ilə varlığına xitam verilən Azərbaycan. Gülüstan müqaviləsi Azərbaycanın parçalanmasının, kimliyinin süquta uğradılması üçün atılan addımların başlanğıcı oldu. Bu dövrdə hələ də feodalizm hökm sürür, idarə etmə üsulu isə mütləq monarxiya idi. Rusiyanın məqsədli şəkildə özünə nisbətən Azərbaycanda feodalizm sistemindən gec çıxışına çalışması, təbii ki, Azərbaycandakı əsas inkişafı da dayandırırdı. Belədə oldu. Bununla yanaşı, Rusiya dövlət idarələrində azərbaycanlılara heç bir yer verilmirdi. Bu “uzaqgörən siyasət” AXC-nin süqutunun ən əsas səbəblərindən biri oldu. Kadr çatışmazlığı. Rusiya bununla yanaşı, təhsil almağa çalışan azərbaycanlıları da təhsildən məhrum buraxmışdır. Sinfi fərqlər, əzilən insanlar və ən böyük təhlükə unudulmaqda olan kimliyimiz və dilimiz. Belə bir aforizm var, bir xalqın mədəniyyəti və dili məhv olubsa, o xalq artıq silinib deməkdir. Xalqımız bir əsr boyunca bunu qorumağa çalışsalar da, zərurətdən dolayı rus-dili sürətlə yayılırdı. Ən ağrılı məsələlərdən biri isə ordu idi, beləki Azərbaycan xalqı ordudan uzaqlaşdırılmışdır. Bunun əsas səbəbi qiyam qorxusu idi. Qorxuya əsas da var idi, çünki biz ərəblərə, farslara meydan oxuyan xalq idik. Ən böyük siyasəti ”parçala və hökm sür” olan Rusiya etnik və dini çarpışmanı Azərbaycanda da salmışdır. Belə ki, erməni-müsəlman davaları buna ən böyük sübütdur. Ermənilərin bu vaxtadək xalqımıza qarşı törətdikləri ən böyük qırğınlardan biri məhz 31 Mart soyqırmı idi. Təbii ki, bu işdə Rusiyanın əli və dəstəyi olmasaydı, 50 minə yaxın soydaşımızı itirməzdik. Rusiya artıq özü üçün təhlükəni hiss etdiyindən həmişəki kimi ermənilərdən istifadə edib, “Müsavat” partiyasının sosial bazasını zəiflətmək və milli hərəkatın qarşısını almaq üçün qırğına əl atdı. Xalqa kimliyi unutdurmaq üçün edilən ən böyük terror, rus millətinin daha üstün olmasının, xalqın şüuruna yeritmiş olmaları idi. Xalqımızı ikincilik sindromuna salıb, dilimizi sıradan çıxarırdılar. Belə ki, bütün dövlət qurumları rus-dilində fəaliyyət göstərirdi. Diqqət etsək, Azərbaycan Xalq Cümhuriyyətindən sonra qurulan Sovet Sosialist Respublikasında da eyni siyasət davam etmişdir. Bugün bunun canlı sübutu yaşlı nəslimizdir, əksəriyyəti rus-dilli və ruspərəstdir, eyni zamanda onlar rusları özlərindən üstün görürlər. Sovet Sosialist Respublikası qurulandan sonra “türk” kimliyi sıradan çıxmışdır, bugün məhz buna görə yaşlı nəsil bu kimliyi qəbul edə bilmir. İstədiyimiz məlumatı göz qırpımında əldə edə biləcəyimiz zamanda insanlar bunu qəbul edə bilmirsə, təsəvvür edin həmin dövrdə nələr olub. Məhz buna görə də, Azərbaycan Xalq Cümhuriyyəti zülmətdən doğan işıq, tariximizin ən parlaq səhifələridir. Bu dövrdə rusların xalqımıza qarşı etdiyi mənəvi və fiziki təcavüz artıq müstəqil ölkənin yaranmasını zəruri edirdi. Bolşeviklərin anti-Azərbyacn siyasəti, Mart soyqırmı bunlara nümunədir. Mayın 27-də Zaqafqaziya seyminin Azərbaycan fraksiyası Müvəqqəti Milli Şura yaradılması haqda qərar qəbul etdi. Milli Şuranın rəhbəri M.Ə. Rəsulzadə seçildi. Milli Şura Azərbaycan Respublikasını müstəqil elan etdi. Bu bayram xəbəri qısa zaman da yayıldı. Fətəli Xan Xoyski 30 Mayda müstəqilliyimizi bütün dünyaya bəyan etdi. Müstəqil ölkə Şərqdə qadına ilk səsvermə hüququ verən ölkə oldu. Milli Şura tərəfindən İstiqlal bəyannaməsi hazırlandı, hər müddəanı oxuyanda, demokratiklik prinsipinin mükəmməl şəkildə gözlənildiyi nəzərə çarpır. Nə digər xalqları tənqid edir, nə də hansısa xalqın kimliyini unutdurmağa çalışırdı.

    AZƏRBAYCAN  XALQININ  LİDERİ  RƏSULZADƏ


    İstiqlal bəyannaməsi

    1. Azərbaycan tamhüquqlu və müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və qərb hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur. “Hər xalq öz müqəddəratını həll etməlidir” prinsipini önə çəkən M.Ə. Rəsulzadə bunu bəyannamədə də göstərmişdir.
    2. Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir. İllərdir heç bir dövlət strukturunda insan kimi qəbul edilməyən xalqın nümayəndələri həmin gün hakimiyyətin mənbəyi oldular.
    3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləriylə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq. Hələ XIX əsrin sonun XX əsrin əvvəlləri feodalizm quruluşundan çıxan xalq üçün, belə bir müddəa, tamamilə şok effekti idi. Azərbaycanın müxtəlif ölkələrdə konsulluqları yaradıldı. Xalqlar arasında sıx əlaqə, mədəniyyətin inkişafına, eyni zamada bizə unutdurulmağa çalışan mədəniyyətimizə güclü təkan verdi.
    4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyəti və cinsindən aslı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir. Əsrlər boyu alçaldılan, ikinci plana atılan, yadelli tapdağından qurtulmayan bir xalq bugün öz ölkəsində ön plana çəkilir, tam hüquqlu insan kimi davranılır və öz talehini özü həll etməsinə imkan verilirdi.
    5. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq. Yaratdı da. Ruslardan fərqli olaraq, parçala və hökm sür yox, qardaşlıq siyasəti ilə Azərbaycan inkişaf etdirilirdi.
    6. Məclisi-Müəssisanın çağırılmasına qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti hökmət sayılır. Diqqət edin, xalqın səsverməsi yolu ilə seçilən, 20 il yox 20 əsrdə belə bu xalq səsvermə yolu ilə heç kimi hakimiyyətə gətirməmişdir. Yalnızca Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu mümkün olmuşdur. Bu dövrdə xalq artıq, müstəqilliyi, azadlığı, demokratikliyi dərk edirdi. Sözün əsl mənasında tam hüquqlu vətəndaş idi. Yarandığı ilk gündən belə M.Ə. Rəsulzadə bu xalqı, kimliyini özünə qaytarmağa çalışırdı və iki il içində bunu bacardı.

    AZƏRBAYCAN  XALQININ  LİDERİ  RƏSULZADƏ


    Təsdiq edilən bu bəyannamə ilə Şərqdə ilk demokratik parlamentli republika. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ən mühüm problemlərdən biri kadr çatışmazlığı idi ki, bunun səbəbini yuxarıda vurğulamışam. Yuxarıda qeyd etdiyim digər bir mövzu dil məsələsi idi, ruslar bizi öz dilimizi istifadə etməkdən məhrum etməklə, özümüzdən uzaqlaşdırmağa çalışsalarda, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu bərqərar oldu. Dövlət dilimiz yenidən,1918-ci il 27 iyun qərarı ilə türk-dili oldu. Rusların bizə unutdurmağa çalışdıqları “türk” kimliyimiz idi, amma Azərbaycan Xalq Cümhuriyyəti dövründə bunun əksini müşhidə edirik. “Türkləşmək” məsələsini oratlığa gətirən M.Ə. Rəsulzadə hər sahədə bunu biruzə verirdi. Hər bir xalqın atributları onun kimliyini təyin etsə də, Azərbaycan bundan məhrum idi. Cümhuriyyət dövründə Azərbaycan Respublikasının üç rəngli bayrağı yaradıldı. Rəsulzadənin özünün də ifadə etdiyi kimi, bu bayraq “TÜRK milli mədəniyyətinin, müasir Avropa demokratiyasını və İslam silvizasiyanı” özündə əks etdirir. Bunu bayrağın rənglərinin anlamında da görə bilərik.
    İstila dövründə orduya çağırılmayan xalq, demək olar ki, kadr çatışmazlığı kimi, ordu məsələsində də mühüm problemlər yaşadı. Xalq ordudan tamamilə məhrum edilmişdi. Cümhuriyyət dövründə bu işi öz üzərinə türk ordusu almaq istəsə belə Rəsulzadə buna imkan verməmişdir, xalqının ordu quruculuğundan da geri qalmasını istəməmiş və təlimlərə başlanılmışdır. Həmin dövrdə baş nazir, yaşlı olsa belə Səməd bəy Mehmandarov olmuşdur. Az-maz döyüşlərdə olmuş azərbaycanlılar ilə birgə çətinliklərdə olsa, 25000-ə qədər müxtəlif silahlı, topçu, süvari və piyada ordusu olmuşdur. Daha sonralar, vətəndaşlarımız erkən yaşlarından övladlarını orduya gətirmişlər. Onların da artıq müstəqil, demokratik ölkəyə böyük inamları vardı. Həm dənizi istila olunan, həm də dəniz sərvətləri talanan Azərbaycanda,15 sentyabr Bakı ələ alınandan sonra ticarət donanamları üzməyə başladı. Bu artıq qarşısı alınmaz inkişaf idi.
    M.Ə. Rəsulzadənin bu xalqa etdiyi ən böyük yaxşılıq isə Bakı Dövlət Universiteti və xaricdə təhsil almaq üçün xərcləri qarşılanan azərbaycanlı gənclər idi. Bu gənclər İtaliya, Fransa və b. ölkələrə göndərilirdi. Həmin dövrdə gimnaziyalar, məktəblər açıldı. İşin ən mükəmməl tərəfi isə bu məktəblərdə həm də qızların oxuya bilməsi idi.
    Məktəblər açılan kimi, türkcə dərsliklər hazırlanmağa başlandı. 1919-cu ildə Xalq Maarif Nazirliyinin təsis edildi. Bununla yanaşı,1918-ci ildə yenə, M.Ə. Rəsulzadənin təşəbbüsü ilə Qori müəllimlər seminariyasının şöbəsi Qazaxa köçürülmüşdü.
    Xalqın özünüxatırlamasının ən böyük təşəbbüskarı olan M.Ə. Rəsulzadə bunlarla yetinmədi, bütün yerlərdə türk-dilində axşam kursları təşkil etdi. Rəsulzadə bu xalqı özünə, kimliyinə, türklüyünə qaytardı, ona təhsil verdi. Bu yolda atılan ən mükəmməl addım, Azərbaycan vətəndaşlığı haqqında qanun idi ki, vətəndaşlar “türk” adlanırdılar.

    AZƏRBAYCAN  XALQININ  LİDERİ  RƏSULZADƏ


    Bakı-Culfa yolu, dəmiryolları, teleqraf xətləri, telefon xətləri bərpa edilmişdir. Neftdən daha səmərəli istifadə edilmişdir və artan xətt üzərindən inkişaf etmişdir. Boş buraxılan ərazilər, yenidən əkilmişdir. Rusların istilası zamanı, zülm olunan xalqa, bu dövrdə əmin-amanlıq, sülh gəlmişdir.
    Azərbaycan mədəniyyəti daima göz oxşayıb və bu da Rəsulzadə sayəsində daha da qabardılıb.
    Rəlsulzadənin qurduğu idarəetmə sistemində heç kim əzilmir, heç kimin mənliyi, kimliyi tapdalanmırdı. Belə ki, Cümhuriyyətin əsas idarəsi bütün vətəndaşların bərabər hüquqla yaşaması üzərindən qurulmuşdur. Azərbaycan vətəndaşı olduğu üçün hər kəsin hüququ saxlanılırdı. Türk-türk olmayan, kişi-qadın, din və sosial fərq olmadan hər kəs dövlət qarşısında bərabər, hakimiyyətin mənbəyi idi və dövlət qulluğunu da istədikləri vaxt müraciət edə bilərdilər. Göründüyün kimi, Rəsulzadə həmişə ki, kimi burda da başqa millət deyil, məhz “türk” kimliyini qabartmışdır.
    Şairlər, alimlər, elm, texnika heç kimin tərəfini tutmadan müstəqil fəaliyyət göstərirdilər. Söz, mətbuat, vicdan azadlığı o həddə idi ki, hər partiyanın müstəqil qəzeti, təşkilatı vardı.
    Millət məclisi bütün xalqın talehinə cavabdeh idi, onsuz heçbir qərar qəbul edilməzdi. Hökümət məclisin etimadın itirəndə düşürdü. Ortada hakim vasitədə yox idi. Parlament hakimi mütləq idi ki, bu da Avropada belə olmayan həqiqi bir Xalq Cümhuriyyəti idi.
    Beləliklə, M.Ə.Rəsulzadə başçılığı ilə qurulan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində bu xalq üçün çox böyük işlər gördü. Əsrlərlə öz torpağında ikinci bir şəxs kimi yaşamağa məcbur buraxılan xalq ilk dəfə özünü tam kimliyinə qovuşmuş hiss etdi, gah ərəbləşdirilməyə çalışan, gah ruslar tərəfindən məhv edilməyə çalışılan kimliyimiz özümüzə qayıtdı.

    AZƏRBAYCAN  XALQININ  LİDERİ  RƏSULZADƏ


    Dahilər vətəni, ilk dramaturq türk, ilk bəstəkarı türk, il qəzet yaradıcısı türk olan, əlifba islahatını ilk düşünən türk və Şərqdə ilk demokratik respublika quran yenə türk olan bir ölkəni ruslar məhv etməyə çalışdıqları anda Xalq Cümhuriyyəti meydana gəldi, Xalq Cümhuriyyəti iki il yaşasa belə, xalqa dirənc gücü verib, yarasına məlhəm oldu. Bu iki il 20 il demək idi. Bu iki il olmasaydı, biz özümüzü, kim olduğumu tamamilə unudub, manqurtlaşacaqdıq. Rəsulzadə bizə özümüzü, kimliyimizi, tariximizi xatırlatdı. Şanlı Azərbaycan tarixini.
    Bu iki ildə, biz türk əsgəri, türkdilli vətəndaş, türk idarəetməsistemi ola bilən və savadlı türk vətəndaşı olduğumuzu öyrəndik. Ruhun şad olsun, Öndər!

    Sən bizimsən, bizimsən durduqca bədəndə can
    Yaşa, yaşa ey şanlı Azərbaycan!

    Nübar Həsənzadə

    Rəsulzadə

    Düşündürüb məni də çox zaman bu suallar; Kim imiş Rəsulzadə, niyə anılır adı...

    31 mart,20 yanvar,26 fevral .....

    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur....



© 2017 Milliyyətçi Hərəkat